Dələduzluqda ittiham olunan tanınmış vəkil Ruhid Əkbərova hökm oxunub.
Aldığımız məlumata görə, 13 saylı Vəkil Bürosunun vəkili Əkbərov Ruhid Rəşid oğlunun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Martın 11-də keçirilən sonuncu prosesdə hakim Azər Paşayevin hökmü ilə Ruhid Əkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı azadlıqda qalan vəkil məhkəmə zalında həbs edilib.
İstintaq dövründə R.Əkbərovun Vəkillər Kollegiyasına üzvlüyü saxlanılsa da, onun vəkil kimi fəaliyyəti dayandırılmışdı.
R.Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə təqsirləndirilir. O, iki vətəndaşa 50 min manatdan çox pul “atmaq”da ittiham edilir.
Məlumata görə, R.Əkbərov vətəndaşlardan onların yaxınlarının cinayət işi üzrə bəraət yaxud digər yüngülləşdirici qərar verilməsinə nail olacağını vəd edərək külli miqdarda pul alıb.
Qeyd edək ki, R.Əkbərov daha öncə Ali Məhkəmədə məsləhətçi işləyib. Həmin zaman korrupsiya şəraiti yaradan hallara görə işdən uzaqlaşdırılıb.
Vəkillər Kollegiyasının üzvü olan Ruhid Əkbərov ictimaiyyətin diqqətində olan bir neçə işlərdə çıxış edib.
Sonuncu dəfə isə Türkiyədə saxlanılıb Azərbaycana ekstradisiya edilən tanınmış sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaqın ilkin mərhələsində onun vəkili olub.
Murad Əhməd
Bölməyə aid digər xəbərlər