Prezident İlham Əliyev yeni nazir müavinləri təyin edib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Fərid Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Yüksək vəzifəyə təyinat alan Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb.
2002-2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.
2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsinə yiyələnib.
2004-2008-ci illərdə Bakı Dövlət Universitetində, 2009-2011-ci illərdə seminar müəllimi kimi Oksford Universitetində, 2011-2014-cü illərdə isə baş müəllim kimi “ADA” Universitetində hüquq sahəsi üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
Əmək fəaliyyətinə 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi başlayıb və 2004-cü ilə kimi burada fəaliyyət göstərib.
2004-2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
2007-2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində işləyib.
2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 15 noyabr 2021-ci ildə isə “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin sədri təyin olunub.
Ailəlidir, üç övladı var. Azərbaycan, rus və ingilis dillərini bilir.
Bölməyə aid digər xəbərlər