Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan daha çox asılıdır. Heç şübhəsiz ki, dost, qardaş Özbəkistanla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində hər iki ölkənin rəhbərlərinin siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin önəmli rolu vardır. Təbii ki, ölkələrimiz arasında əməkdaşlığın güclənməsi fonunda iqtisadi-ticarət əlaqələri də genişlənir. Azərbaycanın biznes və investisiya mühiti, sənaye zonalarında tətbiq olunan güzəştlər sərmayədarlar, o cümlədən Özbəkistan sahibkarları üçün əlverişli imkanlar yaradır.
Məhz, etibarlı münasibətlərin göstəricisidir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son iki ildə Özbəkistana beş səfəri olmuşdur.Qeyd etmək yerinə düşər ki, iki qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə ölkələrimizin imzalaya biləcəyi ən mühüm beynəlxalq sənəddir. Bəli, iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmən müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcəkdir.
Avqust ayının 23-ü tarixi Möhtərəm Prezidentiz cənab İlham Əliyevin Özbəkistana rəsmi səfəri, hər iki ölkə rəhbərinin mətbuata verdikləri bəyanatla yaddaqalan oldu. Dövlət Başçımız qeyd etdi ki, Daşkənddə keçirilən biznes - forum layihələrlə çox zəngin olub.
20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslər əməkdaşlıq əlaqələrini daha zəngin edəcəkdir. Biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verir. İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir.
Münbit investisiya mühitindən danışan Ölkə Başçısı vurğuladı ki, özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq. İnvestisiya proqramları müəyyən olunmuş sahələr: sənaye (ağır, avtomobil, yüngül), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq), turizm biznesi, mehmanxana biznesidir. Biznes layihələrinin informasiya dəstəyinə gəlincə Azərbaycanda, Özbəkistanda baş verənlərlə bağlı və hansı böyük layihələrin reallaşdığı, biznes üçün necə imkanların olması barədə daha çox informasiya olmalıdır.
Ölkə rəhbəri onu da qeyd etdi ki, “Böyük Qayıdış” proqramı kifayət qədər genişmiqyaslıdır. Bu ilin sonunadək bizim 2021-ci ildən bəri yatırmağa başladığımız sərmayələrin ümumi həcmi yəqin ki, 10 milyard dollardan az olmayacaq. Qayıtmaq istəyən 100 min nəfərdən 8 mindən bir qədər çoxu artıq yerləşdirilib.
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanmış Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi yanında Turizm Komitəsi arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə Yol xəritəsi”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında Protokol və digər sənədlər hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır və tezliklə öz səmərəsini verəcəkdir.
Asəf Salmanov
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər