11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Ulu Öndər daim andına sadiq qaldı" - Anar Nəbiyev

      Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 3 oktyabr 1993-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
      Ümummilli Liderin ümumilikdə  hakimiyyətinin hər iki dövrü Azərbaycanın bu günü və gələcəyi ilə bağlı qərarlarla, təşəbbüslərlə, biri-birindən mühüm addımlarla zəngindir. Hər bir ölkənin inkişafında sabitliyin, iqtisadi tərəqqinin rolunu önə çəkən Ümummilli Lider bu çağrışı da etdi ki, Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil siyasətinin uğurlarını yaşayır.  Dövlətçiliyin əsasları qoyuldu, milli  Konstitusiyamız qəbul edildi, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birliyə çağrıldı. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparıldı,  cəmiyyətin idarə edilməsində əhəmiyyətli rola malik olan, ayrı-ayrı sahələrin inlikafına yol açan qanunlarımız qəbul edildi. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı dövlət siyasətinin əsasına çevrildi.
     Ümumilikdə bütün sahələrdə geniş vüsət alan islahatlar prosesi Azərbaycanın hərtərəfli inkişafını şərtləndirdi. Ulu Öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların vəhdətinin yaradılmasını prioritet məsələ kimi qarşıya qoydu. Məhz 1993-2003-cü illərdə qoyulan təmələ əsaslanaraq dövlət başçısı İlham Əliyev 2003-cü ildə  Prezident kimi jurnalistlərə ilk müsahibəsində bildirdi ki,  hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Artıq bu istiqamətdə çox böyük işlər görülüb: “Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcəkdir. Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaqdır, iş yerləri də açılacaqdır. Yəni hesab edirəm ki, indi qlobal şəkildə bu istiqamət də Azərbaycan üçün lazımdır.” Bu reallıq da diqqətə çatdırıldı ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. 1993-2003-cü illərdə Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub.
     1993-2003-cü illərin təhlili göstərir ki,  3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində   bütün Azərbaycan xalqı  yekdilliklə Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu əbədi olaraq xilaskar, müstəqilliyin qarantı seçdi. Onun  fəaliyyəti dövründə  Azərbaycan milli intibah zirvəsinə qədəm qoydu. Qeyd etdiyimiz kimi, tükənməz əzmi hesabına ölkəmizdə yeni iqtisadi, siyasi, hüquqi təsisatlar yaradıldı, mühüm islahatlar həyata keçirildi, sosial-iqtisadi proqramların qəbulu ilə  nəhəng quruculuq prosesinin sürətlənməsi üçün real imkanlar  yarandı. Sovetlərdən miras qalan planlı idarəetmə bazar iqtisadiyyatı ilə əvəz olundu, yeni neft strategiyası müəyyənləşdirildi. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı.
      “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Onu da qeyd edək ki, 2006-cı ilədə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatmasının  məhz 28 May-Respublika Gününə (hazırda Müstəqillik Günü) təsadüf etməsinin rəmzi mənası olduğunu bildirən dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi” nin rolu böyükdür. “Əsrin müqaviləsi” imzalanmasaydı bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yeri və rolunun necə olacağını təsəvvür etmək çətin deyildi.
Hazırda Azərbaycan iqtisadi və siyasi müstəqilliyi ilə diqqətdədir. Etibarlı  tərəfdaş kimi nüfuz qazanan Azərbaycan reallaşdırdığı enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ümummilli lider  Heydər Əliyevin  siyasətinə sadiqliyini hər addımda təsdiqləyən dövlət başçısı İlham Əliyev dünyaya səs salan tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən iqtisadi və siyasi müstəqilliyin rolunu xüsusi qeyd edir ki, bunun da təməli Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində qoyulub. Azərbaycan Heydər Əliyev yolu ilə gedir və bu yol hər zaman xalqımıza möhtəşəm uğurlar qazandıracaq.  Azərbaycanın bugünkü reallıqları Ümummilli Liderin  “Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir” fikirlərinin təsdiqidir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 2-10-2023, 16:00 Oxunub: 347


Bölməyə aid digər xəbərlər