11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, ya da ki, məhkəməyə gedəcəklər” - Prezident

"10 noyabrdan sonra onlar öz mənfur fəaliyyətindən əl çəkmədilər, əksinə, 20 gün ərzində çalışdılar ki, maksimum bizim təbiətimizə və əmlakımıza ziyan vursunlar. Evləri, ağacları yandırırdılar, kəsib-doğrayırdılar, talan edirdilər, evlərin pəncərələrini, sanitar qovşaqlarını aparırdılar və bütün dünyanın gözü qarşısında. Yaxşı ki, xarici media nümayəndələri də bu vəhşiliyin şahidləri oldular və bütün dünya gördü ki, biz kimlərlə üz-üzə idik və biz hansı bəlanı məğlub etdik"  -  bunu Prezident İlham Əliyev  yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
"Mən, sözün düzü, belə vəhşilik gözləmirdim, özü də tamamilə əsassız vəhşilik. Baxın, başqasının torpağını zəbt edəsən, güc tətbiq edərək, heç bir vaxt vermədən o torpağın, o evin sahibini qovasan, - biz onlara 20 gün vaxt verdik, onlar bizə 20 saat da vaxt verməmişdilər, - ondan sonra onun evində yaşayasan, sonra deyəsən ki, bu, mənimdir və sən oradan çıxmağa məcbur olanda bu evi dağıdasan, sökəsən, yandırasan. Bu dərəcədə əxlaqsızlıq ola bilərmi? Bütün dünya bunu gördü. İkinci Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazilərimizin, ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl real sifətini gördü. Biz, əlbəttə ki, bütün dəymiş ziyanı hesablamalıyıq və hesablayırıq. Mənim göstərişimlə indi Azərbaycanın müvafiq qurumları video, foto çəkilişlər aparırlar, dron çəkilişləri aparılır. Dəymiş bütün ziyan hesablanacaq. Dağılmış bütün evlərin protokollaşdırılması işlərinə start verilib ki, vətəndaşlar fərqi qaydada dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrə, ilk növbədə, Azərbaycan məhkəmələrinə və sonra beynəlxalq məhkəmələrə müraciət etsinlər.
 
İkinci mərhələdə, - artıq bu sahədə də işlər başlanıb, müvafiq sənədlər imzalanıb, - buna oxşar münaqişələrdə dəymiş ziyanın hesablanması üçün təcrübəsi olan beynəlxalq şirkətlərlə də sənədlər imzalanıb, onlar yaxın gələcəkdə Azərbaycana gələcəklər. Əlbəttə ki, onlar özləri tədqiqatlar aparacaqlar, ancaq biz də onları lazım olan materiallarla təmin edəcəyik. Bu beynəlxalq şirkətlərin bu sahədə təcrübəsi var və dəymiş ziyanın ödənilməsi, təzminatın ödənilməsi üçün əlbəttə ki, beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq", - deyə dövlət başçısı bildirib.
 
İlham Əliyev qeyd edib ki, eyni zamanda, bizim təbii resurslarımızı icazəsiz istismar edən xarici şirkətlər də məsuliyyətə cəlb ediləcək:
 
"Bildiyiniz kimi, azad edilmiş torpaqlarda bizim qızıl mədənlərimiz vəhşicəsinə istismar edilirdi. Bu, beynəlxalq cinayətdir. Artıq bu cinayəti törətmiş bəzi qurumların məsuliyyətə cəlb edilməsi üçün ilkin hazırlıq işləri aparılıb. Mən bu məsələ ilə bağlı bir-iki dəfə öz sözümü demişəm, bir daha demək istəyirəm ki, ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, kompensasiya verəcəklər, ya da ki, məhkəməyə gedəcəklər. Məhkəməyə getdikləri təqdirdə, tam əminəm ki, məhkəmədə onlar uduzacaqlar, eyni zamanda, dünya miqyasında biabır olacaqlar. Çünki başqa ölkədə qanunsuz işlərlə məşğul olmaq, qanunsuz sahibkarlıqla məşğul olmaq, o ölkənin təbii sərvətlərini talamaq cinayət sayılır. Bu şirkətlərin beynəlxalq reputasiyasına da çox ciddi ziyan dəyəcək.
 
Bununla paralel olaraq, bizim meşə fondumuz da məhv edilib, 54 min hektar meşə ermənilər tərəfindən qırılıb, dağıdılıb. İşğala qədər bizim meşələrimizin ümumi həcmi təqribən 220-230 min hektar idi, 54 min hektar kəsilib dağıdılıb. Onlar ondan müxtəlif materiallar istehsal ediblər, bildiyimə görə, orada parket biznesi də çox geniş vüsət almışdı, xarici şirkətlər də burada iştirak ediblər. Yəni, dəymiş bütün ziyan hesablanacaq, o cümlədən bizim torpaqlarımızdan qanunsuz şəkildə istifadə edən şirkətlər də cərimələndiriləcək. Azad edilmiş torpaqlarda ancaq taxıl altında 100 min hektara yaxın torpaq var idi, onları qanunsuz istismar edirdilər və gəlirlər götürürdülər. Onu da hesablayacağıq. Bu, işin bir tərəfi. İndi beynəlxalq məhkəmələrdə buna nə dərəcədə reaksiya veriləcək? O, işin ikinci məsələsidir. Burada, əlbəttə ki, əsas məsələ obyektivlikdir. Əgər obyektiv yanaşma olsa, əlbəttə ki, onlar bu təzminatı ödəməli olacaqlar. Biz, eyni zamanda, beynəlxalq praktikaya da nəzər saldıq. Xarici İşlər Nazirliyinə tapşırıq verildi və artıq bu günlərdə mənə məlumat verildi, presedentlər necə olub, bu presedentlər var. O qədər də çox deyil, amma var. Burada, əlbəttə, hər bir presedent bizim tərəfimizdən təhlil edilməlidir ki, bunun təməlində nələr dayanır? Obyektivlik, yoxsa ki, siyasi sifariş? Çünki sirr deyil ki, beynəlxalq məhkəmə sistemi də siyasi təzyiqdən azad deyil və bəzi hallarda siyasi sifarişlər də yerinə yetirilir. Ona görə hər şey bundan asılı olacaq. Hər halda, biz öz üzərimizə düşən missiyanı yerinə yetiririk və yaxın zamanlarda dolğun hesabat hazırlanacaqdır".


Tarix: 27-02-2021, 08:57 Oxunub: 390


Bölməyə aid digər xəbərlər