11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Rəşadətli və qalib ordumuzla fəxr edirik" - Babək Vələdov

   Bütün dünyaya bəllidir ki, müdrik Azərbaycan xalqının   Ümummilli Lideri Heydər Əliyev canından artıq sevdiyi ölkəsinin şanlı dövlətçilik tarixində müstəsna rola malik və ən mürəkkəb, ən çətin vaxtlarda xalqının xilaskarlıq missiyasını öz üzərinə götürmüş bənzərsiz dövlət xadimidir. Dahi Rəhbərin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründəki misilsiz xidmətləri bu fikri söyləməyə əsas verir. Ölkəyə rəhbərliyinin bütün dövrlərində Ulu Öndər Azərbaycanın hərtərəfli inkişafına nail oldu. Amma sovet dövründən fərqli olaraq, XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev əvvəlcə müstəqil Azərbaycanı xilas etdi, qorudu, yenidən qurdu və sonra da onun yüksək səviyyəli inkişafına nail oldu. 
    Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində misilsiz xidmətləri Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək ən vacib amillərdən biridir. Ulu Öndərin hərbi təhlükəsizliyin təmin edilməsinə yönəlmiş hərbi siyasətinin əsas şərtlərdən biri isə daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında daha sıx birləşməsi oldu. 
    Qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
    Həmin dövrdə  Ümummilli Lider Heydər Əliyev böyük  uzaqgörənliklə deyirdi: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir.”
   Möhtərəm Prezidentimiz cənab   İlham Əliyevin hakimiyyəti dövründə də ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olmuşdur.  Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
    Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyev hələ 2021-ci ildə belə demişdir:   “İyunun  26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.”
    Hər birimiz canlı şahidiyik ki, Milli Ordumuzun  müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu gün Şanlı Ordumuz dövlətimizin dayağı, xalqımızın güvənc yeri və qürur mənbəyidir. Doğrudan da, nizami ordu, mərd və qorxmaz əsgərlərimiz olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Bu gün hər birimiz rəşadətli və qalib ordumuzla fəxr edirik.  
    Qalib Azərbaycan xalqı torpaqlarımızı işğaldan azad edən, suverenliyimizi bərpa edən xalqına Böyük Qələbə sevinci yaşadan ordusu ilə hər zaman qürur duyur. 

Babək Vələdov
YAP Qazax rayon təşkilatının məsləhətçisi


Tarix: 24-06-2024, 14:10 Oxunub: 205


Bölməyə aid digər xəbərlər