Müsahibim 5 saylı Bakı şəhər Klinik Xəstəxanasının Mədə-bağırsaq şöbəsinin müdiri Gülnarə Həmidovadır. Həkimlə mədə və onikibarmaq bağırsağın xorası, əlamətləri, xəstəliyin səbəbləri və müalicəsi haqqında danışacayıq.
Xora xəstəliyi mədə və ya onikibamaq bağırsaqda xoranın əmələ gəlməsilə səciyyələnən xroniki xəstəlikdir. Xəstəlik nəticəsində mədə və ya bağırsaq divarının selikli qişasının, bəzən onun daha dərin qatlarının zədələnməsi baş verir və açıq yara əmələ gələ bilir. Xora xəstəliyi aqressiv amillərlə orqanizmin müdafiə imkanları arasındakı müvazinətin pozulması nəticəsində inkişaf edən xronik, residivləşən xəstəlikdir. Normada mədədə turşuluğu çox yüksək olan şirə ifraz olunur, ancaq təbii müdafiə faktorlarına görə mədənin selikli qişası bu təsirə qarşı davamlı olur. Bəzi hallarda bu müdafiə zəifləyir, yaxud turşuluq o qədər artır ki, mədənin selikli qişası davam gətirmir və iltihaba uğrayır və əgər proses daha da dərinləşərsə sonrakı etapda erroziya (zədələnmə sahəsi), daha sonra isə xora (bir neçə xora) inkişaf edir. Oniki barmaq bağırsaq sanki mədənin çıxış kanalı olduğu üçün eyni proses burada da inkişaf edir.
Xəstəlik, əsasən, 30-40 yaşlı kişi və qadınlarda təsadüf edilir. Xora xəstəliyi – xroniki residiv verən xəstəlikdir. Mədə-bağırsaq sisteminin əsas funksiyalarının sinir və hormonal tənziminin (ümumi və yerli), mədə qidalanmasının və selikli qişalarının protiolizinin pozulması nəticəsində yaranır.
Dünyanın hər yerində geniş yayılmışdır və yaşlı əhalinin 2-3%-ni, xüsusi ilə şəhər əhalisində rast gəlir. Son illər cavan yaşlarda daha tez rast gəlir. Qadınlardan nisbətən daha çox kişilər, xüsusi ilə cavan yaşlarda 4 dəfə çox xəstələnirlər, qadınlar isə orta yaşlarında. Xoranın 12 barmaq bağırsaqda yerləşməsi – yeniyetmələr və gənc yaşlı oğlanlar üçün, mədədə yerləşməsi isə orta yaşlı və yaşlı adamlarda – qadınlarda və kişilərdə olması xarakterdir.
Xora xəstəliyinin əlamətləri hansılardır?
● Mədə nahiyəsində, bəzən döş qəfəsinin sol yarısına, onurğanın döş və bel hissələrinə yayılan yandırıcı ağrı;● Mədə xorasında ağrı yeməkdən 0,5-1 saat sonra və ya dərhal başlayır;
● Onikibarmaq bağırsağın xorasında ağrı yeməkdən əvvəl (mədə boş olanda) və ya yeməkdən 2-2,5 saat sonra başlayır və qida qəbulundan sonra keçib gedir;
● Turş gəyirmə, qıcqırma, ürəkbulanma, qusma, qəbizlik;
● İştahanın pozulması, arıqlama;
● Yaz və payız aylarında ağrı və digər əlamətlərin güclənməsi;
● Xora xəstəliyinin əlamətsiz gedişi də mümkündür.
● Bu halda xora təsadüfi müayinə nəticəsində və ya ağırlaşma baş verdikdə aşkar olunur.
Xora xəstəliyinin səbəbləri hansılardır?
● Helikobakter pilori (HP) adlı bakteriyaların mövcud olması (hər 10 xəstədən 8-9-da);
● Mədə və onikibarmaq bağırsağın selikli qişasının zədələnməsinə səbəb olan dərmanların (aspirin, ibuprofen və s. kimi) uzun müddət qəbulu;
● Yaxın qohumlarda (o cümlədən valideynlərdə) xora xəstəliyinin olması.
Xoranı necə aşkar etmək olar?
● Rentgenoloji müayinə vasitəsilə;
● Endoskopiya vasitəsilə (hər hansı bir səbəbdən endoskopiyanın aparılması mümkün deyilsə, qan və nəcis HP-yə görə müayinə olunur).Düzgün müalicə aparıldıqda hansı nəticələr əldə olunur?
● Mədədə olan HP bakteriyaları məhv olur;
● Həyat keyfiyyəti yüksəlir;
● Ağırlaşmaların qarşısı alınır.
Ağrının kəsilməsinə baxmayaraq, dərmanların qəbulunu davam etdirmək vacibdir. Mədə xorasının müalicəsi 6-8, onikibarmaq bağırsağın isə 4-6 həftə ərzində aparılır. Dərmanların qəbulu zamanı halsızlıq, baş ağrısı, başgicəllənmə və ishal baş veribsə, mütləq müalicə edən həkimə xəbər vermək lazımdır!
Xora xəstəliyi müalicə olunmasa, nə baş verə bilər?
Xəstəlik müalicə edilmədikdə və ya yarımçıq kəsildikdə, müvəqqəti yaxşılaşmadan sonra xəstəliyin əlamətləri yenidən özünü büruzə verər və ağırlaşmalara gətirib çıxarar.
Həkim, müsahibə üçün çox sağ olun.
Buyurun, həmişə sağlam qalın
Bölməyə aid digər xəbərlər