“Qarışdan Yeni İl gəlir. Aydın məsələdir ki, bu kimi hallar intensiv olacaq”
“Prosesdə polislə birgə Bakı Şəhər Ticarət və Xidmət Departamenti və valideynlər birgə iştirak etməlidir”
“Valideyn özü uşağın əlinə belə partlayıcı maddədən verib at deyirdi. Özü də ona baxıb gülürdü”
“Bu artıq az əhəmiyyətli hüquq pozuntusundan çıxıb cinayət əməli, xuliqanlıq mərhələsinə çatıb”
Bir neçə gün əvvəl pirotexniki vasitələrin satışını həyata keçirdikləri üçün inzibati məsuliyyətə cəlb edilən şəxslər eyni əməllə məşğul olduqları üçün yenidən saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki,Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Kənan Əhmədov, Novruz Əsədov və Eldar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıblar:
“Həmin şəxslərin fəaliyyət göstərdikləri mağazalara baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb.Faktlarla bağlı onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 442.ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib”.Daxili İşlər Nazirliyi əhaliyə bununla bağlı çağırış edib :“ Məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar olunduqda onlar barəsində bundan sonra da ciddi tədbirlər görüləcək”.
Nəzərə alsaq ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə sayılı günlər qalıb belə halların artacağı da istisna edilmir.
Maraqlıdır, fərdlərin bu cür maddələrə qarşı meylini necə azaltmaq olar? Cəza tədbirlərinin sərtləşdirilməsi mövcud situasiyada bizə yardımçı ola bilərmi?
Sabiq polis rəisi Mahmud Hacıyev pirotexniki vasitələrin satışından danışarkən bildirib ki,bu inzibati xətalar məcəlləsi ilə tənzimlənir və az əhəmiyyətli hüquq pozuntusu kimi qəbul olunur:
“Əvvəl İnzibati Xətalar Məcəlləsində belə bir maddə yox idi. Son 5-6 ildə bu xroniki xəstəlik kimi ölkəmizdə yayıldığı üçün məcəlləyə də əlavə olundu.Buna baxmayaraq işbazlar yenə də bu işdən əl çəkmirlər. Bəllidir ki, priotexniki vasitələr göydən paraşütlə düşmür, onlar sərhəddən keçirilir. Belə məqamda bir az gömrük idarələrini məzəmmət etmək lazımdır.Qarışdan Yeni İl gəlir.Aydın məsələdir ki, bu kimi hallar intensiv olacaq. Daha çox satış həyata keçiriləcək. Qarşısını almaq üçün polis lazımlı tədbirləri görəcək”.
M.Hacıyevin qənaətinə görə, hər şeyi polisin fəaliyyətinə yükləmək düzgün deyil və məsələ ilə bağlı kompleks tədbirlər həyata keçirilməlidir:
“Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti deyilən bir qurum var. Bu işin tənzimləmsində onlar da iştirak etməlidir. Keçən il, inişil başqa bayramlarda bir neçə adamı tutub cərimələdilər. Bizdə bir əhval ruhiyyə əmələ gəlib kim nəsə səhv hərəkət etsə, deyirik polis hara baxır? Bütün məsuliyyəti polisə yükləmək olmaz. Elə olsa, gərək hər binanın blokunun girişinə, hər yaşayış məntəqəsinin qarşısına polis düzək ki, bu partlayıcı maddələrdən istifadəsinin qarşısını alaq. Prosesdə polislə birgə Bakı Şəhər Ticarət və Xidmət Departamenti və valideynlər birgə iştirak etməlidir”.
Keçmiş polis rəisi priotexniki maddələrdən istifadə edənlərin yaş həddinə diqqət çəkib və bu xüsusda valideylərin roluna toxunub:
“Bundan daha çox istifadə edənlər 4-5-ci sinifdə oxuyan azyaşlı uşaqlar, yeniyetmələrdir. Keçən il gözümün qarşısında Nizami rayonu 8-ci kilometr, Qara Qarayev küçəsində bir binanın balkonunda valideyn özü uşağın əlinə belə partlayıcı maddədən verib at deyirdi. Özü də ona baxıb gülürdü. Valideyinlərin 90 faizi bu gün seriallara baxır, film izləyir şou axtarır. Amma öz uşağını başa salmır ki, etdiyin bu əməl xuliqanlıqdır. Valideyn pul verməsə, axı yeniyetmə hardan pul tapıb gedib onları alacaq?! Nizami rayonunda Heydər Əliyev adına bağ var. Keçən il o bağda 40-45 yaşlı qadının ayağının altına bu cür partlayıcı maddədən atdılar .O yıxıldı və çox ağır xəsarət aldı. Mən özüm də Nizami rayonunda yaşayıram. Görürəm ki, küçələrdə bina bloklarının önündə indidən parthapart başlayıb”.
M.Hacıyev məsələnin maarifləndirmə tərəfindən danışarkən televiziya kanalların bu yöndəki “möhtəşəm ” fəaliyyətini diqqətə çatdırıb:
“Onlar şounu o qədər təbliğ edirlər ki, başqa heç nəyə yer qalmır. Demək olar ki, bu haqda danışmırlar. Televiziya öz maarifləndirmə işini yerinə yetirilməlidir. Bu artıq az əhəmiyyətli hüquq pozuntusundan çıxıb cinayət əməli, xuliqanlıq mərhələsinə çatıb. İnsanları başa salmaq lazımdır. Problemin həllinə kompleks yanaşmaq və gec olmadan qarşını almaq lazımdır”.
Bölməyə aid digər xəbərlər