Əliyev Rayət Səhlədar oğlu 1960-cı ildə Qazax rayonu Kosalar kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirib və elə həmin ildən pedaqoji fəaliyyətə başlayıb.
İşlədiyi müddət ərzində peşəsini sevən və həvəslə çalışan Rayət müəllim nəinki rayon, ölkə üzrə bir çox uğurlara imza atmağa nail olub.
Təhsil üzrə nümunəvi dərslərini, pedaqoji təcrübəsini yayan Rayət müəllim ölkənin ilk "Fiziki tərbiyə marşı"nı və "Azərbaycan İdmanı" dastanını nəzmlə yazaraq ictimaiyyətin ixtiyarına verib. Rayət müəllim təhsillə bərabər idman sahəsində də işlərini uğurla davam etdirir. Onun rəhbərlik etdiyi "Qazax Gənclər" FK-nın uğurları göz qabağındadır.
Ən maraqlısı odur ki, Rayət müəllim bütün bu işlərlə bərabər həm də poeziya adamıdır. Onun bu sahədə də uğurları kifayət qədərdir.
3 kitab və bir çox məqalələrin müəllifi olan Rayət müəllimin yazmış olduğu "Azərbaycan idmanı" dastanı ölkəmizdə nəzmlə yazılan ilk əsərdir.
Təhsildə Rayət müəllim, poeziyada Rayət Əli kimi tanınan gözəl insanın sənət bağçasından bir yarpağı Sizlərə təqdim edirik:
Ana sazım
"Mirzəcanı", "Gözəlləmə",
Gəl tərifi az eyləmə,
Gah zilə qalx, gah da bəmə,
Xoş ovqata köklən sazım,
Dillən, dillən, ana sazım.
"Kərəmi" də yandır məni,
"Ruhani "də qandır məni,
"Dilqəmi"də dindir məni,
Ax beləcə sellən sazım,
Dillən, dillən, ana sazım.
"Cəlili"də dağları gəz,
Qoşalaşsın Abbas-Gülgəz,
"Koroğlu"da düşməni əz,
Qırat kimi köhlən sazım,
Dillən,dillən, ana sazım.
"El havası", "Göyçəgülü",
"Dilbər", "Təcnis" qızıl gülü,
Həsrətdədir Göyçə gölü,
Haray çəkib səslən sazım,
Dillən,dillən, ana sazım.
Səndə tapdım dostu, yarı,
Məhəbbəti, etibarı,
Sən Rayətin havadarı,
Ürəyimdə bəslən sazım,
Dillən,dillən , ana sazım.
Bölməyə aid digər xəbərlər
















