13:17 / 01-05-2024
“Bazarstore” təltif edildi
TRAVMATİK YAŞANTILARDAN ANTİSOSİALLIĞA: ŞƏRAİTLƏR, ŞƏRTLƏR, SƏBƏBLƏR, NƏTİCƏLƏR...

       Antisosial şəxsiyyət pozuqluğunun son mərhələsi - psixopatlar....

    Bəzən əsəbi insanlara "psixopat" deyirik. Səs tonunu yüksəldənə də, əlindəki əşyanı qarşı tərəfə tullayana da ...
Əslində, çox ciddi şəxsiyyət pozuqluğu sayılan, çox rastlaşdığımız "Psixopat" sözünün mənasına gəlincə, ruhsal vəziyyəti patoloji durumda olan deməkdir- yəni psixikası patoloji dərəcədə pozulan. 
    Onlar cəmiyyətlə uzlaşması zidd olan şəxslərdir.
Uşaqlıqdan fiziki-psixoloji istismar, həmçinin ciddi rejimli, sərt tərbiyə altında böyüyən, mütəmadi manipulyasiya, davamlı yalan, yalanı şəxsi mənfəətləri üçün mütəmadi istifadə edən və bunu edərkən peşmanlıq və vicdan əzabı çəkməyən şəxslərə psixopat deyilir. 
    Onlar böyüdükdən sonra özünü ədaləti bərpa etməkdə tək missioner kimi görürlər. Fəqət, ədaləti şiddət vasitəsilə bərpa edəcəyinə inanırlar. Və buna yönəlirlər. 
    ƏLAMƏTLƏR:
   manipulyasiya, 
   Yalan söyləmək, 
   Acıma və peşmanlıq hissinin olmaması.

    Psixopatların əsas özəlliyi VİCDANSIZLIQDIR

    İki cür realizə edər: gizli və aşkar.
    Gizli edənlər adətən yaxşı təhsilli, ovçu kimi olan, başqalarının malını, mülkünü asanlıqla ələ keçirə bilən, gözəl nitqə, səlis üsluba malik, xarici görünüşü normal (hətta yaraşıqlı), öz mənfəətləri üçün insanları qurban etməkdən zövq alandır.
    Aşkar  edənlər isə uşaqlıqdan dəcəl, kontrolsuz, mütəmadi dava edən, zərərli vərdişlərə çoxdan yiyələnən, həbsə düşən, çıxandan sonra da eyni vərdişləri təkrar edənlərdir.

     İLK SİQNALLARI:
   Heyvanlar, azyaşlılar. Adətən özündən zəiflər. Çünki əsl hədəfə əli çatmır... (hədəf ya hələ avtoritarlığını saxlamaqdadır və ya həyatda yoxdur).

     Heç vaxt yalan söyləməkdə çətinlik çəkmirlər. Vicdan hissi olmur. İstədiklərini hər yolla alırlar. Başqasına zərər verirlər. Əsas detal:  bunu edərkən heç bir vicdan əzabı çəkməmək və təkrarlanan cinayət.

    Psixopatların sosiopatlardan əsas fərqi:
    *Genetik və gündəm faktoru


      BƏS ƏLAMƏTLƏR NƏLƏRDİR?
   Gülmək:  hər şeyə və səbəbsiz (bu, müdafiə mexanizmidir). Hətta yas mərasimində də gülərlər. Səbəb: zəif xüsusiyyəti vardır və bunu, onun əksi olan əlaməti qoyaraq qapatmağa çalışırlar. Çünki yaşadığı silsilə travmalardan qalan hisslərlə  normal mübarizə apara bilmirlər. 

       ARXA FONDAKI KİMDİR BƏS??
   UNUTMAYAQ: Hər psixopatın içində MƏNƏVİ EHTİYACLARI ÖDƏNMƏYƏN, İNCİMİŞ BİR UŞAQ VARDIR! Bir insan uşaqlıqdan mobinq, bullinq (hər növü daxildir bura) görərsə və SONRAKI SOSİAL ORTAMDA BU ACILAR "TƏMİR EDİLMƏZSƏ", psixoterapevt müalicəsi edilməzsə, yaxşı insanlarla qarşılıqlaşmazsa, bu defisitlər birləşərək çox güclü bir intiqam duyğusu yaradır.
    Onlar cinayət edərkən şən olur,  rəqs edə bilirlər. Çünki onlara acımayıblar və onlar da özlərinə edilənlərin qisasını bu cür cavab ilə həyata keçirirlər. Obraz yaradırlar. İlk hədəflər: özündən zəif canlılardır (əsasən, heyvanlar), çünki əsas düşmənlə savaşmağa gücü çatmır. Ya düşmən hələ də güclüdür, ya da vəfat etmişdir: əli ona çatmır. Fərd böyüdükdən sonra bu intiqamın trayektoriyasını genişləndirməyə başlayar: bütün cəmiyyəti düşmənin kimi alqılayıb bütün topluma  ciddi bir hirs bəsləyərək hərəkətə keçər...
Travmatik yaşantılar antisosiallığa yeganə səbəb deyildir: hər şeyin bir araya gəlməsi şərtdir...

     İNSANIN QƏBULEDİLMƏYƏ EHTİYACI VARDIR! ÇÖRƏK KİMİ, SU KİMİ BİR EHTİYACDIR BU
    Travmaya məruz qalan uşaqlar sonradan hər mənfi detalı gülərək qarşılayır. Çünki:
1) başqa çarəsi olmamışdır;
2) neqativi (zəif özəlliyi ) əks əlamətlə ört-basdır etmək cəhəti yaratmışdır;
3) komik aktyora bənzər bir şən obraz yaratmışdır (buna "qələbəni qeydetmə" də deyə bilərik).

  Onlar acıların verdiyi travma ilə yalnız bu cür savaşa bilmişdir.

    Bizim cinayət adlandırdığımız şey onların adi, faydalı, zövqlü işidir. Qan tökməyə üstünlük verirlər. Çünki qan uşaqlıqda görərək qorxduğu, indi isə avtoritarlığının göstəricisidir.
     Öldürdüyü hər adamdan bir parçanı xatirə kimi saxlayan psixopatlar da var. Bu da narsizm əlamətidir: sübut, uğurun, üstünlüyün mütləq qələbəsi. Qətldən öncə rəqs edənlər də var: çünki bir azdan edəcəyi işin həzzini öncədən yaşayır. Qətl onların həzz aldığı şeydir. 
    Psixopatlarda həqiqətlə barışmaq və həqiqəti qəbul etmək sıfıra endiyi üçün bəzən xəyalları həqiqət zənn edər və ya əksinə olar: yəni həqiqətlərlə yalanın yerini səhv salar. 
Beyin qərarları duyğu ilə verir. Onlarda qorxu duyğusu olmadığı üçün qərar verə bilmirlər. 

      Psixopatlar istədiyi şey xaosdur. Onların həyat devizi budur:
"BİR HALDA Kİ, BU DÜNYA MƏNİ GÖRMƏDİ, HƏR ŞEYİMİ ALDI, MƏNİ YOX SAYDILAR; İNDİ MƏN DƏ XAOS YARADARAQ ÖZÜMÜ GÖSTƏRƏRƏM".
    Bir insan üçün həyatın mənası qalmayıbsa, ölmək onu üzməz və öldürmək də adi və üstəlik, zövqlü işə çevrilər. 

  Psixopatlara hər zaman maraq olub, hətta filmlər də çəkilib. Bəzi filmlərdə psixopatlar opponentin xəbəri belə olmadan kiçik oyunlar, mərclər təşkil edir. Məsələn, plastik konfet kağızını bükər və onun təbii şəkildə açılmasını gözləyər. Öz beynində şərti özü qurub: "kağız açılsa, sağ qoyacağam, açılmasa, öldürəcəyəm". Və ya rənglərlə oyun qurar: "filan rəng çıxsa, öldürəcəyəm" kimi. Qarşı tərəf heç nə anlamaz, o isə bükdüyü kağıza baxaraq deyər: "xilas oldun. Səni mən xilas etdim. Mənim sayəmdə sağ qaldın". Yenə avtoritarlıq. Yəni narsizm. Bu duyğular paralel dalğa ilə təzahür edir. Onsuz da şəxsiyyət pozuqluğu növlərində kəskin fərqlər/sərhədlər yoxdur, hər növdə digər növdən detal görmək mümkündür...

    Yazımın sonunda üzümü dəyərli valideynlərə tuturam: hörmətli valideynlər, övladınızı sağlam psixi fərd və vətəndaş kimi görmək istəyirsinizsə, onlara sevgi, şəfqət, diqqət defisiti və şiddət yaşatmayın. Uşaqlar həyatı valideynlərindən öyrənir. Onların psixoloji sağlam olması üçün valideynlərin də psixoloji sağlam və doğru təlqin üslubu olması vacibdir. 

Aygün Sadiq,
ATİA.AZ


Tarix: 4-02-2024, 12:42 Oxunub: 444


Bölməyə aid digər xəbərlər
22-03-2022, 16:59 MƏSUM GÜNAHKAR...