Sabahdan toylar rəsmən başlayır. Ona görə “rəsmən” sözünü işlədirəm ki, musiqisiz, bəy-gəlinsiz, bəytərifisiz, “maskalanmış” toylar restoranların açılması ilə zatən başlamışdı.
Sabahdan isə daha gizlənməyə, qaçdı-tutduya ehtiyac olmayacaq – adam balası kimi toy etmək mümkündür. Yalnız bir çox dolaşıqlıqlar qalır.
Məsələn, 50 nəfərə qədər olan toy məclislərində “korona pasportu” istənilməyəcək, ancaq 150 nəfərlik toyda iştirak üçün mütləq “pasport” lazımdır.
Hansı məntiqlə belə bir qərar verilir? O deməkdir ki, 50 nəfər yoluxsa, xəstəxanalarımızın gücü var, müalicə edə bilərik, 150 nəfər üçün bir az çətin olacaq.
Çox normal yanaşmadır və əslində dövlət öz imkanlarını hesablayaraq bu addımı atır. Yəni çarpayı sayına uyğun, hansı sayda xəstənin öhdəsindən gələ biləcəyini düşünür və qərar verir.
Ancaq AZAL-ın dünən yaydığı açıqlamadan sonra bəlli oldu ki, heç də hər şey sonadək düşünülməyib, qəribə bir labirint və yaxud “yanıltmac” yaradılıb.
AZAL elan etdi ki, OQ-nin qərarına əsasən, Azərbaycana gələn hər bir kəsdən korona testi tələb olunur: yəni sənin pasportun var, yoxdur – fərq etməz, uçuşdan öncə 72 saat müddətində korona testinin neqativ cavabı olmalıdır ki, ölkəyə buraxılasan. Bu isə o deməkdir ki, sən peyvənd olunsan da, bir dəfə bu xəstəliyi keçirsən də, virusa yoluxma və digərlərini yoluxdurma ehtimalın var. Bəzi ölkələr “korona pasportu”nu əsas sayır, Azərbaycan isə daha ehtiyatlı davranır və test tələb edir.
Bu da normaldır, ehtiyat igidin yaraşığıdır. Bəs, 150 nəfərlik təyyarədə uçuş üçün “korona pasportu”nun olub-olmaması vecə alınmırsa və test tələb edilirsə, 150 nəfərlik toy məclisi üçün “pasport” niyə aktual olmalıdır? Əgər “pasport”lu şəxs də virusa yoluxa bilərsə, onda niyə toya gedəndə test istənilmir, ancaq təyyarə ilə ölkəyə gələndə test tələb edilir?
Əgər ehtiyatlıyıqsa və test vacibdirsə, onda bu “pasport” kimin nəyinə gərək oldu ki?
Ölkəyə gün ərzində gələnlərlə gün ərzində keçirilməsi gözlənilən toy mərasimlərini müqayisə edək: gündə neçə reys qəbul edirik? Nə qədər “150 nəfərlik” təyyarə gəlir ölkəyə? Bəs, il yarımdır keçirilməyən toy məclislərinə icazə verildiyini nəzərə alsaq, gün ərzində Bakıda nə qədər “150 nəfərlik” toy olacaq?
Toylar və toy məclislərində iştirak edənlərin müqayisəyəgəlməz dərəcədə çox olduğunu heç düşünmədən hər kəs deyə bilər. Onda niyə təyyarə ilə gələnlərdən test tələb olunur, ancaq toya gedənlərdən yox?
50 nəfərlə toymu keçirmək olar? Elə bəy və gəlin tərəfinin doğmaları, onların uşaqları 50 nəfəri aşır. Azərbaycan kimi toy ənənəsi olan ölkədə 50 nəfərlə toy məclisi keçirmək mümkündürmü?
Ümumiyyətlə, daha alternativ, daha münasib təkliflər də vermək olardı. Məsələn, yalnız açıq havada, rəqslərə nəzarətlə, qapı ağzında temperaturu yoxlamaqla, gigiyenik vasitələrdən istifadəni vacib etməklə, əvəzində digər məhdudiyyətləri götürməklə və s.
Qanunları elə qəbul edirik, icazələri elə veririk ki, istər-istəməz onları pozmaq lazım gəlir: həm “korona pasportu” məsələsinə, həm məclis iştirakçılarının sayına görə. Bunları pozmadan, dəqiq əməl etməklə Bakıda (rayonlarda bəlkə də ola bilər) bircə toyun da keçirilməyəcəyinə indidən zəmanət verə bilərəm.
Nəsə, toylarımız mübarək, haydı, başlayaq qaydaları pozmağa...
axar.az
Bölməyə aid digər xəbərlər