Jurnalistləri Vətən Müharibəsinin qəhrəman şəhidlərindən olan kapitan Əsəd Həsənovun evinə sadəcə, bir şəkil aparmışdı. Bacısı Günayın canından çox sevdiyi qardaşının şəklini bağrına basıb, sevinc göz yaşları ilə Zəfər paradını izlədiyi an çəkilmiş şəkli...
“Qafqazinfo”nun əməkdaşları ilə həmsöhbət olan Günay Əsədova bildirib ki, o, bundan öncəki paradları da qardaşı ilə birgə izləyib. Əsəd hərbçi, Günay isə tamaşaçı qismində olub.
Bundan öncəki paradlar zamanı bacı-qardaşın həmişə dayandığı bir yer olub - Qız Qalasının düz qarşısı. İmişlidən Zəfər paradı üçün Bakıya gələn Günay yenə həmin yerdə dayanıb:
“Eşidəndə, ayın 10-da Zəfər paradıdır, anamgili tələsdirdim ki, mən ora getməliyəm. Əsəd məni orada gözləyir, birdən tək dayanar. Düşünər ki, mən ölüb getdim, bacım məni unutdu. Özümü Bakıya çatdırdım, səhər tezdən şəkili sinəmə sıxıb getdim parada. İçərişəhərdən irəlilədikcə hər görən ayaq saxlayıb qardaşımı bir anlıq yad edirdi, yol verirdi. İnsanlar sevinirdi, mən də sevinirdim, amma göz yaşı ilə... Hərbçilərin içində axtardım, amma Əsədi tapa bilmədim. Orada dərk etdim ki, Əsəd artıq yoxdur. Özümdən asılı olmadan başladım Əsədi çağırmağa”.
Kapitan Əsəd Həsənov 1988-ci ildə İmişlidə anadan olub. O, bundan öncə Naxçıvanda xidmət edib. Daha sonra isə Ağdamda yerləşən N saylı hərbi hissəyə Qərargah rəisi göndərilib. Şəhidimiz ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.
Əsəd Həsənov döyüşdən öncə ailə üzvlərinə “WhatsApp”da vəsiyyətini göndərib:
“Hər birinizi öpürəm, bağrıma basıram. Özünüzdən muğayət olun. Balalarıma yaxşı baxın, sizə tapşırıram. Mənim Hüseyn oğlum həmişə mənlə fəxr etsin, çünki onun atası qəhrəman olacaq”.
Əsədə göndərilən cavabı oxumağa isə onun nə fürsəti, nə də imkanı olub. Cavabı oxumadan şəhidlik zirvəsinə ucalıb.
Atası Fərhad Hüseynov bildirib ki, düşmənin atdığı mərmilərdən biri onun 4-5 metr yaxınlığına düşüb. Nəticədə o, ölümcül yaralanıb. Buna baxmayaraq, Əsəd ayaq üstə qalıb, yıxılmayıb. O, hərbi ambulansla ərazidən çıxarılan zaman yenə həmin əraziyə mərmi düşüb və Əsəd daha bir qəlpə yarası alıb. Aldığı yaralar nəticəsində kapitan Həsənov şəhidlik zirvəsinə ucalıb.
Əsədin anası Mələk Həsənova bildirib ki, oğlu öz şəhidliyini öncədən hiss edib:
“Əsəd öz şəhidliyini hiss etmişdi. Ölümündən qabaq sinəsindən bayrağı çıxarıb operatoruna veribmiş ki, bunu Şuşa işğaldan azad ediləndə ora asarsınız. Oğlum Ağdamda böyük qəhrəmanlıqlar göstərib. Arzum odur ki, Əsədin adı Ağdamda, şəhid olduğu torpaqlarda əbədiləşdirilsin”.
Bölməyə aid digər xəbərlər