Nazirlər Kabinetinin iyulun 26-da “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minir. Vaxt daraldığından əhali peyvənd olunmağa can atır, nəticədə xəstəxanalarda, poliklinikalarda xaotik vəziyyət yaranıb.
Xatırladaq ki, baş nazir Əli Əsədovun imzaladığı qərara görə, ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcək. Qərarda bildirilir ki, bu il sentyabrın 1-dən etibarən dövlət orqanları əməkdaşlarının, bütün tibb və əczaçılıq müəssisələrinin və bütün elm və təhsil müəssisələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-ə qarşı immunitet sertifikatı tələb edilir. Bundan başqa, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq.
Qərarda əksini tapan məhddiyyətlər insanın hərəkət, iş fəaliyyətini, ictmai nəqliyyatdan istifadə hüququnu ciddi məhdudlaşdırır. Başqa seçim yoxdur, vaksin olunmayan vətəndaşı çətinliklər gözləyir. Xəstəxanalarda və poliklinikalarda hazırda uzun növbələrin yaranmasının səbəbi budur. Qaydalara görə, vətəndaşlar TƏBİB-in randevu.its.gov.az saytında qeydiyyatdan keçməklə təyin olunduğu vaxtda seçdiyi tibb müəssisəsində peyvənd olunmalıdır. Sistemdə sentyabr və oktyabr ayı üçün az qala bütün yerlər məşğuldur, ərazi üzrə polikilinikaların hamısının qarşısı isə qələbəlikdir. Səhər saatlarından axşama qədər burada növbəyə dayanıb, peyvənd vurdurmaq istəyən insan kütlələrini görmək mümkündür.
Pandemiyanın üçüncü dalğasında, kütləvi yoluxmanın və ölümlərin sürətlə artdığı zamanda, növbələr infeksiyanın yayılması üçün daha münbit şərait deməkdir. Bəs, aidiyyəti qurumlar niyə bu vəziyyətə hazır deyillər, niyə vaxtında tədbir görməyiblər? Nazirlər Kabinetinin məlum qərarından bir aydan çox vaxt kerçib, bu müddət ərzində ölkə üzrə sürətli vaksinasiya üçün bir sıra addımlar atmaq olardı. Məsələn:
Səyyar vaksinasiya. Bu üsuldan bəzi ölkələrdə geniş istifadə olunur. Müvafiq ləvazimatlarla təchiz olunmuş avtomobillər məhəllələrə, iş yerlərinə gəlir və insanlar səyyar qaydada peyvənd olunurlar.
Stadionlarda, parklarda və digər açıq məkanlarda vaksinasiya aparıla bilər. Çin bu üsulla Uhan şəhərində 12 milyon insanı 3 gün ərzində peyvənd edə bilib. ABŞ-da isə supermarketlərdə də peyvənd vurdurmaq mümkündür.
Prosesə cəlb olunmuş polikilinika və xəstəxanaların sayının artırılması. Qeyd edək ki, Bakıda və əyalət mərkəzlərində heç də bütün tibb müəssisələri bu işə cəlb edilməyib.
Rəsmi məlumata görə, ölkədə 6 milyon dozadan çox vaksin vurulub, amma bu, sentyabrın 1-də vətəndaşların problemsiz hərəkət və fəaliyyətini təmin edəcək səviyyə deyil. Təxminən 3,5-4 milyondan artıq vətəndaş hələ peyvənd olunmayıb, indiki imkanlarla qısa müddətdə bu işi həyata keçirmək fiziki baxımdan qeyri-mümkündür. Ona görə də gələn ayın əvvəlindən əsasən Bakıda vətəndaşların ciddi məhdudiyyətlərlə üzləşməsi, kütləvi narazılıqların, mübahisələrin, etirazların baş verməsi qaçılmazıdr. Nəzərə alsaq ki, Operativ Qərargahın yeni qaydalarına uyğun olaraq, polis əməkdaşlarına mülki qaydada ictimai nəqliyyatda və ticarət obyektlərində qəfil yoxlamalar həyata keçirmək səlahiyyəti verilib, o zaman bizi qarşıda daha böyük xaosun gözlədiyini bilməliyik.
Problem bununla da bitmir, yeni qaydalarda yaşı 18-dən çox olan vətəndaşların peyvəndlənməsi nəzərdə tutulub. Bəs, ilk dəfə ali məktəblərə qəbul olunmuş on minlərlə 17 yaşlı tələbənin aqibəti necə olacaq? Onlarla yuxarı kurs tələbəsinin bir məkanı paylaşması yoluxmanı sürətləndirməyəcək ki? Təcrübə göstərir ki, yeni yoluxanların üçdə biri peyvənd olunmuş şəxslərdir, o zaman universitetlərin risk zonası olacağını qəbul etmək lazımdır.
Daha bir problem kütləvi vaksinasiya zamanı insanların sağlamlıq vəziyyətinin yoxlanılmamasıdır. Məlumdur ki, bəzi xəstəlik daşıyıcılarına peyvənd vurulması məsləhət görülmür, amma Azərbaycanda bu məsələyə xüsusi əhəmiyyət verilmir. Poliklinikalardakı növbələrdə ümumiyyətlə, hansısa vətəndaşın səhhətini soruşmaq tibb işçilərinin ağlına belə gəlmir. Sosial şəbəkələrdə yayılan xəbərlərdə bəzi insanların peyvənd vurulandan sonra səhhətinin pisləşdiyi, hətta dünyasını dəyişdiyi barədə xəbərlər yayılır.
Vəziyyətin belə dramatik hal almasının əsas səbəblərindən biri ötən ilyarımda əhalinin kütləvi testdən keçirilməməsidir. Düzdür, heç bir ölkədə bu sahədə ideal vəziyyət yoxdur, amma kütləvi test aparan ölkələr yoluxmaları, kütləvi ölümləri müəyyən mərhələdə azalda bildilər. Kütləvi test zamanı virus daşıyıcıları müəyyən edilir, onlar ya tibb müəssisələrində, ya da evlərdə təcrid olunur və müalicəyə başlanır. Bu zaman həm kütləvi yoluxma riski azalır, həm də virus daşıyıcılarını vaxtında müalicəyə cəlb etmək mümkün olur.
Azərbaycanda testlər pulludur, bunun üçün 55-70 manat ödəmək lazımdır. Yalnız təcili tibbi yardıma müraciət edənlərdən pulsuz test götürülür. Hazırda gün ərzində 13-14 min vətəndaş test verir və onların təxminən üçdə birinin nəticələri pozitiv çıxır. Əgər test sayı 100 min olarsa, o zaman biz yoluxma rəqəmlərini bir neçə on min rəqəmi ilə ifadə edə bilərik. Qarşıda respirator xəstəliklərin artdığı payız, qış fəsilləri gəlir. Hökumət bu barədə ciddi düşünməlidir. Təcrübə göstərir ki, sərt qadağalar, cərimələr koronavirusun yayılmasının qarşısını ala bilmir…
Bölməyə aid digər xəbərlər