11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Aləmə nur saçan bayrağımız " - Səməd Orucov

     Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız hər bir azərbaycanlıya öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Dövlətçilik rəmzi olan bayrağımız milli heysiyyət simvoludur, müqəddəsliyin, müstəqilliyin nəfəsidir, istiqlaliyyətin səsidir. Müqəddəs bayrağımız uğrunda minlərlə şəhid verən Vətənimizin  qürur mənbəyidir. Bayrağımız dalğalandıqca qəlbimizi fəxarət hissləri bürüyür. Şair Bəxtiyar Vahabzadə çox gözəl deyib:

Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına tac olan hilal.

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim.

     Azərbaycan xalqı ötən əsrdə iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir.
     Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı.
     Dövlət bayrağımız Avropanın mərkəzində dalğalanmağa, varlığımızı, gücümüzü bütün dünyaya tanıtmağa başladı. Ulu öndər Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar keçirilən mərasimdəki çıxışında bayrağımızın çox böyük önəm daşıdığını bir daha vurğuladı: " Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası Sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur." 
     Dövlət rəmzlərinə hörmət hər bir vətəndaşın borcudur. Hər kəs bilməlidir ki, Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.
“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdır. Dövlətimiz onun ərazisindən kənarda Azərbaycanın Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür. Azərbaycan Respublikası əhali arasında bayrağımızın mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür. Hər bir vətəndaşın mənəvi dünyası Dövlət bayrağıyla bağlıdır.
    Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab  İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində   suverenliyimizin rəmzi, qürur və güvənc yerimiz olan üçrəngli bayrağımız dünyanın ən mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə,işğaldan azad edilmiş ərazilərimizdə  əzəmətlə dalğalanır və aləmə nur saçır.

Səməd Orucov
 YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 4-11-2023, 15:56 Oxunub: 170


Bölməyə aid digər xəbərlər