11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Xalqımızın qəhrəmanlıq ənənələrinin davamı" - Anar Nəbiyev

    Hər bir tarixi gün, bayram keçilən yolun təhlilini, eyni zamanda, həmin dövrün reallıqlarını təhlil etməyi bir zərurət kimi ortaya qoyur. İllər keçdikcə baş verən hadisələrin, tarixi günlərin  mahiyyəti daha dərindən dərk olunur.
    Faşizm üzərində Qələbədən 78 il ötür. Bu Qələbənin  qazanılmasında Azərbaycan xalqının böyük xidmətləri olub. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirib, faşizm üzərində Qələbəyə mühüm töhfə verib. Dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan 1941-1945-ci illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib.
    Faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsi idi. Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
     1941-1945-ci illərdə İkinci Dünya müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçib. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəlib. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu.  1941-1945-ci illərdə İkinci Dünya müharibəsində Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, o cümlədən 480 min vaqona qədər quru yük və 500 min sistern neft məhsulları göndərmişdi. Stalinqrad uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Xəzərin kommunikasiya xətləri ilə 434 min 472 nəfər hərbi və mülki şəxs, 96 təyyarə, 791 tank, 346 zirehli maşın, 222 traktor, 173 min 730 baş at, 213 min 257 ton döyüş sursatı və müxtəlif yüklər daşınıb. Bu kimi statistik rəqəmləri xeyli sayda sadalaya  bilərik.
    İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olanların  xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 78 il ötsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın, onun igid oğullarının xidmətləri daim xatırlanır. İkinci Dünya müharibəsi xalqımızın qəhrəmanlıq ənənələrinin davamıdır. Ön cəbhədə, arxa cəbhədə ata-babalarımızın göstərdikləri hünər, igidlik nümunələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əhəmiyyətli olmaqla yanaşı, həm də onların döyüş ruhunun formalaşmasında böyük önəm daşıyır. Azərbaycan gəncləri vətənpərvərlik hisslərinin böyüklüyünü, torpağa, xalqa bağlılıqlarını 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirərək  30 illik işğala son qoydular, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdilər. Bu tarixi Zəfər Azərbaycan xalqının necə qəhrəman, yenilməz və məğrur xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 6-05-2023, 11:44 Oxunub: 216


Bölməyə aid digər xəbərlər