11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
" Laçın rayonunun qaytarılması tarixi məsələdir" - Anar Nəbiyev

    Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü, eyni zamanda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq qrafik əsasında torpaqlarımızın ölkəmizə qaytarıldığı tarixlərdə xalqa müraciətlərini bu gün də böyük sevinc, qürur hissi ilə xatırlayırıq. 1 dekabr 2020-ci il tarixdə  Laçın rayonunun işğaldan azad edilməsi xəbərini xalqa çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev “Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən     5 min, 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər  – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq” söyləyərək bildirdi ki, çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna həm döyüş meydanında, həm danışıqlar masasında nail olduq. Dövlət başçısı daim çıxışlarında bu reallığı da diqqətə çatdırır ki, əgər düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı: “Düşmən bu işğalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü. Laçın rayonuna da bir eybəcər erməni adı vermişdilər. Artıq yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa eybəcər adlarla bərabər.”
     1 dekabr 2020-ci il tariximizə Laçın rayonunun işğaldan azad edildiyi tarix kimi yazıldı. Təkcə laçınlılar deyil, bütün xalqımız bu qürurlu tarixin sevincini yaşayır. Torpaqlarımızın tarixi sahibinə qovuşması, dağıntılardan qurtularaq həyatının quruculuq dövrünə qədəm qoyması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Bu sevinci bizələrə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq.
    Laçın rayonu 18 may 1992-ci ildə işğal olunmuşdu. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olurdu. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb,   300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
     İki ildir Laçın rayonu yeni inkişaf dövrünü yaşayır. Belə ki, rayonda   generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Rayonun yol-nəqliyyat infrastrukturu bərpa edilir.  Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
    2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
   Rayonda görülən işlərin miqyası genişdir. Soydaşlarımız üçün yüksək həyat şəraitinin yaradılması əsas hədəflərdəndir. Böyük Qayıdış proqramı əsasında görülən işlər bu reallığı təsdiqləyir ki, laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 30-11-2022, 10:02 Oxunub: 369


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı