2018-ci ilin 11 aprel tarixində keçirilmiş Prezident seçkilərində müdrik xalqımız doğru-düzgün seçim edərək yenə də Ulu Heydər Əliyev siyasi kursuna, haqqa - ədalətə, müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyinə, ən layiqli namizədə - İlham Əliyev cənablarına səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız öz güclü Liderinə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin - amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını bir daha göstərdi.
Möhtərəm Prezidentimiz İlham Əliyev xalqa verdiyi vədləri artıqlaması ilə yerinə yetirdi.Müstəqil Azərbaycanımıza Prezident kimi rəhbərlik etdiyi 19 ildən artıq bir müddətdə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olundu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirildi və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər də xüsusi vurğulanmalıdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxın bir müddətdə pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan uğurlu, qətiyyətli addım Azərbaycanı Qarabağın azadlığına doğru yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımızın dalğalandırılması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Möhtəşəm Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Prezident kimi qətiyyətli siyasi iradə nümayiş etdirərək, Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.Bununla da “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim!” deyən Möhtərəm Prezidentimiz Ulu Öndər Heydər Əliyevin müqəddəs arzularını da gerçəkləşdirdi.
Bu gün müdrik xalqımıız torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşamaqla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq - bərpa işlərinin şahidi olur. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri qoyulur.Tarixi Zəfərdən sonra ölkəmizdə hər bir sahədə müsbət irəliləyişlərə nail olunması bir daha deməyə əsas verir ki, Azərbaycanda dayanıqlı inkişaf uğurla təmin edilib. Atılan bütün addımlar Azərbaycanın inkişafına, xalqın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Ölkəmiz nəinki regionda, dünya miqyasında bütün göstəricilərinə görə seçilən ölkələrdən biridir və dünyada Azərbaycana olan maraq günü - gündən artır. Mövcud Azərbaycan reallıqları buna böyük zəmin yaradır. Azərbaycan dövləti müstəqil siyasət aparır və dünyada nadir ölkələrdən biridir ki, o, özünün müstəqil iqtisadi siyasətini bütün dünyaya artıq bəyan edib. Məhz iqtisadi müstəqillik sayəsində əldə edilən uğurlar bu gün Azərbaycanın davamlı inkişafını təmin etmişdir. Hər bir azərbaycanlı sevinir və qürur hissi keçirir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, dünyada nüfuzu artır, yeni - yeni qələbələr qazanır və zaman - zaman hədəflərinə çatır.
Mehman Ballayev
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər