Sosial təbəqələr arasındakı qeyri-bərabərlik dünya miqyasında və böyük sürətlə artmaqdadır, həm də təkcə inkişaf etməkdə olan və ya avtoritar ölkələrdə yox, inkişaf etmiş demokratik ölkələrdə də. Bunun qarşısı alınmasa, milyonçular yaxşı, xalq pis yaşayacaq.
Atia.az xəbər verir ki, Alimlər xəbərdarlıq edirlər ki, hadisələrin bu şəkildə inkişafı ya aşağıların inqilabı, ya da yuxarıların diktaturasıyla nəticələnəcək.
Avropanın İkinci dünya müharibəsindən sonrakı, Rusiyanın postislahat dövründəki və ABŞ-ın Covid dönəmindəki təcrübəsi göstərir ki, dünyadakı bərabərsizlik şüurlu şəkildə seçilmiş iqtisadi və sosial siyasətin nəticəsidir.
Pandemiya göstərdi ki, sosial siyasət sahəsindəki qəti addımlar dünyanı daha ədalətli hala gətirə bilir, son 30-40 il ərzində insanların gəlirləri və sosial rifahında 20-ci əsrin əvvəllərindəki ilkin kapitalizm və Qərb imperializmi dönəmindən bəri görünməmiş dərəcədə artmış fərqi azaldır.
"Bunu qəti əminliklə deyə bilərik: sosial bərabərsizlik əvvəlki sürətlə davam edərsə, varlılar və kasıblar arasındakı rifah fərqi nəhəng uçuruma çevriləcək. Siyasətdə kəskin dönüşlər və ya təbii fəlakətlər, müharibələr kimi xarici şoklar baş verməsə, gələcək multimilyonerlərin olacaq", - "Dünyadakı bərabərsizlik haqqında" son hesabatda belə deyilir.
Alimlər çoxdan bildirirlər ki, dünya, o cümlədən və xüsusilə də dünyanın ən varlı ölkəsi olan ABŞ getdikcə daha ədalətsiz yerə çevrilir. Bu qənaəti təkcə marksistlər və inqilabçılar yox, cəmiyyətdə harmoniyanın bərpası üçün sərvətlərini paylaşmağı təklif edən milyarderlər də bölüşürlər.
İnqilabları gözləməklazım deyil.
Bu sahənin beynəlxalq miqyasda avtoritet hesab olunan nümayəndələri - Tom Piketty və Nobel mükafatı laureatları, ər-arvad Esther Duflo və Abhijit Banerjee də təzəlikcə belə bir xəbərdarlıqla çıxış ediblər. Onlar dünyadakı yoxsulluq və sərvətlə bağlı 4 il boyu topladıqları məlumatları analiz edərək son dövrün ən böyük və ən əhatəli araşdırmasını ortaya qoyublar.
"Pandemiyadan çıxma ərəfəsində - iqtisadi siyasət yenidən diqqət mərkəzinə gələn günlərdə bu hesabat çox yerinə düşür. Araşdırma bizi dərhal - iqtisadi (və digər) hakimiyyətin getdikcə daha az adamın əlində cəmləşməsiylə vəziyyəti dəyişmək fürsətini itirməyimizi gözləmədən hərəkətə keçməyə məcbur etmək gücündədir. Həvəsdən düşməyə və ya oturub inqilabları gözləməyə heç bir əsas yoxdur" - 236 səhifəlik sənədə ön sözdə Duflo və Banerjee belə yazırlar.
Sosial siyasətdə köklü dəyişikliklər lazımdır. Bunun üçün təcrübə prosesində sınaqdan çıxmış qərarlar var. Belə qərarları tez bir zamanda hazırlayıb həyata keçirməyə imkan verən modellər mövcuddur.
Lazım olan tək şey siyasi iradədir. Koronavirus pandemiyası göstərdi ki, o da var.
Bu, yaxşı xəbərdir. Pis xəbərsə odur ki, pandemiya həm yoxsullar və varlılar arasında, həm də varlı və kasıb ölkələr arasında bərabərsizliyi artıraraq son 10 ildə əldə edilmiş müəyyən nailiyyətlərin üstündən xətt çəkdi.
Bərabərsizlik niyə artır və Thatcher, Reagan və Rusiyanın məsələyə nə dəxli var?
Müasir dövrdəki bərabərsizliyin kökü çox da dərində deyil.
Yüz illik sürətli təbəqələşmədən sonra 20-ci əsrin əvvəlində kapital və işçi qüvvəsi arasındakı tənzimlənmə sayəsində vəziyyət düzəlməyə başladı - ABŞ-da Böyük Depressiyaya, Rusiyada Oktyabr inqilabına cavab olaraq.
Yer əhalisinin ən az təmin olunmuş 50%-i dünya sərvətinin cəmi 2%-inə nəzarət edir.
İkinci dünya müharibəsindən sonra Qərb sosial dövlətlər qurmağa başladı və bu, bəzi ölkələrdə sosial bərabərsizliyi kəskin azaltdı.
Ancaq iki hadisə bu prosesi dayandırdı.
1970-ci illərdə ABŞ və Avropada iqtisadi böyümə yavaşladı, nəticədə sağ neoliberal dönüş - Amerika və Britaniya liderlərinin adıyla ifadə edilən "Thatcher Reagan inqilabı" baş verdi. Hər ikisi sahibkarlara daha çox azadlıq vermək, onlardan daha az vergi tutmaq, həmkarlar ittifaqlarının biznesə təsirinin azaltmaq naminə sosial dövlət strukturunu dağıtdı.
İkinci hadisə isə ötən əsrin sonlarında SSRİ-də, Çində və Hindistandakı iqtisadi modellərin dağılmasıydı.
Nəticə etibarilə 30-40 il ərzində dünya yüz il geri düşdü. Bərabərsizlik sürətlə artmağa başladı və bu proses ancaq 2008-ci ildəki maliyyə böhranından sonra yavaşladı. Sonra da Covid fəlakəti başladı.
Pandemiyanın bərabərsizliyə təsirlərinə keçməzdən əvvəl sosial proqresi durduran bu iki hadisənin nəticələrinə nəzər salaq.
Yer əhalisinin cəmi 1 faizini təşkil edən varlıların qazancı digər təbəqələrlə müqayisədə daha sürətlə artdı. 1995-2021-ci illərdə dünya sərvətindəki artımın 38 faizi varlıların, cəmi 2 faizi isə planet əhalisinin yarısını təşkil edən ən yoxsul 50 faizinin payına düşdü.
XX əsrin əvvəllərində - Möhtəşəm dövr (La Belle Époque) adlandırılan illərdə Avropada sosial bərabərsizlik ən yüksək həddə çatmışdı.
Gəlirlərdə də vəziyyət eyniydi - Möhtəşəm dövrün zirvəsi sayılan 1910-cu ildə bütün gəlirlərin 26 faizi, 1970-ci ildə 16 faizi dünya əhalisinin 1 faizini təşkil edən varlıların payına düşürdüsə, 2020-ci ildə onlar itirdiklərinin bir qismini geri qaytararaq bu göstəricini 21 faizinə çatdırdılar.
Bu, əsasən ABŞ-da qiymətli kağız bazarındakı kəskin yüksəlişə və SSRİ-nin dağılmasından sonra Rusiyada baş vermiş təbəqələşməyə görə baş vermişdi. Təsadüfi deyil ki, dünyanın ən böyük iqtisadiyyatı sayılan ABŞ milyarderlərin sayına görə dünya üzrə birinci yeri tutur, iqtisadiyyatı ondan 14 dəfə kiçik olan və reytinq cədvəlində 12-ci sırada duran Rusiya isə Forbes-un siyahısında 5-ci yerdədir.
"1990-cı illərdə Rusiyanın kapitalizmə keçməsi ölkə sərvətlərinin əhalinin 10 faizini təşkil edən varlıların əlində cəmləşməsilə nəticələndi. Onların gəlirlərinin ümummilli rifah göstəricisindən 70 faiz çox olması Rusiyanı dünya üzrə sosial bərabərsizlik liderlərindən birinə çevirdi" - araşdırma müəllifləri belə yazırlar.
Alimlər Rusiya milyarderlərini 1990-cı illərdəki genişmiqyaslı özəlləşdirmənin, maliyyə axınlarının optimallaşdırmasına və böyük bizneslə oliqarxlardan vergi tutulmasına hakimiyyətin barmaqarası baxmasının - bazar iqtisadiyyatın keçid zamanı tətbiq edilən "şok terapiyasının" əsas benefisiarları adlandırırlar.
Covid sosial bərabərsizliyə necə təsir etdi?
Pandemiya dünyanı dərin böhrana sürüklədi və varlılarla kasıblar arasındakı uçurumu böyütdü, amma bu prosesin durdurula biləcəyini də göstərdi.
Koronavirus böhranı yaşanan son 2 il ərzində dünya üzrə ümumi gəlir 1 faiz, Yer əhalisinin ən varlı 0,001 faizinin gəlirləri 14 faiz artaraq milyarderlərin hesablarındakı məbləğin 1,5 dəfə çoxalmasıyla nəticələnsə də, gəlirlərdəki fərq azaldı.
Pandemiya dövründə ABŞ-da yoxsulların sayı 45 faiz azalıb.
Tom Piketty-nin laboratoriyasında çalışan alimlər belə dəyişikliyi hakimiyyətin yürütdüyü siyasətlə izah edirlər, bu faktı sosial bərabərsizliyin tale və ya alın yazısı yox, siyasi seçim olmasının daha bir sübutu adlandırırlar.
Əlbəttə, sosial bərabərsizliyin əsas səbəbi cari gəlirlər yox, toplanmış sərvətdir, çünki bu sərvət varlılara əlavə qazanc gətirir - istər birbaşa (faizlər, mülkiyyət bahalaşması və s.), istərsə də dolayı (miras, aksiya və ya mənzillərin girov qoyulması, pulların dövriyyəyə buraxılması: biznes qurmaq və ya sonradan daha baha qiymətə satmaq üçün lazımsız şeylər almaq və s.) yolla.
Pandemiya göstərdi ki, sərvətləri olmasa da, gəlirləri qəti qərarlarla nizamlamaq mümkündür.
Bir çox ölkədə hökumət vergi ödəyicilərinin pulları hesabına vətəndaşları və biznesi dəstəklədi. Məsələn, hökumətin istisnasız olaraq hər kəsə 1000 dollarlıq çek göndərdiyi ABŞ-da yoxsulluq səviyyəsi 45 faiz azaldı. 2018-ci ildən bu yana 20 milyon amerikalı kasıblığın daşını atıb.
Hesabatda qeyd olunur ki, "Dövlət dəstək verməsəydi, bərabərsizlik kəskin dərəcədə artardı, amma hökumətin fəaliyyəti böhranın nəticələrini yumşaltdı və hətta əhəmiyyətli dərəcədə kompensasiya etdi. Bu, bir daha sübut edir ki, yoxsulluq qaçılmaz bir şey deyil. Sosial siyasətin qəti qərarlarıyla ona qarşı mübarizə aparmaq mümkündür və lazımdır".
Bərabərliyə və ədalətə necə nail olmalı?
Amma situasiyanın diqtəsiylə cəmi bir dəfə doğru seçim etmək kifayət deyil. Bu, daimi proses olmalıdır.
Hətta inkişaf etmiş Niderlandda da insanlar həyat səviyyəsindən razı deyillər. Utrext sakinləri əlçatan mənzil tələbilə aksiya keçirirlər.
Məsələn, elə Covidi götürək: əhalinin və iqtisadiyyatın dövlət tərəfindən geniş miqyasda dəstəklənməsi sosial bərabərsizliyi azaltdı, amma dövlət borcu bəzi ölkələrdə 5 faizə, bəzilərindəsə hətta 20 faizə çatdı. Alimlər xəbərdarlıq edirlər ki, bu borcun ödənilməsi vergilər və ya inflyasiya yoluyla rifah halı nəzərə alınmadan bütün vətəndaşların çiyninə yüklənərsə, yenicə fəth olunmuş sosial ədalət zirvəsi tezliklə tərk edilə bilər:
"Bu və ya digər şəkildə borcu vətəndaşlar ödəməli olacaqlar. Hansı şəkildə - hələ ki bunu heç kim bilmir. Müxtəlif strategiyalar tətbiq etmək olar. Pandemiyanın bərabərsizliyə təsiri seçilmiş yoldan asılı olacaq".
Dünyanın daha ədalətli olması üçün nə etmək lazımdır və heç bir tədbir görülməzsə, nə baş verə bilər?
Bu suala alimlər həmişəki kimi çox nəzəri cavab verirlər.
Koronavirus dünyanı yoxsullaşdıracaq. Onunla mübarizəyə kimlər və nə qədər pul xərcləyəcək?
İdeal dünyada iqtisadiyyatçılar-neoklassiklər varlıların pullarının bir hissəsini kasıbların rifah halının yaxşılaşdırılmasına yönəltməyi təklif edərdilər.
Pullar azlığın əlində cəmlənibsə, nəzəriyyəyə görə, bərabərsizliyin azalması üçün azad ölkələrdə milyonerləri, qeyri-azad ölkələrdə korrupsionerləri qazanılmış və oğurlanmış pulları infrastruktura, səhiyyəyə, təhsilə və kapitala bərabər giriş imkanına sərf etmək üçün dilə tutmaq lazımdır. Onda yoxsullar da varlanmaq şansı qazanarlar.
Amma praktika nəzəriyyədən fərqlənir.
"Məlum siyasi-iqtisadi səbəblərə görə sərvətin belə elementar bölgüsü az inandırıcıdır. Məcburiyyət qarşısında qalmasalar - inqilab, torpaq islahatı və ya proqressiv vergi siyasəti olmasa, varlılar öz pullarından könüllü şəkildə vaz keçməzlər" deyə yazan müəlliflər qeyd edirlər ki, onları dilə tutmaq lazım gələcək, çünki varlı vətəndaşlar döyüşsüz təslim olmurlar.
Bölməyə aid digər xəbərlər