11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Yenilənmiş “Bizim Cəbiş müəllim” filminin təqdimatı oldu


“Bizim Cəbiş müəllim” filminin 55 və filmin ssenari müəllifi Maqsud İbrahimbəyovun 90 illiyi ərəfəsində ANS Şirkətlər Qrupuna daxil olan “Balans” studiyası əsəri tam bərpa edərək ona təqdimat mərasimi keçirib.

“Azərbaycan” kinoteatrında təşkil olunan mərasimdə əvvəlcə məşhur akkardeon ifaçısı Seymur Həsənsoy filmdə səsləndirilən, Emin Sabitoğlunun "Vals"ını ifa edib. Xoreoqrafiya məktəbinin yetirmələri valsın sədaları altında rəqs ediblər.

Qeyd edək ki, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, “Balans” Milli Rəqəmsal Bərpa Studiyası, Azərbaycan Dövlət Film Fondu, ANS Press xəbər portalı, Azərbaycanın ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabriki və Cinema&MasterCard tərəfindən təşkil edilən filmin bərpa olunmuş variantının təqdimat mərasimində tanınmış ictimai, siyasi, mədəniyyət və incəsənət xadimləri və o cümlədən, mətbuat nümayəndələri iştırak edib. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirib ki, “Bizim Cəbiş müəllim” tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmış və "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.

Filmdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyovun "Müharibənin 1001 gecəsi" ssenarisi əsasında çəkilən və onun 90 illiyi ərəfəsində ANS-in “Balans” Milli Rəqəmsal və Bərpa Studiyası tərəfindən tam bərpa olunan filmdə əsas rollarda Azərbaycan kinosunun korifeyləri Şəfiqə Məmmədova, Süleyman Ələsgərov, Nəsibə Zeynalova, Əliağa Ağayev, Muxtar Maniyev, Səfurə İbrahimova və digərləri çıxış ediblər.

Film bir daha Azərbaycan xalqının keçən əsrin taleyüklü 40-cı illərində faşızmə qarşı savaşan və onun üzərində qələbə çalan dünyanın sülh və azadlıqsevər xalqları sırasında öz vacib və əvəzolunmaz yerini təsdiqləyib.

Vahid Mustafayev təqdimata toplaşanlara filmin bərpasında iştirak edən mütəxəssislərin sayının 12 nəfər olduğu, ümumilikdə 149 min kadrın bir-bir təmizlənməsini iftixar hissi ilə çatdırıb. Bundan əlavə, filmin əksər yerlərində səslərin tamamilə olmamasını ANS Foli Studiyasında 3 mütəxəssis tam şəkildə yenidən yaradaraq 37 dəqiqəni filmə qaytarıb. Filmin rəng korreksiyası da da nəzərə alınıb, pozitiv lent illərlə kimyəvi və fiziki zərərə məruz qaldığından 12 fərqli rəng çaları tam şəkildə korrektə olunmuş və yalnız birrəngli - Ağ-Qara səviyyəsinə müvəffəqiyyətlə çatdırılıb.

Vahid Mustafayev onu da əlavə edib ki, Azərbaycan xalqına böyük qürur hissi ilə hədiyyə etdikləri "Bizim Cəbiş" filminin təmizlənməsi üzərində 7 ay işlənilib, bütün bərpanı mütəxəssislər əlləri ilə yaradıb və burada heç bir avtomatik, süni intellekt vasitəsinə müraciət edilməyib. Bu, ümumiyyətlə belə incə işlərdə mümkün deyil.  

Təqdimatda Cəmil Quliyev, Aydın Kazımzadə, Siyavuş Kərimi, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova, o cümlədən bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları və Həsən Seyidbəylinin övladları – filmdə Cəbiş müəllimin qızını oynayan Məryəm Seyidbəyli və Namiq obrazını yaradan Ziya Seyidbəyli də iştirak edib.

Mərasim zamanı Cəbiş müəllimin protipinin Maqsud İbrahimbəyovun atasınıdan - Məmməd İbrahimbəyovdan götürüldüyü məlum olub və həmin şəkil nümayiş etdirilib.

Filmin haqqında çıxış edən Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətləri kinomuzun şah əsərlərinə yeni nəfəs verdiyinə görə Milli Qəhrəman Çingiz Mustafayev Fondu, ANS Şirkətlər Qrupuna daxil olan “Balans” Milli Rəqəmsal Bərpa Studiyası, VMF Saat Fabriki və şəxsən Vahid Mustafayevə təşəkkür ediblər.

Diqqətə çatdırılıb ki, “Bizim Cəbiş müəllim” “Balans” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən təmizlənərək xalqımıza ərmağan edilən 11-cı filmdir.

Qeyd olunub ki, filmlərimizin neqativləri Moskvada olduğuna görə Film Fondunun qoruyub saxladığı pozitivlər getdikcə keyfiyyətini tam itirir. Bu baxımdan keyfiyyəti aşağı olan pozitivlərin Vahid Mustafayev tərəfindən təmənnasız təmizlənərək Film Fonda verilməsi ilə Azərbaycan kinosunun yaşaması üçün misilsiz xidmət nümayiş etdirilir.

Təqdimat mərasimində filmin çəkilişlərində istifadə olunan əşyalar da nümayiş olunub.


Tarix: 15-05-2024, 13:14 Oxunub: 298


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı