Hər oğul bacarmaz şəhid olmağı,
Azadlıq uğrunda, vətən yolunda.
Dünya bağışlarmı, şahid olmağı,
Qələmim əlimdə, gücüm qolumda...
Zaməddin Ziyadoğlu
Müdrik xalqımız zaman - zaman ağır faciələrlə, soyqırımlarla, qətliamlarla üzləşib, hədsiz haqsızlıqlarla, bədbəxtliklərlə qarşılaşıb, terrora işğala məruz qalıb. Ötən əsrdə xalqımızın başına gətirilən belə faciələrdən, müsibətlərdən biri də qanlı 20 Yanvar faciəsidir. Dövlətcilik tariximizə qara yanvar kimi yazılan, qan yaddaşımız olan 20 Yanvar faciəsindən bizi 33 illik bir zaman fasiləsi ayırır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz etirazını bildirən, müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan geniş xalq kütlələri üzərinə sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış edərək, bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etdi. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirdi.
7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə belə şərh etdi: "...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür."
Heydər Əliyev qatillərin aşkarlanması məsələsini yenidən qaldıraraq, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu qətiyyətlə vurğuladı.
Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasından xəbər verirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, kommunist partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: "Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sovet IKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil." Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.
Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına olsa da öz dövlət müstəqilliyinə qovuşa bildi.
“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.
Doğru deyiblər ki, Vətən uğrunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün bir örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla anaraq onların qəhrəmanlığından nümunə götürəcək, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini, ərazi bütövlüyünü qorumaq üçün daim mübarizədə olacaqlar. Necə deyərlər qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu azadlıq mübarizəsində, haqq yolunda qəhrəman övladlarımızın həlak olması bizim üçün nə qədər qəm - qüssə, kədər doğurursa, o qədər də xalqımız üçün bir qəhrəmanlıq, igidlik nümunəsi kimi hesab edilir. Şəhidlərimiz bizim milli qürurumuz, milli iftixarımızdır. Müqəddəs şəhidlərimizin əziz xatirəsini qəlbimizdə yaşatmaq, daim uca tutmaq, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq bizim hər birimizin ən müqəddəs vətəndaşlıq borcumuzdur.
Zaməddin Ziyadoğlu
YAP Qazax rayon təşkilatının veteranı
Bölməyə aid digər xəbərlər