Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü, uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən-günə yüksəlir. Müstəqil respublikamızın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və artıq qalib bir dövlət olması ölkəmizə olan müsbət maraqları günbəgün artırır.
Öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət aparan Azərbaycan, beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edərək qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Ölkəmizin BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir.
Azərbaycan dünyada bir neçə ölkə istisna olmaqla, əksər ölkələrlə yüksək səviyyəli münasibətlər qurulmuşdur və bu münasibətlər hazırda yüksələn xəttlə inkişaf etməkdədir. Ölkəmizlə yüksək səviyyəli münasibətləri olan ölkələrdən biri də dost və qardaş Pakistandır. Prezident İlham Əliyev cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verilmiş bəyanatında çox mühüm məsələlərə toxundu. Ölkə Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.
Önəmli amil odur ki, Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu məhz, işğal səbəbindən baş vermişdir.
Ölkə rəhbəri həmçinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivlərini, Azərbaycanın Pakistanı Kəşmir məsələsində hər zaman dəstəklədiyni və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdirdiyini bəyan etdi. Perspektiv əməkdaşlıq istiqamətlərinə toxunan Prezidentimiz bildirdi ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. Enerji sahəsində böyük perspektivlər var. Şəhərlərimiz arasında uçuşların sayı artacaqdır.Birgə ticarətin həcmi də artacaqdır. Bu istiqamətdə anlaşma memorandumu imzalanacaq və məhsulların siyahısı üzərində işlər aparılacaqdır. Təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.
Ölkə başçısı Pakistanın və Azərbaycanın hər zaman çiyin- çiyinə dayanan ölkələr olduğunu qeyd edərək söylədi ki, Bakının müxtəlif yerlərində
Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük. Əminik ki, qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulan Pakistan və Azərbaycan əməkdaşlıq əlaqələri qarşılıqlı anlaşma şəraitində davam edəcəkdir. Hər iki qardaş ölkə regionda sülhü təşviq edərək xalqlarımızın mənafelərini qoruyacaqlar.
Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini
Bölməyə aid digər xəbərlər