Bizə koronavirus lazım deyil, Yarməmmədlər yetər..
Yeni qurum yaratmaq üçün mütləq zərurət olmalıdır. Yoxsa kiməsə vəzifə vermək xatirinə qurum yaratmaq absurd məsələdir.
Ona görə də, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ( TƏBİB ) yarananda biz bildirmişdik ki, bu quruma nə ehtiyac var ?
Bu qurum hansı ehtiyacdan yaranıb ?
Axı, ölkədə o boyda Səhiyyə nazirliyi olduğu halda ikinci bir böyük qurumu yaratmağı necə əsaslandıra bilərsiniz?
Ümumiyyətlə, elə qurumlar var ki, yarananda-doğulanda ölü doğulur.
Bizim aylar öncə yazdıqlarımızı zaman da təsdiq etdi.
Bəlli oldu ki, ölkə pandemiya ilə mübarizə apardığı bir zamanda TƏBİB heç bir iş görə bilmir və üstəlik qurumun rəhbəri Ramin Bayramlı qəfil istefa verdi. Niyə və səbəb nə idi ?
Müvafiq qurumlardan heç bir açıqlama gəlmədi.
Onsuz da sabiq nazirlər Əli İnsanov və Oqtay Şirəliyev ölkə səhiyyəsini bərbad günə qoymuşdular.
İndi də TƏBİB rüsvayçılığı...
Axı, qurum yarananda biz yazdıq və əsaslandırdıq ki, bu quruma heç bir ehtiyac yoxdur. Hətta məsələnin iqtisadi, maliyyə və digər tərəflərini də göstərdik.
İndi təkrarçılığa varmaq istəmirik.
Axı, paralel qurumlar dövlət büdcəsindən əlavə milyonların xərclənməsi deməkdir.
Axı, vətəndaşlar paralel qurumların arasında günlərlə, aylarla vaxt itirir, hər tərəf məsuliyyəti o biri tərəfin üstünə atır və s və i. Ayıbdır, insanlara işgəncə, əzab verməyin.
Yaxşı, qurumun rəhbəri Ramin Bayramlı istefa verdi. Bəs sonra..?
Yenə mənasız təyinatlar başladı...
Və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyev həmin vəzifəni icra etməyi müvəqqəti olaraq Vüqar Qurbanova həvalə etdi. Yəni, müvəqqəti icra etməyə.
Axı, Vüqar Qurbanov hazırda da Tibbi Sığorta Dövlət Agentliyində Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini icra edir.
Axı, bir adam neçə vəzifəni apara bilər ?
Bu adam həm TƏBİB-in sədri vəzifəsini icra edir, həm də Dövlət Agentliyində Departament rəhbəridir.
İndi bəlli olur ki, bu adam da TƏBİB-in rəhbəri vəzifəsini icra edə bilmir. Nəinki icra edə bilmir, hətta bu adamın elementar subardinasiya qaydalarından xəbəri yoxdur.
Bəli, Vüqar Qurbanov TƏBİB-in sədri vəzifəsini MÜVƏQQƏTİ İCRA etdiyi halda tabeçiliyində olan qurumların rəhbərlərinə RƏSMİ OLARAQ yazıb ki, mənə İDARƏ HEYƏTİNİN SƏDRİ kimi müraciət etməyən qurumların məktubları qəbul olunmayacaq.
Bu sözün əsl mənasında KOMEDİYA mövzusudur, vallah.
Adam belə məqamda yazmağa söz də tapmır ee...
Görünür bizim yazdıqlarımız yuxarılarda ciddi müzakirə olunub və nəticədə...
Gündəlik-Bakıya daxil olan məlumata görə, TƏBİB-in tabeçiliyi Tibbi Sığorta Dövlət Agentliyindən alınaraq Səhiyyə nazirliyinə verilir.
Atalar demişkən, ziyanın yarısından da...
Amma...
Əmması odur ki, TƏBİB-in rəhbərliyi bir il müddətində elə oyunlar çıxardıblar ki, onları aradan qaldırmağa xeyli vaxt lazım olacaq.
Belə ki, TƏBİB-in göstərişi ilə rayonlardakı tibb müəssisələrini birləşdirib Tibb Mərkəzləri yaratdılar.
Yuxarıda dediyimiz kimi, buna hansı zərurət var idi, cənab Vüqar Qurbanov ?
Axı, 5-6 xəstəxananı bir yerə yığıb kiminsə dostuna, tanışına etibar etməyin nə mənası var idi, axı..?
Sən Nurməmmədlə, Yarməmmədlə dostsan deyə, camaatın başında eksperiment keçirməlisən ?
Axı, “revizor” Nurməmməd nə bilir ginekologiya nədir ?
Söhbət Nizami rayonundakı Tibb Mərkəzin direktoru Yarıyev Nurməmməd Yarməmməd oğlundan gedir.
Rayon ərazisindəki 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasını, 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasını, 7 nömrəli Doğum Evini və “Azərsutikinti” Xəstəxanasını birləşdirib Nurməmmədə tapşırıblar.
Guya Allah qoymasa, mərkəzləşdirilmiş idarəetməyə keçirlər.
Axı, Yarıyev Nurməmməd neçə il Bakı Baş Səhiyyə İdarəsində (BBSİ) “revizor”- müfəttiş işləyib sonra hansısa əməlinə görə qovulub.
Mərkəzin direktoru Yarıyev indi nəyi “reviziya” edəcək ?
Bir sözlə, nə qədər ki, Yarıyevlər səhiyyəmizdə at oynadırsa, camaatın günü qara olacaq.
Bizə koronavirus lazlm deyil, Yarməmmədlər bəs edər...
gundelik baki.com
Məqalədə toxunulmuş iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Bölməyə aid digər xəbərlər