Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu erməni terrorçularının işğal etdiyi tarixi torpaqlarımızdan qovaraq 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etdi. Döyüşlər zamanı yüzlərlə mərd və cəsarətli igid canları ilə Azərbaycan səlnaməsində yeni səhifə açaraq qanları ilə tarix yazdılar.
II Qarabağ müharibəsində canından keçən qəhrəmanlarımızdan biri də şəhid Xəyal Salam oğlu Ağaməmmədovdur.
ATİA.AZ xəbər verir ki “Report”un əməkdaşları şəhidin doğulub
boya başa çatdığı, evinə baş çəkərək ailəsi ilə həmsöhbət olublar.
Xəyal Ağaməmmədov 23 avqust 1992-ci ildə Hacıqabul rayonunun Kolanı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Xəyal Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun komandiri olduğu hərbi hissədə xidmət etməyə başlayır. Hərbi xidmətinin ilk günlərində ayıq-sayıqlığı, cəsarəti və qorxmazlığı ilə hər kəsin diqqətini cəlb edən Xəyal kəşfiyyat bölüyünə cəlb edilir. Onu xidmət etdiyi hərbi hissədə “Polad Həşimovun əsgəri” yaxud da “polad əsgər” çağırırmışlar.
Xəyal həqiqi hərbi xidmətini başa vurduqdan sonra mülki həyatda müxtəlif sahələrdə çalışıb. Bu ilin iyul ayında erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi təxribatlar və terror hadisəsi zamanı polad Həşimovun və onunla birlikdə bir neçə hərbi qulluqçunun şəhid olmasından təsirlənən Xəyal Ağaməmmədov könüllü olaraq Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək Orduya yazılır.
Sentyabrın 27-də erməni terrorçularının Azərbaycana qarşı diversiya cəhdinin qarşısının alınması ilə başlayan II Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi döyüşlərə qatılır
Xəyalın döyüşü yolu Füzulidən başlayır, Cəbrayıl və Zəngilandan keçərək Şuşada əlbəyaxa döyüşlər zamanı süngü bıçaqdan boğazından aldığı iki ağır zərbə ilə şəhadətə qovuşmasıyla sona çatır. Bu yol yalnız yazılanda və ifadə ediləndə asan səslənir. Xəyal döyüşlər zamanı 2 dəfə güllə yarası alsa da döyüş yoldaşlarından geri qalmır. Beləliklə, bu şərəfli yolda cəsarətlə düşmənin üzərinə ön sıralarda şığıyan Xəyalın sözün həqiqi mənasında işğaldan azad edilən torpaqların hər qarışında al-qırmızı qanının izləri var. Sanki düşmən gülləsi Xəyalı əldən salmaq, yerə yıxmaq əvəzinə Polad Həşimov kimi daha da cəsarətləndirir və polad kimi nöhkəmləndirirdi.
Hərbi xidməti dövründə sıravi bir əsgərin adı generalın adı ilə qoşa çəkilməsi və ya həmin əsgərin generalın adı ilə çağırılması hər kəsə nəsib olmayan nadir haldır. Xəyal sanki “Polad Həşimovun əsgəri” və “polad əsgər” ləqəblərinin haqqını verərək mənfur düşəmənin gülləsinə polad möhkəm daynıb, şəhid komandiri general Həşimovun qısasını almaq üçün irəliləyirdi. 44 günlük müharibə zamanı bədənində 2 gülllə yarası olmasına baxmyaraq 43 gün döyüşən Xəyal noyabrın 7-də Şuşa uğrunda əlbəyaxa döyüşlər zamanı süngü bıçaqla boğazından aldığı 2 zərbədən sonra şəhadətə qovuşub. Ruhun şad olsun Xəyal, sənin və sənin kimi minlərlə igidin qanı və canı bahasına Polad Həşimovun qisası da alındı, torpaqlarımız düşmən işağlında da azad edildi.
Bölməyə aid digər xəbərlər