Azərbaycan Respublikasının Prezident Administrasiyasının Rəhbəri cənab Samir Nuriyevə;
Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl
Cabbarova;
Azərbaycan Respublikasının Tarif Şurasının sədri cənab Mikayıl Cabbarova;
Azərbaycan Respublikasının Səhiyyə Nazirinin vəzifəsini müvəqqəti icra edən cənab Teymur Musayevə;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə;
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi cənab Orxan Nəzərliyə;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Fuad Heydərova;
Qazax rayonu, Ağköynək kənd sakini, II qrup əlil, ictimai fəal Vəliyev Rüstəm Oruc oğlu, Qazax rayonu, Canallı kəndində qeydiyyatda olan ictimai fəal Səfərov Orxan Omar oğlu və Qazax rayonu, Canallı kəndində yaşayan Zeynalov Vüsal Ramis oğlu tərəfindən
Kollektiv Müraciət
Bildiririk ki, Qazax və Ağstafa rayonunda əczaçılıq fəaliyyəti qüvvədə olan bütün qanunlarımızın, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanının, Əczaçılıq fəaliyyəti haqqında AR Qanununun bütün maddələrinin tələbləri kobud şəkildə cılız maraqlar müqabilində pozulması və insanların sağlamlıqlarına ciddi şəkildə zərərlərin vurulması ilə həyata keçirilir. Çox təəssüflər olsun ki, buna nəzarət etməli olan aidiyyatı Dövlət Qurumları həmin qanun pozuntularına göz yumurlar və hansısa şəxslərlə “imtiyaz“ əlaqəsinə girirlər.
Belə ki, Qazax rayonunda, xüsusilə mərkəzi kolxoz bazarının ətrafında, mərkəzi xəstəxananın ətrafında, Qazax Poçtamtının qarşısında və şəhərin bir sıra (Su-15 və Çinardibi deyilən yerlərdə) ərazilərində, Heydər Əliyev prospekti boyu olan apteklərdə antisanitar vəziyyətdə, qaydalar və tələblər pozulmaqla əczaçılıq fəaliyyəti həyata keçirilir. Həmin apteklərin əksəriyyətində əczaçılar deyil, digər təhsilsiz şəxslər işlədilir və onlarla heç bir əmək müqaviləsi bağlanılmır. Hətta vətəndaşların aldıqları dərman preparatlarına görə heç bir kassa çeki verilmir. Həmin hallar eynilə Ağstafa rayonunda da cərəyan edir.
Həmin apteklər aldıqları dərman preparatlarını elektron qaimə ilə deyil, qanunsuz olaraq alıb - satırlar ki, bundan da Dövlətə on minlərlə ziyan dəyir. Ona görə də satdıqları dərmanların satışına görə kassa qəbzi vermirlər, daha doğrusu verə bilmirlər. Ona görə ki, alışları qanuna müvafiq deyildir.
Həmin apteklərdə olan antisanitar vəziyyət və saxlanma şəraitinin uyğunsuz olması, soyuducuların və digər lazımi avadanlıqların olmaması həmin dərman və preparatların keyfiyyətinə ciddi təsir edir və biz istehlakçıların sağlamlığına və maddi vəziyyətinə (təkrar əlavə müalicə kursu qəbul etmək zərurəti yarandığından) ciddi şəkildə mənfi təsir edir.
Bu qanunsuzluqlar ucbatından Dövlətə yüz minlərlə ziyan dəyir.
Apteklərdə eyni dərmanlar müxtəlif qiymətlərə satılır. Tarif Şurasının qoyduğu qiymətlərə məhəl qoyan yoxdur.
Apteklərdə dərman preparatlarının yerlərdə selofan torbalarda saxlanılması vəziyyətin nə qədər acınacaqlı olmasını təsdiq edir.
Əmək müqaviləsi bağlanmayan işçilər maddi imkansızlıqdan işləməyə məcbur qalırlar.
Qeyd etdiklərimizi öyrənmək və dəqiqləşdirmək üçün xəbərsiz yoxlamaların keçirilməsi Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq, bizim iştirakımızla zəruridir və mütləqdir.
Sizdən xahiş edirik ki, qeyd etdiyimiz qanunsuzluqların bizim iştirakımızla göstərəcəyimiz bütün apteklərdə yoxlanılması və nəticəsindən asılı olaraq, qanunamüvafiq sərt tədbirlərin görülməsinə dair müvafiq tədbirlər görəsiniz.
Qeyd: Həmin apteklərin sahibkarlıq subyekti kimi qeydiyyatdan keçib-keçməməsi, lisenziyalarının olub-olmaması bizim üçün müəmmalıdır və xəbərsizik. Bütün apteklərdən xırda nələrsə alsaq da, qəbz vermədiklərindən bunu öyrənə bilməmişik.
Dərin Hörmət və
Ehtiramla:
1. Vəliyev Rüstəm Oruc.
2. Səfərov Orxan Omar.
3. Zeynalov Vüsal Ramis.
15.09.2021
Bölməyə aid digər xəbərlər