MƏSUM GÜNAHKAR...


O, uşaqkən mütəmadi olaraq anasının evdə döyüldüyü, şiddətdən bezərək bacısı Françeska ilə birgə zəhər hazırlayaraq  ərini zəhərləyən, bu səbəbdən edam edilən qadının qızıdır.  Və ya anasının edamından sonra xalası Françeskadan anasının sirrini öyrənib sonra bütün həyatını bu reseptlə qisas halına gətirən qadındır CULİYA TOFANA...
BAŞQA NƏLƏR?
CULİYA TOFANA- bu ad qadın qatillərin həyatını araşdıranlara tanış gələ bilər. 
Kimdir Culiya? 
O, 1613-cü ildə İtaliyanın Polermo şəhərində doğulmuşdu. 13 yaşında anası asılaraq  edam edildi.  Qadın ərini öldürməsində təqsirli bilinirdi. Söz-söhbətlər gəzirdi ki, qadın ərini zəhərləyərək öldürüb. Axı fiziki gücün yetmədiyi yerdə artıq zəkalar savaşır.
O İLLƏR
1620-ci illərin İtaliyasında qadın bir əşya idi, o, alınıb-satılır, valideynlərinin seçdiyi adama ərə verilir, alçaldılır, aldadılır, döyülməsi adi qarşılanırdı;  şiddətə görə qadının şikayətə qalxması günah idi, bu, əsla ola bilməzdi.  Bu cür çətin şərtlər altında evlilik sürdürmək onların bir qismini vəziyyətdən çıxış yolu axtarmağa vadar edirdi. 
DÖNÜŞ
Ailəsinin ölümündən sonra Culiya aptek işçiləri ilə əlaqə yaratdı. Onlara köməkçi işçi kimi fəaliyyətə başladı, vaxtının çoxunu onlarla keçirdi. Özünü inkişaf etdirdi...
Evləndi və bir qızı oldu, əri vəfat etdikdən sonra qızını da götürüb Romaya köçdü.
Aptekçilərlə işlədiyi dönəmlərdə qazandığı təcrübəni işə çevirməyin zamanı idi. 
GENİŞ ÜFÜQLƏR 
O, kimyəvi maddələrin qarışığından bir dərman hazırladı. Bu, rəngsiz, iysiz, dadsız, şəffaf bir şey və şiddətdən, alçaldılmaqdan, gününü əyləncədə keçirən vəhşi ərdən  xilas olmaq istəyən çarəsiz zadəgan qadınlara kömək edən bir vasitə idi: bəli,  "makiyaj fabriki" əslində zəhər fabriki idi!
Culiya öz "kəşfini" makiyaj vasitəsi, kosmetika kimi təqdim edərək adını "AKVA TOFANA" qoydu. "Xilaskar"  vasitə heç kimin diqqətini çəkmirdi, çünki qablaşdırma tamamilə makiyaj kosmetik vasitələri kimi idi. Qadınlar onu çantasında, güzgü önündə rahatlıqla saxlaya bilərdi... 
Qadınlar kütləvi şəkildə Culiyanın yanına axışırdı...
GİZLİ
"Nə ilə məşğul olursunuz?"  - "Qadınlara yenidən gənc  və gözəl olmaq üçün makiyaj vasitəsi satıram", - əlindəki üz kremi, bədən gelini, nəmləndirici yağı göstərir...
ARSEN, QURĞUŞUN VƏ "BELLA DONNA"
Bu üç maddə Culiyanın "predmeti" idi. "Bella Donna" həmin dövrdə gözəl görünmək üçün gözə tökülən xüsusi dərman idi, gözü böyümüş, bərəlmiş göstərirdi, iri gözlər dəbdə olduğu üçün qadınlar gözəl görünmək naminə  korluq riskinə də üstün gəlib bu vasitəni gözünə tökürdülər.
MƏSUM GÜNAHKARLAR
Culiya "kosmetikanı" onlara verir, istifadə və davranış qaydasını izah edirdi ki, iş "təmiz" olsun. Zəhər güclü idi, amma gec öldürürdü, ən gözəl cəhəti də bu idi ki, tibbi ekspertiza ediləndə heç bir iz qalmırdı. Culiya qadınlara tapşırmışdı ki, əri öldükdən sonra mümkün qədər üzgün olsunlar və israrla tibbi ekspertiza tələb etsinlər, bu, onları günahsız göstərəcək...
MÜƏMMALI ÖLÜMLƏR- HƏR ŞEY GÖZƏL GEDİR
Kişilərin ölümü çoxalırdı, Culiya isə öz qızı və işə götürdüyü rahib köməkçisi ilə fəaliyyətdə idi...
Qadınlar sirri bərk saxlamağa məcbur idilər, çünki Culiyanın adını versəydilər, özləri də cinayət ortağı kimi edam ediləcəkdilər, buna görə də susurdular.
EHTİYATSIZLIQ
Uzun illər sonra ondan TOFANA alan bir qadın zəhəri ərinin yeməyinə qatdığı zaman qəfil peşman oldu, ərinə yeməyin zəhərli olduğunu dedi. Əri onu döydü, polisə apardı, işgəncə etdilər və qadın işgəncədən sonra Culiyanın adını verdi...
ŞANS 
Culiya məşhur idi, ətrafında çox adam vardı, ona xəbər çatdı, qaçmaq üçün fürsət yaradıldı və qadın kilsəyə gedib gizləndi.
Amma burda da "fabrik" fəaliyyətdə idi.  Artıq rahibələr də onun zəhərini gizlicə satır, Culiya ilə əməkdaşlıq edirdilər. Hər şey yaxşı gedirdi.
UÇURUM 
Fəqət, bir gün şəhərdə dedi-qodu çıxdı: "Culiya bütün şəhərin suyuna zəhər qatacaq". Təşvişə düşən əhali ayağa qalxdı, kilsəyə basqın etdi, Culiyanı, qızını, köməkçilərini tutub polisə gətirdilər.  Ona işgəncələr verib bəzi ölümlərin üstünü aça bildilər. Özü etirafında 1633-1651-illər arasında 600-dən çox kişini öldürdüyünü dedi. Son cümləsi dəhşətli idi: "Peşman deyiləm"...
1659-cu ildə Culiya, qızı və köməkçiləri ilə birgə edam edildi...
BİTMƏYƏN HƏYƏCANLAR: MƏŞHURUN QORXUSU
Edamdan sonra da dedi-qodular səngimirdi. Ondan zəhər alan, əri ölən qadınlar sorğulandı, zadəgan qadınlar ifadələrində aldıqları makiyajın zəhər olduğundan xəbərsiz , özlərinin günahsız olduğunu israrla deyib cinayət məsuliyyətindən canlarını xilas edə bildilər. Onlara inandılar.  Çünki tibbi ekspertizada da zəhər aşkar edilmirdi. Sadəcə, özünü ələ verən  50 qadın edam edildi və bir neçəsi həbsdə ac qalıb öldü.
Aradan uzun illər keçmişdi. Amma kişilər hələ də yediyindən, içdiyindən qorxurdu.  Əsrlər boyu insanlar Tofana zəhərinin qorxusuna məhkum şəkildə, hər xırda şeydən şübhələnərək, bir az səhhətinə nəsə olan kimi zəhərləndiyini düşünərək, qorxu altında yaşadılar. 35 yaşlı bir gənc xəstələnmişdi və ölüm yatağında bunları demişdi: "Artıq dayana bilmirəm. Əminəm, məni zəhərləyiblər.  Bu fikirdən xilas ola bilmirəm. Kimsə mənə TOFANA verib və ölümümü də hesablayıb". Bu gənc dünyaca məşhur Motsart idi! Bəli, Culiyanın zəhəri illər sonra bu məşhuru belə, qorxutmuşdu!
Bəli, dostlar. Mənim məşhur qatillərin həyatını araşdırmağım uzun illərdir ki, davam edir. Mənə cinayətkarın psixoloji vəziyyəti maraqlıdır. Və hər dəfəsində də, inanın ki, səbəblər eynidir: şiddət, ailədən şiddətli, rəddedilmə, ailədən təcavüz. Bu dəfə qəhrəmanım italyan qadın, əslində  məsum günahkar, amma cəmiyyətin ehtiyac duyub yaratdığı qatil heykəl, əzilən qadınların pənahı, cəmiyyətin özünün yaradıb sonra özünün də məhv etdiyi, gözəl , cazibədar, talesiz Culiya oldu. O Culiya ki, əslində günahkar deyil: o, cəmiyyətin əsəridir! 
Allah sənə rəhmət eləsin, əziz qadın!!!


















Aygün Sadiq


Tarix: 22-03-2022, 16:59 Oxunub: 750


Bölməyə aid digər xəbərlər