Bakıda bəzi apteklərdə koronavirusun müalicəsində ən effektiv dərman olduğu deyilən “Favipiravir” satılır.
Musavat.com xəbər verir ki, dərmanın satış qiyməti 200 manat civarındadır.
Artıq bəzi apteklər dərmanın satışını onlayn şəkildə həyata keçirir. Hətta sifarişlə belə gətirmək mümükündür.
Qeyd edək ki, “Favipiravir” adlı dərman “Fujifilm” şirkətinin törəmə qurumu olan “Fujifilm Toyama Chemical” tərəfindən hazırlanıb.
Koronavirus pandemiyasının yayılmasından bir müddət sonra bu dərmanın Uhan və Şençjen şəhərlərində keçirilmiş klinik sınaqlarının ümidverici nəticələri olduğu haqda məlumatlar yayılmışdı. Çin rəsmiləri israrla bildirirdilər ki, bu dərman koronavirusa qarşı ən effektli dərmandır.
Dərman sınaqdan da keçirilmişdi. 340 nəfərin iştirak etdiyi sınaqdan sonra çin rəsmiləri deyirdi ki, dərman öz təsirini cəmi 4 gün sonra göstərir. Bu dərmanla müalicə olunmayan xəstələr üçün isə bu göstərici ən azı 11 gündür.
Çinlilər deyir ki, “Favipiravir” ilə müalicə olunan xəstələrin təxminən 91 faizində ağciyərin vəziyyəti yaxşılaşır.
Onu da qeyd edək ki, Çindən gətirilən bu dərmanın qiyməti tərkibinə görə dəyişir. 200 mq-lıq “Favipiravir”in qiyməti 180-200 manata təklif olunur.
Bölməyə aid digər xəbərlər