11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
" Xalqımızın hüzn və şərəf günü" - Anar Nəbiyev

      Tariximizin hər bir səhifəsi bizin üçün əzizdir, önəmlidir. Günümüzün əsas çağırışlarından biri tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Öyrənilməsi, əsl mahiyyəti ölkə və dünya ictimaiyyətinə çatdırılması vacib olan hadisələrdən biri də 33-cü ildönümünü qeyd etməyə hazırlaşdığımız 20 Yanvar hadisəsidir.  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.
     20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azad, müstəqil yaşamaq, Azərbaycan xalqının ən böyük arzusu olub.
    20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən AXC-Müsavat cütlüyünün iç üzü açılmağa başladı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən bu cütlük  hakimiyyətə gəldikdən sonra bu mövzunu  unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdi: “Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi.”
    1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
    Bu mühüm məqamları da qeyd edək ki, Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə qayıdışından sonra da bu hadisəyə hüquqi- siyasi qiymətin verilməsi əsas çağırışlar sırasında oldu. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.  Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ümummilli Liderin  Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Onu da qeyd edək ki, ulu öndər Heydər Əliyevin  təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər xiyabanında möhtəşəm abidə kompleksi ucaldıldı. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət göstərir.
     20 Yanvar faciəsinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq.

 
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 18-01-2023, 15:28 Oxunub: 127


Bölməyə aid digər xəbərlər