11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Oğlan adı ilə döyüşlərə qatılan igid qızımız... - Mansurova Vəfa Dəmirçi qızı (Mansurov Vəfadar Dəmirçi oğlu) atıcı- döyüşçü...

   Mansurova Vəfa Dəmirçi qızı (Mansurov Vəfadar Dəmirçi oğlu) atıcı- döyüşçü.
 Mansurova Vəfa Dəmirçi qızı (Mansurov Vəfadar Dəmirçi oğlu) 1966- cı ilin iyun ayının 23-də Qazax rayonu Daş Salahlı kəndində anadan olub.
 24 aprel, 1997- ci ildə vəfat edib. 1991-ci ildə Qazax rayonu Daş Salahlı kəndində özünü madafiə batalyonu yaranıb. 2 ay ərzində 825 saylı polk Qazax rayon hərbi kommisarlığında rəsmi qeydiyyatdan keçib. Bir ay yarım sonra isə batalyon 707 saylı hərbi hissə kimi rəsmiləşib. Komandiri Nəbiyev Sarxan Namaz oğlu olub. O batalyonda Əmir Əsgər oğlu İbrahimov da döyüşçü – komandir kimi şəhid olub.. Mansurova Vəfa Dəmirçi qızı ilk könüllülərdən və hətta təşkilatçılardan biri olub. Onu qeydiyyata götürəndə hərbi hissədə bildiriblər ki, biz sizi ancaq aşpaz və ya təmizləyici kimi qeyd edə bilərik. Bizdə qızlar üçün əsgəri xidmət olmadığına görə, sizi döyüşçü kimi qəbul etmək mümkün deyil. Lakin onun xüsusi snayperçi məharətini gördükdə, xarici görkəmindən də oğlana bənzəyən Vəfa Dəmirçi qızı Mansurovanı Mansurov Vəfadar Dəmirçi oğlu kimi qeyd edib, atıcı- döyüşçü kimi hərbi hissədə qəbul edirlər. 1993 ilin sonlarına qədər döyüşdə olub. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra “ Daha ordunun sahibi gəldi, indi peşəkarlar ordumuz olacaq” deyib evlərinə qayıdıb. Lakin döyüş, səngər, döyüşçülərin maddi təminatsızlığı, 20 Yanvar qətliamıı, Xocalı soyqırımı onun psixoloji durumuna və səhhətinə ciddi təsir edir. Ordu sıralarından evə qayıtdıqdan bir müddət sonra xəstələnir və evlərində vəfat edir. Daş Salahlı qəbristanlığında, mənsub olduğu Qayalılar nəslinin arasında dəfn olunur. Adına Qazax rayonunun mərkəzində, Şəhidlər kompleksinə yaxın yerdə bulaq inşa edilib. 24 aprel Mansurova Vəfa Dəmirçi qızının xatirə günüdür.

  Yazıçı Natəvan Dəmirçioğlunun “ Açar “ romanında adı keçən ölməz Vəfanı biz də ehtiramla anırıq və romandan bir parçanı diqqətinizə çatdırırıq:

 Natəvan Dəmirçioğlunun “ Açar “ romanından parça:

   -Aydın, sənin gəlişin hər cəhətdən yerinə düşdü. Qurban olum səni bizə yetirən Allaha. Nə yaxşı gəldin. Hər şey öz-özünə çox gözəl oldu.                                     
     -Məsələn, nə gözəl oldu?                                                                      
      --O gözəl oldu ki... -bir anlıq dayandı- sənin gəişin həmişə bayramdı, o öz yerində. İndi iki gündən sonra atanın ad günüdür. Hərçənd ki, o ad günü eləməyə qoymur, “qaçqınlıqda nə ad günü” deyir, amma biz tort hazırlayırıq, yemək də qaydasında. Sənsiz ləzzəti yoxdu heç nəyin. İndi hamı ləzzətlə oturacaq süfrədə. Üç gündən sonra  uşaq da məkdəbə gedir. Bu gün də mən pərdələri dəyişməliyəm.       
      -Nə pərdə?                                                                                                      
     --Pərdə də, pəncərələrin pərdəsini. Səni Allah yetirib. Yüyülü, ütülü, hazırdır pərdələrim, açıb, bağlamağa sən yardım edəcəksən.             Ütü stolunun üstündən aşırılmış pərdələrin indi fərqinə vardı. Ağappaq tül idi, üzərində qızılı, xırda yarpaqlar. Bir də qızılı rəngdə atlaz üstlük. Gəlin   həvəslə əlini pərdələrə çəkdi.                                                                                               
   -Görürsən rəngi də payızı imitasiya edir. Pəncərədəkilər yay pərdəsidi, rəngi də yaya uyğundu, ağ tül, mavi dekor, dəniz rəngi,  həm də birazdan soyuğu saxlamayacaq.                                                                                                       
      -Sən onları qatla , qoy dolaba.                                                                                
     -Niyə?                                                                                                          
     -Qoy müharibə qurtarsın, dəyişərsən.                                                                 
  Gəlin istədi ki, desin “müharibə nə vaxt qurtaracaq   ki”, demədi.                        
   -Müharibənin qurtarmağını gözləyə-gözləyə ömrümüz əldən getdi –dedi.           
   Gəlin divana çöküb, oturdu. Astadan köksünü ötürdü.                                        
   Aydın bu illər ərzində birinci dəfə Ona dedi:                                                   
     - Cəbhədə bilirsənmi nələr olur?- hətta kövrəldiyini gizlədə bilmədi.                   
    Cavab almadan dedi:                                                                                        
    - Mənim əsgərim vardı, Mahmud,  güllə qarın nahiyəsindən dəymişdi, bağırsaqları yerə tökülürdü. Bir əlilə bağırsaqlarını qarnına yığıb, o biri əlilə onları tutub saxlamağa çalışır, dayanmadan  deyirdi: - “Komandir, qoyma məni ölməyə, qoyma məni ölməyə, mən ölümdən qorxmuram, bircə,   anam dözməz deyə ölmək istəmirəm. Qışın soyuğunda onun qarnından bir buğ qalxırdı, hələ də dəhşətə gəlirəm ki, insanın bədəni necə isti olur. O gündən bu yana çay da buğlananda Mahmud yadıma düşür.                                                                                            Susdu. Hönkürtüylə, səslə ağlamaq keçdi ürəyindən. Dodaqlarını bir-birinə sıxıb, dayandı - Bunları kədərlənəsən deyə demirəm. Sənin də bilməyin  lazımdır, o üzdən deyirəm. Həsən vardı. Uzun kiprikləri vardı. Adama baxanda kipriklərini tez-tez  çalırdı. Soruşmuşdum ki, niyə gözünü çox qırpırsan, gözündə problemmi var?
  Dedi: - Yox , komandir, kipriklərim hərdən dolaşır.
  Uşaqlar gülüşdü. Mərmi partlamışdı yanında. Gödəkcəsinin cibindən bir cüt körpə  ayaqqabısının hərəsi bir yana düşmüşdü. Dedilər təzəcə övladı dünyaya gəlib. Məzuniyyətdən qayıdanda ayaq geyimini özü ilə götürüb, hər gün qoxlayırmış. Başı bədənindən ayrı düşmüşdü. Gözlərini sığadım. Kiprikləri örtülmədi. Gözləri açıq qaldı...       
  Bilirdi bunları demək olmaz, niyəsə deyirdi. Üstündən illər keçəndən sonra dilə gətirirdi:                                                                         -Ilk könüllü batalyonun əsgəri Vəfa! Allah vergisiydi o qız. Oğuldan ötə bir qız. Mansurova idi soyadı,  Dəmirçi qızı. Mən o adı, o hadisəni heç unutmadım. Konülülərin qeydiyyata alınmasında gəlmişdi. Əynində şalvar, köynək, başında günlük papaq, saçları oğlan saçı kimi kəsik, çiynində avtomat, alov kimi bir qız idi. Döyüşçü kimi qeydiyyatdan keçmək istəyirdi. Ona dedim  ki, biz rəsmi qeydiyyata qız döyüşçü götürə bilmərik, icazəmiz yoxdur. Siz ancaq tibb bacısı, ya da mətbəx işlərini görəcək işçi kimi sıralarımıza daxil ola bilərsiz. Həmən tüfəngi çevirdi və uzaqda görünən kiçik boş qabı göstərərək, “Komandir, o sizin nişangah, bu da atəş!” dedi və atdı. Qab parçalanıb  havaya “uçdu”. Onu könüllü ordu sıralarına atıcı-döyüşçü kimi qeydiyyata götürdük. Mansurov Vəfadar  Dəmirçi oğlu kimi yazdıq adını.
   -Nə danışırsan? Qızın hünərinə bax!-
  Onun haqqında bir az bilgisi olsa da, indi eşitdiklərinə   təəccübləndi.
  -Bu hələ hünər deyl, hünər bilirsənmi nədir?
  -Nə bilim?
 -Hünər odur ki, silah, sursatımız qurtaranda, bəzən bircə güllə qalırdı. O zaman qarşı tərəfi susdurmaq üçün snayperin arxasına Vəfa keçirdi.
   -Aman Allah, qıza bax ee.                                                                                      
       -Qərargaha yaxın yerdə bir daş var idi. Çox böyük daş idi. Səngər kimi istifadə edirdik ondan. Ancaq o daşın üstünə çıxanda "ratsiya" yaxşı tuturdu, bir də ən yaxşı o daşın üstündən görünürdü düşmən tərəfin hərbi düşərgəsi. Bəzən kəşviyyat məqsədilə o daşdan istifadə lazım olurdu. Hər kəs ürək eləmirdi ora getməyə. Bir də görürdün, axşamda, sabahda- lazım olan anda Vəfa  ora gedib, qayıdır. Ona Vəfanın daşı deyilirdi.
  1993 cü ilin sonuna qədər bizimlə oldu.              
    -Bilirəm. Bəzi faktlar eşitmişəm Onun haqqında. Doxsan üçdə “ordunun sahibi gəldi” deyib hərbi yüksəklikdən enib, evinə qayıdıb. Onun “Biz sərhəddə yaşayırıq, dağın o üzü ermənilərdir, kəndi saxlamaq üçün hər evdən bir adam səngərdə olmalıdır!” çağırışı kəndin oğlanlarını səngərə toplayıb.                              
   -O özü də bir oğul idi, əməlli-başlı.
  “Niyə qəbula getmirsən, axı universitetə sənəd vermişdin”  deyənlərə söylədiyi “Diplom Vətən qorumur!” sözləri aforizm olmuşdu.                      -Cəbhədə şəhid olmayıb O.                                                                           
   - Nə dəxli var, cəbhədə yaşadığı psixoloji və fiziki gərginlikdən  səhhətində problem yaşadı və həyatını itirdi.                        
   - “Onun dəfninə gedə bilmədik” deyib, üzülürdün....  Bu o qızdır da?                
    - Hə özüdür. Heç şəhid kimi də dəfn olunmayıb.  Nə özü, nə də atası onun hərbiçi imtiyazlarının marağında deyildilər. O təmənnasız fədai idi. Onu tanıyanlar  bilir. Onların ruhunu xoşbəxt eləmək var hələ qarşıda …                       
    Susdu.Yorğun gözlərlə Gəlinə baxıb:                                                             
      -Sən də deyirsən ki…


Tarix: 24-04-2022, 15:20 Oxunub: 1 776


Bölməyə aid digər xəbərlər