Yaşı cəmiyyətin yaşı qədər olan həkimlik nəcib və məsuliyyətli peşələrdən biridir. İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçənlər yaddaşlarda əbədi yaşayirlar.
Məşhur rus yazıçısı, həkim A. P. Çexov həkimlik sənəti haqqında demişdir: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır".
Həkimlik sənəti eyni zamanda çox məsuliyyətli bir sənətdir. Yəni insan həyatı sənə etibar edilir, gərək sən də bu etibarı layiqincə doğrulda biləsən.
Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə "el anası” demişlər.
...Sentyabr ayının ilk günlərində ürəyimin mənə qarşı etdiyi şıltaqlığı hiss etdim. Çox çətin bir durumda olduğumu anladım. Hiss etdim ki, bədənimin bir tərəfi işləmir. Belə bir durumda Abşeron Rayon Mərkəzi Xəstəxanasına üz tutdum. Sağ olsunlar, məni dərhal müayinələrə yönləndirdilər. Mənə bildirməsələr də səhhətimdə ciddi problemlər olduğunu anladım.
Xəstəxanada olduqca çox adam – xəstə var idi. Məni diqqətlə, səbrlə və həkim üçün son dərəcə vacib olan mədəniyyətlə dinləyəndən sonra KT, ürək müayinəsindən və analizlərdən keçməyi məsləhət gördülər. Burada da son dərəcə fədakarlıq göstərən və öz işlərini sevən qeydiyyatçılarla rastlaşdıq. Xeyli növbə olmasına baxmayaraq qeydiyyatçılar onlara müraciət edən hər kəsi səbrlə, təmkinlə dinləyir, lazımi prodessurları xüsusi zövqlə yerinə yetirirdilər. Onların xəstələri bu cür qarşılamaları hər bir xəstədə məmnunluq doğururdu.
Bəli, təxminən 3-4 saatlıq müayinə zamanı həqiqətən öz işini dərindən bilən, onlara müraciət edən hər kəsə xüsusi qayğı və ehtiramla yanaşan peşəkar işçilərlə rastlaşdıq. Hiss etdik ki, onlar xəstəni müayinə və müalicə edərkən "Hippokrat” andına sədaqət prinsipini həmişə rəhbər tuturlar.
Məni xəstəxanada terapiya şöbəsinə yerləşdirdilər. Terapiya şöbəsinin müdiri Rəsmiyyə xanım Atakişiyevanın burada yaratdığı nizam-intizam sözün əsl mənasında məni məmnun etdi. Yenidən həyata qayıtmağıma görə nur üzlü həkim-kardioloq Nurtac xanım Ağazadəyə öz dərin minnətdarlığımı bildirirəm. Həkimlə ilk söhbətdən sonra səhhətimin etibarlı əllərdə olduğunu anladım.
Mənimlə eyni vaxtda şöbədə müalicə alan, birinci Vətən Müharibəsində ermənlərə qan udduran, əfsanəvi Tərtər batalyonunun komandirı, polkovnik-leytenant Ağasəlim Səlimov və “Koroğlu” ləqəbli polkovnik Həsən Əhmədov da göstərilən tibbi xidmətdən razı qaldıqlarını bildirdilər.
Ümumiyyətlə, Abşeron RMX-nın bütün kollektivinə, xüsusilə də terapiya şöbəsinin söbə müdiri Rəsmiyyə Atakişiyeva başda olmaqla, nevropatoloq Elçin Rəhimliyə, terapevt Araz Hüseynova, məni həyata qaytaran Nurtac Ağazadəyə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edirəm.
Tanrının ən dəyərli hədiyyəsi olan həyat, həkimlərin təyinatı ilə əsasən tibb bacılarının əllərinə həvalə olunur.
Şöbənin tibb bacıları Gülövzə Əliyeva, İnarə Rzayeva, Lalə Bədəlova, Ceyran Niftalıyeva, Pərvanə Abdullayeva, Aygün Xəlilova, Sənubər İmamverdiyeva və adlarını bilmədiyim digərləri bu müqəddəs işin etibarlı təmsilçiləridir.
Sağlam həyat təmizlikdən başlayır desək, yanılmarıq. Şöbədə təsərrüfat bacısı Zəminə Əsgərovanın rəhbərliyi ilə kiçik tibb işçiləri Aləmzər İsmayılovanın, Elmira Rəsulovanın, Ulduz Bağışovanın, Könül İbrahimovanın və xəstə baxıcısı Tahirə Məmmədovanın da xidmətlərini xüsusi qeyd etməyi özümə borc bilirəm.
Allah Hippokrat andına sadiq olan bütün həkimlərimizi və səhiyyə işçilərimizi qorusun.
AYDIN ADIGÖZƏLLİ,
ATİA.AZ saytının baş redaktoru
Bölməyə aid digər xəbərlər