13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Flora Kərimova: “Camaatı işə buraxmırlar, bəs nə ilə dolansınlar?”

Son günlər koronovirus infeksiyasına qarşı peyvənd etdirənlərin sayı günü-gündən artır. Şou-biznesin tanınmış simaları da vaksin vurdurarkən çəkilən fotolarını sosial şəbəkədə yayımlayaraq, müzakirələrə səbəb olublar. İlk vaksin etdirən Xalq artisti Röya Ayxan olub. Onun ardınca Xalq artisti Məleykə Əsədova, Faiq Ağayev, əməkdar artist Ədalət Şükürov peyvənd etdirməsi ilə gündəmə gəlib.
 
Bildiyimiz kimi, yanvarın 18-dən başlanan vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətin peyvəndlənməsi nəzərdə tutulurdu. İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, yüksək riskli şəraitli işlərdə çalışanlar və digərləri daxildir. Elə müzakirələrə səbəb də bu şərtlər olub. Bəs görəsən, bu yaş qruplarına aid olan sənət adamları arasından kimlər peyvənd etdirib?
    83 yaşlı Xalq artisti Arif Babayev koronovirusdan evdə oturaraq qorunduğunu söyləyib: "Çalışdığım qədər günümün çox hissəsini evdə keçirirəm. Nadir hallarda çölə çıxıram. Daim özümü qoruyuram. Maskadan da istifadə edirəm. Vaksin vurdurmuşam. Artıq 1 ay əvvəl olar. Elə klinikaya getmişdim, həmin vaxt orada da peyvənd elədilər".
 
74 yaşlı Xalq artisti Səməd Səmədov da artıq peyvənd etdirdiyini söyləyib:
"Artıq bir ay əvvəl mən də, həyat yoldaşım da peyvənd olunmuşuq. Növbəti dəfə isə martın 19-da vaksin vurduracağıq. Yoluxmamaq üçün maskadan istifadə edirik. Evə qonaq çağırmırıq, nə də özümüz qonaq gedirik. Hətta bir ilə yaxındır efirlərə də çıxmadım. Həyat yoldaşım və uşaqlarım qoymadı. İndi dəvətlərə gedirəm, onda da qaydalara əməl edirəm".
 
66 yaşlı Xalq artisti Fatma Mahmudova isə elə telefonla danışa-danışa vaksin vurdurmaq üçün klinikaya getdiyini açıqlayıb: 
"Hər kəs vurdurmalıdır. Bu, qanundur. Qanun qarşısında nə deyə bilərik? Belə lazımdırsa, peyvənd olunmalıyıq. Hamıya da vaksin vurulur və heç kimə də ziyanı yoxdur".
 
61 yaşlı Xalq artisti Firəngiz Mütəllimova isə səhhətinin vaksin üçün əlverişli olmadığını deyib:
"Vaksin vurdurmamışam. Amma istərdim ki, vurdurum. Beyin əməliyyatı olunduğum üçün hələ etdirməmişəm.  Vaksindən də qorxmuram. Dünyada hamı vaksin vurdurur. Camaat vaksindən ötrü nümayiş keçirir. Amma bizdə bilmirəm nə üçün vaksindən qorxurlar".
 
75 yaşlı Xalq artisti Cavan Zeynallı isə bu haqda danışmaqdan imtina edib. O bildirib ki, virusdan qorunsa da, vaksin vurdurub-vurdurmayacağını gizli saxlayacaq:
"Maskadan istifadə edirəm, insanlarla sosial məsafə saxlayıram. Avtobusdan yox, taksidən istifadə edirəm".
 
67 yaşlı Əməkdar artist Ruhəngiz Musəvi də vaksin vurdurmayacağını söyləyib:
"Özümü çox yaxşı hiss edirəm. İndiyə qədər koronavirusa yoluxmadım. Çünki özümü qoruyuram. Bütün izolyasiya qaydalarına əməl edirəm. Vaksin vurdurmayacam. Kim vurdurur, vurdursun".
 
81 yaşlı Xalq artisti Niyaməddin Musayev "Hələ peyvənd olunmamışam, amma düşünürəm. Sağlamlığım üçün bu mütləqdir" deyə, bildirib.
 
70 yaşı olan Xalq artisti Arif Quliyev isə "Hələ peyvənd olunmamışam. Çünki təzyiqim var. Normallaşdıqdan sonra mütləq vurduracam. Peyvənd olunmaqdan da qorxmuram. Virusdan qorunmaq üçün çalışdığımız qədər vaxtımızı evdə keçirdirik" sözlərini söyləyib.
 
79 yaşlı olan Xalq artisti Flora Kərimova isə qadağalardan şikayət edib: 
"Virusdan qorunmuram, dəvət olunduğum hər yerə gedirəm. Düşünrəm ki, qadağalar hamısı əbəs yerədir. Çünki insan özü-özünü qorumasa, başqa heç kim onu qoruya bilməz. Nə qədər oturasan evdə? Bu, depressiyadan başqa insana heç nə vermir. Otur evdə - yeməksiz, çörəksiz. Necə olar bu? Mənə bunları demək üçün gərək ailəmin rifahını ödəyəsən. Ünsiyyət olmasın, sosial məsafə olsun, bu, nə deməkdir? Vaksin vurdurmayacam. Niderlandda peyvənd olunanların 100 nəfəri vəfat edib. Həyat mənimdir və onu mən qorumalıyam. Camaatı işə buraxmırlar. Elə şey olar? Bəs, nə ilə dolansınlar? İnsanın maddi rifahını nəzərə almırlar. Avtobusda camaat basabasda gedib-gəlir. Axı, taksidən çox adam istifadə edə bilmir". 


Tarix: 12-03-2021, 07:59 Oxunub: 571


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?