“O vaxt - işğal dövründə mənim köçkünlərlə, - bu gün keçmiş köçkünlər adlandırılır, köçkün anlayışı artıq tamamilə silinib bütün bizim vətəndaşlarımızdan, - çoxsaylı görüşlər əsnasında hər dəfə onlara deyirdim ki, gün gələcək və biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldıracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Yüzdən çox köçkün qəsəbəsi salınmışdır və köçkün qəsəbələrinin hamısının açılışlarında mən iştirak etmişəm.” Dövlət başçısı İlham Əliyev fevralın 26-da Xocalı soyqırımı günündə Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə onu da bildirdi ki, birinci köçkün qəsəbəsi o vaxt Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır. O vaxt o qədər də böyük maliyyə imkanlarımız yox idi. Ulu Öndər hamımıza göstərdi ki, ağır vəziyyətdə yaşayanlar üçün gərək şərait yaradaq: “Eyni zamanda, əsas məqsədimiz torpaqların azad edilməsi idi və o vaxt köçkünlərlə çoxsaylı görüşlər əsnasında deyirdim ki, bu şərait yaradılır, bu şərait yaxşıdır, - çadır şəhərcikləri, bilirsiniz ki, sonuncusu 2007-ci ildə ləğv edildi, - ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra ondan daha yaxşı şərait yaradılacaq sizin doğma torpaqlarınızda və bu gün biz bunu görürük.”
Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıb. Bu il yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək. O cümlədən yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni, quruculuq işləri geniş vüsət alıb.
Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu torpaqların sahibidir, həmçinin qurucu xalqdır. Ermənilərin 30 il dağıtdıqları, yerlə-yeksan etdikləri ərazilərdə genişmiqyaslı, müasir tələblərə cavab verən, gələcəkdə soydaşlarımızın yüksək rifah şəraitində yaşayışını şərtləndirən şərait yaradılır. Mənfur düşmən 30 il şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə müharibədən dərhal sonra bərpa işlərinə start verməklə iqtisadi imkanlarını bir daha təqdim etdi. Qeyd etdiyimiz kimi, bu qısa müddətdə keçmiş köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdıb.
Keçmiş məcburi köçkünlərin öz dogma yurd-yuvalarına qayıdışı hər birimizi qürurlandırır. Xalqımız 30 il torpaq həsrəti ilə yaşasa da, heç zaman ümidini itirmədi. Daim bu inam ifadə edilirdi ki, dövlətimizin uğurlu siyasəti, qətiyyəti nəticəsində torpaqlarımız tarixi sahibinə qayıdacaq, bu ərazilərdə yeni həyat başlayacaq. Cənab İlham Əliyev sözügedən görüşdə bu məqama xüsusi diqqət yönəltdi: “Xocalıya gəldikdə isə biz sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Üstəgəl Xocalının tarixi adını dəyişdirməyə çalışırdı və azərbaycanlıların evlərinə separatçıları, düşmənləri yerləşdirmişdi, o cümlədən xarici ölkələrdən. Görün, xalqımıza qarşı nə qədər böyük və çirkin cinayət törədilmişdir və yenə də deyirəm, dünya buna biganə qalmışdır. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər.”
Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri zamanı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırır. Xocalı şəhərindən ünvanlanan mesajlar da qarşı tərəfə ciddi düşünmək üçün çağırışdır. Belə ki, 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı belə bir çağırışı etdi: “Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.”
Göründüyü kimi, 3 ildən artıq dövrdə bütün planlar ardıcıllıqla həyata keçirilir. Tarixi ədalət bərpa edildi. Suverenliyimiz tam təmin olundu. İşğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Xocalı faciəsinin qurbanlarının, bütün şəhidlərimizin ruhu şaddır. 30 illik işğala, soydaşlarımızın torpaq həsrətinə son qoyulub. Qalib ölkə olaraq diktə edən tərəf Azərbaycandır.
Azərbaycan hər zaman informasiya cəbhəsində üstünlüyünü qorumaq üçün səylərini, real həqiqətlərə əsaslanan təbliğatını daha da genişləndirir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər