“Ağstafa Aqropark” MMC-nin Müşahidə Şurasının sədri Rəsul Orucov kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğu halda şirkətinin ƏDV və mənfəət vergisinə cəlb edildiyini deyir.
Bu barədə müraciət edən şikayətçi bildirib ki, Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı torpaq vergisindən başqa bütün digər növ vergilərdən azaddır: “Şirkətimiz 2010-cu ildən fəaliyyət göstərir. 2020-ci ildə şirkətimiz aqropark adını aldı və martın 4-də baş tutan açılış mərasimində də ölkə başçısı İlham Əliyev iştirak edib.
Açılışdan sonra təəssüf ki, ölkədə pandemiya başladı. Bu zaman işçilərin 70 faizi evdən işlədi, 30 faiz işçi sahələrdə oldu. Biz taxıl, yonca, buğda, çuğundur istehsalı ilə məşğuluq. Müəssisədə mühafizəçidən başqa adam olmurdu. Mayda Şəmkirdə yerləşən 14 saylı regional vergi xidməti bizim müəssisədə növbədənkənar vergi yoxlaması barədə qərar çıxarıb. Həmin dövrdə sərt karantin rejimi olduğuna görə müəssisə bağlı olub.
Biz vergi yoxlaması qərarıyla bağlı şikayət etdik. Araşdırma uzun müddət çəkir. Nəhayət dekabrın 23-də vergi idarəsi müəssisəyə gəlir və akt tərtib edir. Dekabrın 24-də yoxlamaların dayandırılmasıyla bağlı qərar qəbul edilir. Bu ilin fevralın 2-də yoxlama aktına dair şirkətə faks göndərilir. Və son 3 ilə əsasən virtual yoxlamalar nəticəsində şirkətə 6 milyon ƏDV və mənfəət vergisi hesablanıb".
R. Orucov iddia edir ki, şirkətə qarşı bu münasibəti həmin idarənin rəhbəri Səməd Vəliyev göstərir: "Virtual yoxlamayla, özü də ki, vergilərdən azad müəssisə olduğumuz halda necə vergi verilə bilər? Guya bildirirlər ki, lazım olan sənədləri təqdim etmədiyimizə görə belə vergi hesablayıblar. Mən sözügedən məsələylə bağlı İqtisadiyyat Nazirliyinə də müraciət etmişəm. Onlar da məsələni araşdırmaq üçün Şəmkirdəki regional idarəyə göndərirlər. Ancaq məsələ sahibkarın xeyrinə həll edilmir”.
Dövlət Vergi Xidmətindən sahibkarın müraciətini araşdırdıqdan sonra məsələyə reaksiya verəcəklərini bildiriblər.
Günel Türksoy, qafqazinfo
Bölməyə aid digər xəbərlər