11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
"9 may Faşizm üzərində Qələbə heç zaman unudulmayacaq" - Asəf Salmanov

      Danılmaz həqiqətdir ki. ikinci dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olmuşdur.  Xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşmuşlar. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişlər.
    Bu qələbə Azərbaycan xalqına da asan başa gəlmədi. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak oldu. Onlar döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. 
Bu danılmaz faktdır ki, faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz bir tarixi qələbədir. Biz bu Qələbədən çox şey götürdük. Xüsusən, torpaqlarımızın işğal altında olduğu bir zamanda azərbaycanlıların İkinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə - torpaqlarımızı işğaldan azad etməyə səslədi. Bu mənada xalqımızın Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi bugünkü nəsil üçün əsl mənəviyyat dərsi oldu.
     Amma təəssüf ki, müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC - Müsavat cütlüyü Azərbaycan xalqının Böyük Vətən müharibəsində yazdığı qəhrəmanlıq salnaməsini silməyə, üzərinə kölgə salmağa cəhd göstərmişdi. Baxmayaraq ki, o illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü daha geniş miqyas alırdı və qanlı döyüşlərdə müharibə veteranlarının döyüş təcrübəsindən və xüsusən, mənəvi yardımından istifadə etmək mümkün idi. Hakimiyyətin öz vətəndaşlarına belə etinasızlığı ahıl yaşlarında olan veteranların mənəvi sarsıntısına gətirib çıxarmışdı. Müharibənin çətin sınaqlarına mərdliklə sinə gələn, od-alovdan çıxan fədakar insanlar dövlətin nəinki diqqət və qayğısından məhrum olmuş, hətta əsassız qınaqlarla, ittihamlarla üzləşmişdilər. 9 Mayın Azərbaycan xalqının bayramı olmaması ilə bağlı aparılan təbliğat, böyük qəhrəmanlığın üstündən xətt çəkmək niyyəti bütün cəmiyyətdə narazılıqla qarşılanırdı.
     1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May - Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibəti də birdəfəlik aradan qaldırıldı. Ulu Öndər faşizm üzərindəki qələbənin və müharibə veteranlarının gözdən salınmasına yönələn siyasətin cinayət olduğunu bildirdi: "Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən, 1991, 1992, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən araşdırmağa başladım ki, bəs, bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də ordan-burdan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı, bundan da böyük cinayət ola bilməz."
Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May - Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub - yaratmaq eşqini daha da gücləndirdi. 
     Ulu öndər Heydər Əliyevin müharibə veteranlarına diqqət və qayğısını layiqincə davam etdirən Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsi haqqında demişdir: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk.” Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə günündə xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır. Böyük Vətən Müharibəsi iştirakçılarının sosial rifah halının yaxşılaşdırılması və onların həyat şəraiti hər zaman dövlət başçımız, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət mərkəzində olmaqla, onlar  dövlətimizin bütün qayğıları ilə əhatə olunublar. Odur ki, 9 May – Qələbə günü həm də xalqımızın qələbə səlnamələrindən biri kimi heç zaman unudulmayacaq.

Asəf Salmanov
YAP Qazax rayon təşkilatının fəalı


Tarix: 6-05-2023, 12:34 Oxunub: 235


Bölməyə aid digər xəbərlər