5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. Artıq o, Bakı İstintaq Təcridxanasına qaytarılıb. Bildirilir ki, onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələlik yekun rəy hazır deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim ediləcək. Əhməd Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.
Bəs diaqnozun dəqiqləşməsi daha nə qədər çəkəcək? Yekunda onun məcburi müalicəyə göndərilməsi mümkünmü?
Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov müvəkkili barəsində ekspertizanın rəyindən danışmaq istəməyib. O, “Yeni Müsavat”a bildirib ki, rəy haqda hər hansı bir fikir bildirmək istəmir.
Hadisədən sonra Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur:
“Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir”.
Xatırladaq ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. “Ailə üzvlərini niyə öldürmüsən” sualına cavabda isə Əhməd Əhmədov “Ailəmi öldürdüm, çünki belə lazım idi” söyləyib.
Əhməd Əhmədovun psixi vəziyyəti haqqında ziddiyyətli məlumatlar var. Onun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək. Əhməd Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyirlər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb. Belə ki, o, affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.
Ekspertiza onun cinayət törətdiyi zaman anlaqlı olmadığı haqda rəy verərsə, sonrası necə olacaq?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib ki, ekspertiza Əhməd Əhmədovun anlaqlı olmadığını müəyyən edərsə, hadisəni affekt vəziyyətində törətdiyini təsdiqləyərsə, bu halda onun barəsində məcburi müalicə qərarı veriləcək:
“Əhməd Əhmədovun hadisədən sonra istintaqa verdiyi və ictimailəşən ifadəsi doğrudursa, belə nəticə hasil olur ki, o, törətdiyi əməldən peşman deyil. Bu məqamı onun psixi durumunun o qədər də uyğun olmadığı kimi qiymətləndirmək olar. Belə qanlı cinayəti törətmiş şəxs məntiqlə əməlini təkzib etməli və ya əməlinə haqq qazandırmaq üçün bir bəhanə uydurub deməlidir. Əhməd Əhmədov isə sakitcə cinayətini etiraf edir.
Onun psixi durumunun ən azı hadisəni törədərkən normal olmasını deməyə əsas verən məqam var və mətbuatda da bu haqda kifayət qədər yazılıb. Əhməd Əhmədov ayrı-ayrı ünvanlarda yaşayan 5 nəfəri bir neçə saat içində öldürüb. Cinayət törətmək üçün mağazadan kəsici-deşici alətlər alıb. Yəni cinayəti planlı şəkildə törədib. Hər halda, Əhməd Əhmədovun psixi sağlamlığı ilə bağlı birmənalı olaraq fikir söyləmək çətindir. İndiki halda məhkəmə ekspertizasının rəyini gözləmək lazımdır”.
Hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək. İstintaq zamanı Əhməd Əhmədov qətllərlə bağlı detalları danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. “Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin yaxınlığındakı mağazadan satın alıb. Hazırda istintaq davam edir.
Qeyd edək ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bölməyə aid digər xəbərlər