Novxanı-Binəqədi şossesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.
ATİA.AZ APA-ya istinadən xəbər verir ki, qəza Novxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1986-ci il təvəllüdlü Vəliyev Samir Bəhram oğlu idarə etdiyi “Kia Optima” markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən “Kia Rio” markalı maşına çırpılıb. Zərbə o qədər güclü olub ki, S.Vəliyevin idarə etdiyi maşın yol kənarındakı nişana daha sonra işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində “Kia Rio” markalı maşının sərnişini 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarət alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.
Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, S.Vəliyev ağır dərəcəli sərxoş halda avtomobili idarə edib.
S. Vəliyev Beynəlxalq Hava Limanında Dövlət Gömrük Komitəsinin əməkdaşıdır, leytenantdır.
APA
**************************************************************************************
Gömrük Komitəsindən sürücünün sərxoş halda qəza törətməsi ilə bağlı AÇIQLAMA
Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşı olduğu deyilən şəxsin sərxoş halda qəza törətməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirib.
“Bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin əməkdaşı Vəliyev Samir Bəhram oğlunun sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə qəza törətdiyi barədə məlumat yayılıb.
Diqqətinizə çatdırıram ki, Vəliyev Samir Bəhram oğlu adlı şəxs gömrük orqanlarında xidmət etmir və yayılan məlumatlar həqiqətə uyğun deyil”, - deyə Natiq Axundov qeyd edib.
Bölməyə aid digər xəbərlər