11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Deputat məktəblinin ölümünə görə səhiyyə orqanlarını İSTEFAYA ÇAĞIRDI

“Bir gəncin, gələcəkdə Azərbaycan əsgəri olacaq şəxsin vəfat etməsinin günahı onların üzərindədir, ciddi şəkildə həmin şəxslər cəzalandırılmalı və Sumqayıt səhiyyəsinə rəhbərlik edən şəxs öz vəzifəsindən azad edilməlidir” - bunu Sumqayıtın millət vəkili Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, Xətai rayonu 165 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun dünyasını dəyişməsi təbii ki, hamı kimi bizi də sarsıtdı:
“Çox təəssüf ki, biz yenə səhiyyə xidmətlərində yol verilmiş qüsurlarla əlaqədar olaraq, bir məktəblinin həyatını itirməsinin şahidi olduq. Bu proses məni ciddi narahat etdiyi üçün araşdırma apardım.
Dövlətimizin, cənab prezident İlham Əliyevin, xanım birinci-vitse prezident Mehriban Əliyevanın səhiyyə sistemimizin moderinizasiyası üçün atdığı addımların nəticəsi olaraq ölkə səhiyyəsinin inkşaf etməsinin, dünya səhiyyə standartlarına uyğunlaşmasının şahidi oluruq. Ancaq çox təəssüf ki, yerlərdə fəaliyyət göstərən bəzi məmurlar sadə idarəetmə mexanizmlərini doğru düzgün tətbiq etmədiklərinə görə, insanlarımız acınacaqlı durumla qarşı-qarşı-qarşıya qalır.
Ramal Zaur oğlu Osmanovun vəfatı bu qəbildən olan hadisələrdən biridir. Xəstə burun qanaxması ilə xəstəxanaya müraciət etmiş və müvafiq yardım almışdır”.
Deputat əlavə edib ki, sonradan valideynlərin istəyi ilə oradan özəl tibb müəssisəsinə aparılmışdır:
“Müvafiq olaraq hətta kiçik bir prosedur həyata keçirilən zaman xəstənin vəziyyəti düzgün qiymətləndirilməli, bu prosesin hansı ağır nəticə verəcəyi öncədən bilinməlidir. Bu proses mütləq şəkildə reanimasiyon tədbirlərin həyata keçirildiyi və tam təşəkküllü tibb müəssisədə baş tutmalıdır.
Sumqayıtda fəaliyyət göstərən “Unikal” klinikasına gətirilən Ramal Osmanovun burun qanaxmasının aradan qaldırılması üçün yerli “yandırma” metodu tətbiq edilmişdir və bu ümumi anesteziya altında keçirilmişdir.
Məlumat üçün bildirim ki, ümumi anesteziyanın həyata keçirilməsi üçün xəstənin vəziyyəti ona imkan verməlidir. Ancaq biz qan tablosuna baxdıqda görürük ki, hemoqlabin 80 qr/lt, eritrosit 3.5×10 12/lt, rəng göstəricisi 0.7, laxtalanma müddəti isə 2 dəq. başlayır, 6 dəq. bitir qeyd edilmişdir. Bu onu göstərir ki, aktiv şəkildə qanaxma vardır.
Xəstəyə tibbi müdaxilənin olması risklidir. Buna baxmayaraq xəstəyə müdaxilə olmuş və xəstədə ağırlaşma baş vermişdir. Bundan sonra dövlət səhiyyə müəssisələrindəki təlimatlara uyğun olmayan, yanlış proseslər baş vermişdir.
Unikal klinikasında təcili tibbi yardım maşını nasaz vəziyyətdə olduğu üçün dövlət tibb müəssisəsindən təcli yardım maşını çağırılmış, ağır vəziyyətdə olan xəstə heç bir razılaşma olmadan, heç bir müvafiq təlimatlara uyğun olmadan aparılmışdır. Biz burada Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin səlahiyyətinə aid olan məsələləri icra etmədiyinin şahidi oluruq.
Bu nədən ibarətdir? Xəstənin təxliyyəsi səhiyyə işinin təşkilinə aid olduğuna görə bir başa bu işlə həmin publik şəxsin direktoru məşğul olmalıdır.
Yəni müvafiq tibb müəssisəsi ayarlanmalıdır, həmin tibb müəssisəsinin rəhbəri ilə razılaşdırılmalıdır, xəsətənin vəziyyəti qiymətləndirilməlidir, təcili tibbi yardım maşınında götürülməsi imkan verirsə, qərar qəbul olunmalıdır. Gediləcək tibb müəssisəsində yer həm onlayn qaydada, həm da razılaşma yolu ilə təmin edilməlidir.
Çox təəssüf ki, həmin tibb maşını özbaşına qərar vermiş, sonradan bizim araşdırmamız nəticəsində müəyyən olunmuşdur ki, təcili tibbi yardım maşını reanimasyon xidmət üçün uyğun deyilmiş, defibrillator nasaz vəziyyətdə, maşında oksigen təminatı isə olmamışdır.
Heç bir tibbi yardım göstərilmədən, sadəcə “taksi” xidməti kimi razılaşma olmadan bu cür ağır vəziyyətdə olan xəstə Bakı şəhərinə göndərilmişdir. Təxliyyədə önəmli məsələ təxliyyə prinsiplərinin səhiyyə idarəetmə pillələrinə uyğun şəklildə müvafiq qurumun rəhbəri tərəfindən idarə edilməlidir. Amma biz nəyi görürük? Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin heç bu prosesdən xəbəri yox imiş.
İlkin səhiyyə xidmətini təşkil edən alt strukturlar belə bu prosesdən xəstə dünyasını dəyişdikdən sonra məlumatı olmuşdur.
Sumqayıt kimi böyük şəhərdə, reanimasiyon xidmətin kifayət qədər olmasına baxmayaraq özbaşına qərar qəbul edilmiş və bu da ağır vəziyyətdə olan insanın qanaxmadan həyatını itirməsi ilə nəticələnmişdir.
Xəstənin qan müayinələri onu göstərir ki, qanaxma aktiv şəkildə davam etmişdir. Hətta “yandırma” dediyimiz metod qanaxmanı dayandırmamış, əksinə ümumi anesteziya altında olan xəsətədə vəziyyət ağırlaşmış, arqonal vəziyyətdə olan, köçürülməməli xəstə, tibbi yardımın Sumqayıt Tibb Mərkəzi tərəfindən təşkil olunması tələb olunan xəstə uzun bir yol qət edərək, müxtəlif tibb mərəkəzlərini gəzərək daha da ağırlaşmış və bu da xəstənin ölümünə səbəb olmuşdur
Qanunvericiliyə görə tibbi təxliyyə bir başa Sumqayıt Tibb Mərkəzinin rəhbərliyinin səlahiyyətində olan məsələdir. Ona görə də bir gəncin, gələcəkdə Azərbaycan əsgəri olacaq şəxsin vəfat etməsinin günahı onların üzərindədir, ciddi şəklildə həmin şəxslər cəzalandırılmalı və Sumqayıt səhiyyəsinə rəhbərlik edən şəxs öz vəzifəsindən azad edilməlidir.
Digər qüsurlar – həkim səhlənkarlığı, tibbi xidmətinin Bakı şəhərində nə dərəcədə göstərilməsi təbii ki, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.
Biz çox təəssüf edirik ki, dövlətin bu qədər vəsait sərf etdiyi, ölkə rəhbərinin diqqətində olduğu sahə, icbari tibbi sığortanın tətbiqi ilə daha da müsbət istiqamət götürən səhiyyəmizə bu cür öz işini bacarmayan yerli məmurlar yarıtmaz fəaliyyəti ilə kölgə salır. İnanıram ki bu prosesdə haqq-ədalət öz yerini alacaqdır və məsuliyyət daşıyan şəxs və şəxslər cəzalandırılacaqdır”.


Tarix: 25-04-2022, 19:13 Oxunub: 481


Bölməyə aid digər xəbərlər