Tarixən ölkəmizin mədəniyyət beşiklərindən biri olan Şəkidə AYB-nin Şəki bölməsi fəaliyyət göstərir. Müasir dövrdə Şəkidə yaşayan şairlərdən Tural Adışirin və Zaur İlhamoğlunu, Balakəndən isə Aygün Sadiqi göstərə bilərik. Zaur İlhamoğlunun 2018-ci ildə “Bu həyat dediyin...” şeirlər kitabı işıq üzü görmüşdür. Zaurun şair və onun yaşantıları haqqında bir neçə şeiri vardır:
Şairin kimliyi şeirləridir. Misralar danışan, dinən dilidir. Bədbin şeirləri yaşadıqları, Nikbin şeirləri təxəyyülüdür.
Zaurun şeirlərində qaneedici fikirlər də tapmaq olur: “Yerində işlənməyəndə Ağıl başdan gileylənir”. Eləcə də, “Mən səni gözümdə ucaltmasaydım Sən necə salardın gözündən məni?” və ya “Məni məndən niyə soruşursan ki? Sən heç soruşdunmu özündən məni?” - misraları onun özünəməxsus ifadə formasının göstəricisidir.
Balakəndə yaşayıb-yaradan Aygün Sadiqin şeirləri də özünəməxsusluğu ilə seçilir. O, insanın daxili çəkişmələrini, özü ilə mübarizəsini obrazlı şəkildə belə ifadə edir: “Ona tələsir ürək, Ağıl deyir: “Dur görək!” Yasaqlar ildırımtək Başım üstə çaxır eyy...” - ilk iki sətir tərəddüdlərin səmimi etirafıdır. Son sətirlərdəki yasağın ildırımtək çaxdırılması isə bənzərsiz tapıntıdır. Şeirlərində qadın qürurunun nümayişi diqqətdən yayınmayan Aygünün sözün də qüruruna hörmət etdiyi, onu urvatlı tutmağa israrlı olduğu gözdən qaçmır:
Vüsal üçün biçilən ömür kəsir qalıbsa,
Ruhum sənə yoluxub sənə əsir qalıbsa,
Eşqə uzalı əldə sevinc nəzir qalıbsa,
Lənətdir... Alqış deyil.
Bizim dilimizdə çox ibrətamiz “yüz ölç, bir biç” deyimi var. Ömür isə başlanğıcı bəlli olsa da, sonu naməlum intervaldır. Ona görə də nə qədər dəqiqliklə ölçüb, vüsal üçün biçsən də, kəsirdən sığortalanmağın inandırıcı deyil. Bununçün ruhunu eşqin hədəfinə yoluxdurarsan, onun əlində əsir qalarsan, amma eşqə uzatdığın əldə sevincinin nəzir olaraq qaldığını görərsən. Bu nəzirin isə qəbul edilmədiyinə əmin olub, lənəti alqışlayarsan.
AYB-nin Oğuz filialının 2019-cu ildə üç almanax hazırladığını qeyd edə bilərik. Onlardan “Qəbələnin sözü” artıq işıq üzü görüb. Oğuz, İsmayıllı və Qəbələ rayonlarını əhatə edən bu filialın rəhbəri Vüsal Oğuz 2019-cu ildə Prezident təqaüdünə layiq görülüb. Onun 2018-ci ildə 9 hekayədən ibarət “Sonuncu sovqat” kitabı nəşr olunub. Kitabdakı hekayələrin dili səlis və rəvan, mövzuları tanış və müasirdir. Həm də klassik hekayə janrının tələblərinə cavab verən əsərlərdir. Təhkiyə və süjet oxucunu yormur, bununla belə bəsitlikdən söhbət gedə bilməz. “Sonuncu sovqat” şəhidlik mövzusundadır. Əsas detal şəkərburadır. Əsgərlikdə olan yeganə oğul övladının yanına getmək istəyən ataya onu dəfn etmək qismət olur. Ana isə oğluna bişirdiyi şəkərburanı gecə aparıb qəbrini qazıb oraya qoyur. Bu qısaca əhvalat hekayədə təsiredici şəkildə anladılır. “İyirmi birinci gün” hekayəsi isə 4-27 yanvar tarixlərində yazılmış gündəlikdən bəhs edir. Gündəliyin müəllifi maddi sıxıntıların caynağında əzilərək intihar edən gənc tələbə şairdir. Müəllif həmin sıxıntıların dözülməzliyi ilə oxucunu əsərin qəhrəmanının gündəliyi vasitəsilə tanış edir. “Çağırılmamış şaxta baba” hekayəsi yetimxanada böyüyən bir insanın müharibədə gözünü itirərək şaxtababa olmaq məcburiyyətində qalmasından bəhs edir. Tale onu aprel döyüşlərində yanında şəhid olmuş əsgər yoldaşının ailəsinin xilaskarına çevirir. “Çalış darıxma” və “Tanışlıq” hekayələrinin əsas motivi sosial şəbəkələrdən, “Nisyə”nin mövzusu isə məişət qayğılarından götürülüb.
Vüsal Oğuzun 2019-cu ildə yazdığı “Alman hesabı ilə çəkmə” hekayəsi “Bütün Qarabağ qazilərinin qarşısında baş əyirəm...” epiqrafı ilə başlayır. Hekayənin adındakı “nemeski şot”un bədəli çox ağır ödənilir. “İllərdir bu dükandan ayaqqabını belə alardılar: əvvəlcədən sözləşər, bura gələr, seçdikləri ayaqqabının hərəsi bir tayını götürərdi. Belə ucuz düşürdü - yarı qiymətə. Dükandakı alıcılar isə pəncərənin önündə üzünü tutaraq hönkürən satıcı qızın niyə ağladığını başa düşə bilmir, onu sakitləşdirməyə çalışırdılar” - cümlələri ilə yekunlaşan hekayənin təhlilinə sonluqdan başlamaq istəyirəm. İki kişinin ucuz və keyfiyyətli ayaqqabılar satılan dükandan bir- iki dəfə geyinilmiş, yaxşı vəziyyətdə olan ayaqqabıları lap “su qiymətinə” almaq məcburiyyətləri nədən idi? 1992-ci ildən bəri ölkədə çox şey dəyişsə də, onların bu alış-veriş qaydasının dəyişməməsinin səbəbi nədir? Əslində müəllif nəticə ilə səbəbin arasında qırılmaz bağlar qurmağı bacarır. Ayaqqabı alanlardan biri Albertdir. O iki il müxtəlif cəbhədə vuruşandan sonra ən təhlükəli postlardan birini özünə məskən seçmişdi. Yazıçı müəyyən qədər təsirli döyüş epizodları təqdim edir. Qəhrəmanlarının fədakar keçmişi haqqında oxucuda xoş təəsüratlar yaratmağı bacarır. Hadisələrin kulminasiya nöqtəsi isə “Albertin yanına çatmağı ilə düz yanlarında qumbaranın partlaması bir oldu” cümləsindən aydın olur. Vüsal Oğuz onların partlayışdan sonrakı davranışlarını da hörmətə layiq təqdimatla çatdırır: “Öz ayağının dizdən aşağı kəsildiyini biləndə heç ah-uf eləmədi. Albertdən utandımı, yoxsa onu da bu halda gördüyünə görə belə etdiyini özü də bilmirdi”. Xəstəxanada baş verən həmin hadisədən sonra əsərin düyünü açılır. “Deməli, o gecə bəxtləri gətirmiş, düşmən qumbarası nədənsə canlarını deyil, ayaqlarını “seçmiş”, o dünyaya onları yox, ayaqlarını aparmışdı”. Həyat davam edir. Lakin niyə məhz onların həyatının bu hekayə üçün mövzu seçilməsi bundan sonra məlum olur: “İndi Albertlə onun tək bir fərqi vardı: birinin sol, digərinin sağ ayağı yox idi”. Beləliklə, satıcı qızın ağlamağının səbəbi bəlli olur. Öz ölçülərinə uyğun, ucuzvari ayaqqabı seçib, növbə ilə hərəsi bir tayını geyinib baxan bu döyüşçülərin yaşam qaydaları satıcı qızı qəhərə boğmuşdu. “Bəxtlərindən ikisi də eyni ölçülü geyinirdilər”. Bu bəxt təsadüf idimi, yoxsa Tanrı payımı, bilmək olmaz. Lakin eyni səngərlərdən, eyni xəstəxanalardan keçib gələrək eyni dükanlardan eyni ayaqqabının alınması hekayəsi çox düşündürücüdür. Görəsən, hər iki tayını geyinmək özümüzə nəsib olan ayaqqabılarımızın nə qədər xoşbəxt olduğunu dərk edirikmi? Ömür yolumuz döyüşlərdən keçəndən sonra istifadə olunmuş ayaqqabıları alıb geyinməyi qəbul edə bilərikmi, özümüzə sığışdırarıqmı?
Oğuz rayonunun başqa bir yazarı Pərviz Cəbrayılzadənin 2018-ci ildə “İblisdən betər” adlı dedektiv romanı çapdan çıxıb. Pərvizin “Bir dəstə çiçəklə evə gəldim” hekayəsi “Gözümü açanda hələ başıma gələnlərdən xəbərsiz idim” – cümləsi ilə başlayır. Əsəri oxuduqca onun başına gələnlərdən xəbərdar olursan, amma hekayənin mahiyyətini anlamaq çətinləşir. Nəticə göz önündədir, qəhrəman ruhi xəstəxanadadır və oradan qaçmağı bacarır. Amma əsərin sonluğu səbəbi aydınlaşdırmağa kömək etmir. Çünki oğlanın ilk addımlardan şüurlu hərəkətləri və özünü xilas edə bilməsi diqqətdən yayınmır. Əsər bitir və sən hələ də nə üçün sualı ətrafında dövr edirsən. Bütün hekayət bir nəfərin nəql etməsi üzərində qurulub və digər personajlar da nəqletmə zamanı hansısa işin icraçısına çevrilirlər. Atdığı hər addımın arxasında düşünülmüş planlar dayanan bu obrazın bəlkələr versiyasına baxaq: “Bəlkə, mən özüm də bilmədən kimisə öldürmüşdüm? Bəlkə, hansısa daha ağır bir cinayətdə və ya oğurluqda iştirak etmişdim? Bəlkə, bütün bunlar sadəcə dostlarımın mənim üçün qurduğu əyləncəli bir oyundur?” Oxucu diqqətlə bu bəlkələrin arxasınca düşür, lakin istədiyinə nail ola bilmir. Oğlana hər dəfə iynə vurub huşsuz vəziyyətə gətirən həkimin bu sözləri də havada qalır: “Vaxt gələcək özün bizə təşəkkür edəcəksən - bunu deyib yanındakı adama başı ilə işarə verdi”. Əsər bitir, amma o vaxt gəlmir ki, gəlmir. Özünün “buqələmun texnikası” adlandırdığı üsulla xəstəxanadan da, dəlixanadan da qaçmağı bacaran həmin obraz maskalanmış kəşfiyyatçı rolunu da icra etməyi bacarır. Planının birinci mərhələsi uğurla tamamlanan, nəzarətçini də aldadıb qaçmağı bacaran bu insanın yaddaşı hərəkətə keçir: “Yalnız bundan sonra nişanlım yadıma düşdü”. Nişanlısını görməyə getsə də, onun sol qolunun sarıqlı olduğunu görür. Yenə özünə sual verir: “Bəlkə də,
məni dəlixanaya saldıran elə öz nişanlım olmuşdu?” Polislərin hadisəyə müdaxiləsi də səbəbdən tam hali olmağa imkan vermir. Həmin hissədəki dialoqa baxaq:
- Cinayətkar həmişə hadisə yerinə qayıdır – qolumdan yapışan polis məni silkələdi.
- Nə dediyinizi anlamıram. Nə cinayətkar?
- Bir neçə həftə əvvəl nişanlını öldürməyə cəhd etmisən – pilləkənlərlə aşağı düşərkən arxada gələn polis danışmağa başladı.
Belə çıxırdı ki, mən öz nişanlımı öldürmək istəmişdim və indi də yalnız işimi sona çatdırmaq üçün qayıtmışdım?
Yekuna yaxın bu hissədən sonra hadisələr yenidən başlanğıca dönür. Xəstəxanadakı əhvalatlar xatırlanır. Amma suallar da cavabsız qalır. Başa düşmək olmur ki, yazıçı öz dedektivlik iddiasını gerçəkləşdirə bilirmi?
Həmin bölgəyə aid yazarlardan olan Nargilə Qafarovanın 2019-cu ildə “Xoşbəxtliyin ətri” adlı kitabı çap olunub. Onun şeirlərində çarpışmada olan bir insanın mübariz ruhu hiss olunur. Bəzən özü ilə, bəzən həyatla, bəzən də ömür xərclədiyi insanla: “Qəribə gəlməsin çox dəyişmişəm, Bir ömür xərclədim güləsən deyə...” Bu misralar poetik nümunə kimi də, yaşanılan ömrün ifadəsi kimi də mənalıdır. Müəllif isə gileylərini gizlətmir: “Sevincim əbədi itib elə bil, Həyatdan bir ləzzət ala bilmirəm...” və ya “Özümdən o qədər qaçmışam ki mən, Necə tapışmışıq.., heç anlamıram...” Bu tipli sətirlərə özü ilə döyüşən müasir gənc yazarların əksəriyyətində rast gəlirik. Narazılıq və razılıq üçün səbəb tapa bilməmək. Həmin motiv “Holland qızılgülü” şeirində bir az cildini dəyişmiş formada davam edir:
“Qa” - dedim, ət gətirdin, “Qu” - dedim, su yetirdin, Ah çəkdim... yoxa çıxdın, Məhəbbət gətirmədin Qəlbi buz kimi adam...
Qəbələdə yaşayan şairlərdən Qismət Məsimov və Qoşqar Qaraçaylı imzaları seçilən imzalardandır. Qoşqarın “Özü öz toyunda ağlayan gözəl”, “Dön keçmişə sev məni”, “Yuxumu kimə danışım”, “Göz dəyər gözəl qız, göz dəyər sənə” kimi şeirləri ənənəvi formalarda yazılsa da, ənənəvi sözçülükdən uzaqdır. Məsələn: “Üzərlik yandırsın anana söylə, Göz dəyər gözəl qız, göz dəyər sənə...” – sətirlərində sadəcə bir məsləhətçi obrazı gözə dəymir, həm də etnoqrafik elementlər nəzərə çarpır.
Yaxud da “Öyünmə bu qədər gözəlsən deyib, Göz dəyər gözəl qız, göz dəyər sənə...”
– misralarında da milli mentalitetdən gələn mühafizəkarlıq vardır. Ümumiyyətlə, Qoşqar Qaraçaylının şeirlərində bitkinlik, novatorluğa meyil güclüdür: Onun şeirlərində hər misra bəndi tamamlayır, hər bənd də şeiri bütövləşdirir:
Nə gözəl yaraşır o qar əlinə, O zərif əlinə, kübar əlinə, Sıxma, tikanları batar əlinə..,
Sənə bu gülləri kim bağışlayıb...
Qismət Məsimovun iki kitabı işıq üzü görmüşdür. O, “Xalqın şairi” televiziya müsabiqəsində ikinci yeri qazanmışdır. Qismətin şeirlərində sözün çoxçalarlılığına meyil də hiss olunur. “Sən elə maraqlı çıxıb getmisən Harda dayanıram ayaq səsindi...” və ya “Bütün unutmuşdum xatirələri, Sənin baxışının başı batmasın” misraları içdən olduğu qədər də, sözlə həssas davranışın təzahürüdür. Onun ittihamları da, sualları da şübhələrini şübhə altına alır: “Mənim çiynimdəki mələk kimisən Alnıma baxmadan günah yazırsan” və ya “Bu qədər xatirə yatır sinəndə Bircəsi də mənim adıma düşmür?” Birinci nümunədə ittihamçı ittiham olunur, ikincidə isə cavab sualın özündədir. Qismətin də şeirlərində uğursuzluğun səbəbkarı kimi Tanrıya etiraz movtivləri hiss olunur. İllər sonra həsrətində olduğu sevgilisini beşik yürgələyərkən görən aşiq pəncərədən süzülən işıqda nur yox, ah- əzab görür:
Qoy pərdə utansın qoy qapı yansın
Tərpət, sarı donlum, beşiyi tərpət.
Bu gələn işığın əzabı, ahı
Tanrının gözünə düşəcək əlbət...
Gülnar Səma
Filologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
Bölməyə aid digər xəbərlər