Bu gün Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevlə bağlı informasiya təxribatı edilib.
Atia.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsinin ən böyük pay sahiblərindən biri olan Hikmət Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı bir-sıra hakimiyyət yönlü saytın yaydığı məlumat DİN tərəfindən təkzib olunub.
Məlumatda deyilirdi ki, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinə oğru girib.
Hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib.
Evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib.
Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev dərhal məlumatı təkzib edərək iddiaları əsassız saydı:
“Sosial şəbəkələrdə Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin Abşeron rayonunda yerləşən evindən oğurluq edilməsi ilə bağlı iddialar yayılıb. Abşeron Rayon Polis İdarəsinə bununla bağlı hər hansı məlumat, müraciət daxil olmayıb. İddialar əsassızdır, həqiqəti əks etdirmir”.
Təhlükəsizlik məsələləri üzrə eksert Ərəstun Oruclu generalla bağlı yayılan məlumata sərt təpki verib və bunu təsadüfi saymayıb.
Onun sözlərinə görə, Hikmət Mirzəyevi bu cür informasiya ilə hədəfə gətirmək istəyənllərin bir məqsədi var: Generalı ləkələmək.
Ərəstun Oruclunun şərhini təqdim edirik:
“Filan sayt filan sayta istinadən xəbər verir ki, hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib. Evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib.
Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib.”
Bu “xəbərə” diqqət yetirin, zəhmət olmazsa və görün bizim düşüncələrimizi necə manipulyasiya etməyə çalışırlar. Bunu ortaya atanlar iddia edirlər ki:
1. General Hikmət Mirzəyevin evindən oğurluq olub – təhdid.
2. Generala külli-miqdarda maddi ziyan dəyib – böhtan, yəni general varlıdır və deməli o birisi bir çox oğru, rüşvətxor, cinayətkar, qatil generalların tayıdır.
3. Məlumata görə, ev H. Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib – ikinci bənddəki qarayaxmanın gücləndirilməsi, yəni, generalın hələ bir neçə mənzili varmış və hamısı da mühafizə olunur.
Deyəndə ki, bu ölkədə xalqın bütün ləyaqətli nümayəndələrini ləkələməyə çalışan və əksər hallarda da buna uğurla nail olan düşmənlər ordusu at oynadır, inanmırsınız”.
Adının açıqlanmasını istəməyən və xüsusi xidmət orqanlarının sabiq əməkdaşı AzToday.az-a açıqlamasında general Hikmət Mirzeyevlə bağlı yayılan yalan məlumatın arxasında kəşfiyyat orqanlarının durduğunu istisna etməyib:
“Məlumat bütövlükdə generalı şantaj etmək üstündə qurulub. Cümlələrin quruluşundan tutmuş ardıcıllığına qədər bötövlükdə mətn xüsusi xidmət orqanlarının “professional” işini özündə əks etdirir. Hikmət Mirzəyev 2014-cü ildən hədəfdə idi, 2016-cı ildə Aprel döyüşləri zamanı onu tamamilə bitirmək və rəhbərlik etdiyi elit hərbi hissəni sıradan çıxarmaq istəyirdilər. Ali Baş Komandan vaxtında Milli Ordunu hədəfə alan şəbəkəyə mane olaraq Hikmət Mirzəyevi qoruya bildi. Eyni senarini Dövlət Sərhəd Xidməti ilə bağlı da həyata keçirmək istəyirdilər. 44 günlük müharibədən əvvəl Azərbaycan mediasında Sərhəd Xidməti ilə bağlı yayılan məlumatlara diqqət etsəniz, hər şey sizə aydın olacaq. Vətən Müharibəsi də göstərdi ki, döyüşlərin taleyini böyük ölçüdə Hikmət Mirzəyevin komandanlıq etdiyi xüsusi təyinatlılar və Dövlət Sərhəd Xidməti həll etdi. Müharibənin ən məxfi planlarını bu iki qurum həyata keçirərək müvəfiqiyyət qazandı. Görünən budur ki, müharibəni udan bu iki general (Hikmət Mirzəyev və Elçin Quliyev red.) hazırda hakimiyyət daxilində böyük gücə çevrilən məlum şəbəkənin hədəfindədir…”.
Bölməyə aid digər xəbərlər