11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Moskvada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTO

     Azərbaycan Rusiya Federasiyasındakı Səfirliyi Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi təşkil edib.
     Tədbirdə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin, Dövlət Dumasının MDB komitəsinin sədri Leonid Kalaşnikov, Federasiya Şurasının üzvü İlyas Umaxanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Rusiyadakı diplomatik korpusun rəhbərləri, yüksək vəzifəli diplomatlar, Rusiyanın tanınmış ictimai xadimləri, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.
     Gecənin açılışında çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu və əvəzsiz xidmətləri o qədər böyükdür ki, onun keçdiyi həyat yolu, idarəçilik fəlsəfəsi uzun müddət bir çox nəsillər tərəfindən öyrəniləcəkdir.
     “Elə liderlər var ki, onların fəaliyyəti, şəxsi miqyası cəmiyyətin inkişafına, dövlətin siyasi-iqtisadi kursuna, beynəlxalq aləmdəki yerinə ciddi təsir göstərir və bir dövlətin hüdudlarına sığmır. Onlar öz xalqlarının tarixində mühüm rol oynayır, həm də dünya siyasətində iz qoyurlar. Heydər Əliyev belə bir insan idi.
      O, ölkəmizin müstəqilliyinin bərqərar olmasında və möhkəmləndirilməsində müstəsna rol oynayıb. Məhz onun fəaliyyəti sayəsində Azərbaycanda demokratik, hüquqi dövlət qurulub və hazırda uğurla inkişaf edir.
     Heydər Əliyev iqtisadi və enerji siyasətinin yeni əsaslarını qoyub, Azərbaycanın irimiqyaslı transmilli layihələrdə iştirakını təmin edib, həmçinin uğurlu neft strategiyasını işləyib hazırlayıb və bu strategiya uzunmüddətli perspektivdə enerji sektorunun təkmilləşdirilməsi və iqtisadi inkişafın əsası olub.
     Mən bir mədəniyyət xadimi və uzun müddət Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərmiş bir şəxs kimi deyə bilərəm ki, ulu öndər milli mədəniyyəti Azərbaycan xalqının sərvəti hesab edirdi. Onun dəyərli ideyaları və real köməyi sayəsində mədəniyyət hazırkı yüksək inkişaf səviyyəsinə çatıb”, - deyə diplomat vurğulayıb.
    Səfir qeyd edib ki, Heydər Əliyevin xarici siyasət strategiyasında Azərbaycan-Rusiya əməkdaşlığı xüsusi yer tuturdu: “Bu gün Azərbaycan və Rusiya regionda müttəfiqlik əməkdaşlığını uğurla həyata keçirir və ölkələr arasında əlaqələrin xarakteri həm Azərbaycan, həm də Rusiya tərəfindən yüksək qiymətləndirilir.
      Ümummilli lider Heydər Əliyev dövlətlərimiz arasında mehriban qonşuluq münasibətlərinin qurulmasına xüsusi önəm vermiş, ikitərəfli əməkdaşlığın inkişafı üçün bütün imkanlardan səmərəli istifadə etməyə nail olmuşdur.
      Xüsusilə vurğulamaq istərdim ki, bu il Rusiyada əlamətdar bir tarix - Heydər Əliyevin ölməz xatirəsinə ehtiram əlaməti olaraq onun anadan olmasının yüz illiyi geniş qeyd olundu. Onun Moskvada səmərəli fəaliyyətini, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi gördüyü mühüm işləri unutmayıblar. Buna gələn il 50 illiyi qeyd olunacaq BAM-ın tikintisi, neft-qaz sənayesinin inkişafı və bu gün də müasir Rusiyaya fayda verən layihələrini misal çəkmək olar”, - deyə səfir əlavə edib.
Polad Bülbüloğlu Heydər Əliyevin 100 illik yubileyinin Vladivostokdan Kalininqrada qədər əksər Rusiya regionlarında geniş şəkildə qeyd olunduğunu söyləyib.
     “Bu gün Heydər Əliyevin ideyaları və planları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Hamıya məlumdur ki, ümummilli liderin əziz arzularından biri də ölkəmizin işğal olunmuş torpaqlarının tam azad edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi olmuşdur. O, dəfələrlə əminliklə bildirib ki, vaxt gələcək, işğal olunmuş torpaqlar azad olunacaq, xalqımız öz ata-baba yurdlarına qayıdacaq.
     Ulu öndərin peyğəmbərcə dediyi sözləri gerçəkləşdi. Rəşadətli ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın uzunmüddətli işğalına son qoydu. Bu, bütün dünya azərbaycanlılarının sevincinə səbəb oldu. Bunun Heydər Əliyevin 100 illik yubileyi ilində baş verməsi xüsusilə əlamətdardır.
     Atasının işinin layiqli davamçısı olan Prezident İlham Əliyev ümummilli liderin vəsiyyətini yerinə yetirdi. Bu gün Böyük Qələbə nəticəsində işğaldan azad edilmiş bütün Azərbaycan torpaqlarında Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır.
      Hazırda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlişi Azərbaycan xalqının milli ideyasının mühüm elementlərinə çevrilib. Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri aparılır.
     Son üç ildə bərpa olunmuş şəhərlər, kəndlər, beynəlxalq hava limanları, məktəblər istifadəyə verilmiş, tarixi və dini memarlıq abidələri bərpa edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdış” Birinci Dövlət Proqramının icrası çərçivəsində ilk ailələr Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdıblar. Ümumilikdə qarşıdakı üç il ərzində 100 mindən çox insanın Qarabağ və Şərqi Zəngəzur rayonlarına qayıtması gözlənilir” - deyə səfir Polad Bülbüloğlu qeyd edib.
     Gecədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin də çıxış edib. O, Heydər Əliyevin Azərbaycanla Rusiya arasında mehriban qonşuluq və dostluq münasibətlərinin əsasını qoyduğunu və bu gün də bu ənənənin hazırki prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirildiyini söyləyib.
     Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Kommunist Partiyası Siyasi Bürosunun üzvü olduğu zaman onun idarəsinə 13-dən çox nazirliyin verildiyini xatırladan Qaluzin ulu öndərin qlobal miqyasda siyasətçi, dövlət xadimi olduğunu söyləyib. Nazir müavini Rusiyada Heydər Əliyevin xatirəsinin hər zaman böyük ehtiramla anıldığını qeyd edib.
      Tədbirdə qonaqlara Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə ümummilli liderin həyat və fəaliyyətinin əsas məqamlarını əks etdirən fotosərgi, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu “Liderin ürəyi” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra M.Qusman filmin yaranma tarixindən danışıb və gecədə iştirak edən Azərbaycan Respublikasının xalq artisti, Rusiyanın Bolşoy Teatrının solisti Elçin Əzizova filmdən mahnını ifa etməyi xahiş edib. Polad Bülbüloğlu royal arxasına keçərək Elçin Əzizovla birgə “Liderin ürəyi” mahnısını ifa ediblər.
     Tədbir iştirakçıları ifanı gurultulu alqışlarla qarşılayıblar.


Tarix: 13-12-2023, 10:31 Oxunub: 402


Bölməyə aid digər xəbərlər