Ulu Öndər Heydər Əliyev elə böyük, həssas və uzaqgörən şəxsiyyətdir ki, hansı səmtə baxsaq, həyatımızın bütün sahələrində onun misilsiz xidmətlərini, dərin izlərini görərik. Dahi şəxsiyyət, müdrik siyasətçi dövlət müstəqilliyimizin xilaskarı kimi müstəqilliyə xələl gətirən ən böyük təxribatlardan, xəyanətlərdən tutmuş, ən xırda həssas nöqtələrə qədər heç bir sahəyə biganə qalmazdı. Xalqımızın, dövlətimizin taleyi ilə bağlı ən ümdə məsələləri vaxtında qabardıb, uyğun və təxirəsalınmaz tədbirlər görərdi. Ulu öndərin ən böyük arzusu Azərbaycanı azad və müstəqil görmək idi. O, buna böyük çətinliklər bahasına nail oldu. Ulu Öndərin böyük amalının qarşısını almaq üçün bədxah qonşularımız ötən əsrin sonlarında işğalçılıq siyasəti yürüdərək bizim üçün Qarabağ problemi yaratdılar. Vətənimizin ayrılmaz parçası olan gözəl Qarabağımızı və həmsərhəd ərazilərimizi xarabalığa çevirdilər, yerlə - yeksan etdilər, mədəni – mənəvi irsimizə, təbiətimizə ciddi ziyan vurdular. Paxıllıq, bədxahlıq simvolları olan erməni qəsbkarları namərd və nankor havadarları ilə birlikdə ölkəmizin cənnət güşəsini işğal edərkən, onun təbiətini də talan etdilər, ekologiyasını amansız günə qoydular.
Ulu öndər Ana yurdumuzu qarış-qarış gəzərkən, onun inkişafının təməl planlarını qurarkən, heç vaxt ekologiyanı, təbiəti yaddan çıxarmamışdır. Çünki Tanrı bizə əlçatmaz bir təbiət gözəlliyi bəxş etmişdir. Dünyanın ən böyük alimləri, ekoloqları ölkəmizdə olmuş, nadir təbiətimizin füsunkarlığından vəcdə gəlmişdilər. Bütün dünya həm tarix, həm gözəllik baxımından Azərbaycanımızı ən nümunəvi coğrafiya sayır. Ölkəmizin Avropa və Asiyanın qovşağında, çox əlverişli bir coğrafi məkanda yerləşməsi, mövcud on bir iqlim qurşağının doqquzunun Azərbaycanda mövcudluğu bunu şərtləndirən ən vacib amillərdəndir. Elə buna görə də Ulu Öndər Heydər Əliyev Azərbaycan təbiətinə xüsusi önəm vermiş, onun daim təbii və ilkin toxunulmazlığını qorumağın vacibliyini zəruri saymışdır.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdir. Bu işlər ardıcıl, müntəzəm və sistemli şəkildə görüldüyü üçün böyük səmərə vermişdir. Təbiətə qarşı yönəlmiş hər hansı qəsd Ulu Öndəri çox hiddətləndirərdi: “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız.”
Bu sözlərdə görkəmli dövlət xadiminin böyüklüyü qədər sadəliyi, dərinliyi qədər şəffaflığı öz əksini tapır. Biz burada qəbul etdiyi qərarların arxasında duran saf qəlbli, qüdrətli bir insanın durduğunun şahidiyik. Əlbəttə, bu böyüklükdə, dəyanətdə və düşüncədə olan insana şahidlik lazım deyil. Çünki hara baxırsan, onun saf toxum səpdiyi Azərbaycan məkanından, hətta bütöv keçmiş SSRİ məkanından səs gəlir: canlı insan səsi, təbiət səsi, göylərə ucalan ağacların, yerlərdə uzanan su kanallarının səsi deyir ki, biz o böyük insanın, geniş qəlb sahibinin insanlığa xidmət edən əməllərinin şahidiyik.
Ulu öndərimizin müdrik siyasətini uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də təbiətə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Təbiətin mühafizəsi ilə əlaqədar yeni şəraitə uyğun milli proqramlar hazırlanır. Əlbəttə, Prezident İlham Əliyevin imzası ilə həyata keçirilən bu proqramlar təbiətimizin daha da zənginləşməsindən, təbii sərvətlərimizin etibarlı və effektli mühafizəsindən xəbər verir.
Hər birimiz Ulu öndər Heydər Əliyevin zəngin maddi sərvətlərimizə – yaşıllığa, meşələrə, dağlara, çaylara, bulaqlara, bir sözlə, təbiətə münasibətindən nümunə götürməli, ana təbiəti göz bəbəyi kimi qorumalı, Azərbaycan təbiətinə doğma övlad qayğısı göstərməliyik. Bütün bunlar xalqını, vətənini, torpağını sevən hər bir vicdanlı azərbaycanlının vətəndaşlıq borcudur.
Aqil Qasımov
YAP Qazax rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər