Məlum olduğu kimi, bir qədər əvvəl işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.
Bu barədə verilən fərmana görə, xüsusi nümayəndəliklərə Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Prezidentin xüsusi nümayəndələri rəhbərlik edirlər. Artıq Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin vəzifə və hüquqları açıqlanıb. Bu barədə "Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”də qeyd edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışları zamanı bu barədə danışıb. Bildirib ki, həmin nümayəndəliklər ona görə təsis edilib ki, orada ayrı-ayrı məmurların özbaşınalığına, mənimsəmələrinə, qanunsuz əməllərinə yol verilməsin.
Məlum olduğu ki, ölkəmizdə vətəndaşların yerli icra hakimiyyəti strukturlarından çoxsaylı narazılıqlarına rast gəlinir. Xüsusilə ötən il icra hakimiyyəti orqanlarında baş verən neqativ hallar cəmiyyətə açıqlandı və buna görə həbslər baş verdi.
Rayon İcra hakimiyyətləri idarəetmə strukturu olaraq özünü doğrultmadığından işğaldan azad edilmiş rayonlarda yaradılan Azərbaycan Respublikası Prezidentin xüsusi nümayəndəliklərinin digər rayonlarda da təsis edilməsi gözlənilə bilər
"Bu bölgələrdə icra hakimiyyətlərinin ləğv olunması da mümkündür”
"Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, nümayəndəliklər Prezident Administrasiyasının struktur vahididir:
"Faktiki olaraq hazırkı şəraitdə işğaldan azad edilmiş bölgələr üzrə yaradılması nəzərdə tutulan bu təsisiat demək olar ki, mərkəzi icra hakimiyyətinin yerlərdə olan idarələrinə aid olan bütün məsələlər üzrə cavabdeh olan təsisatdır. Burada ən mühüm məsələ qərarların qəbul edilməsində çevikliyin təmin edilməsidir. Quruculuq, sosial və bütün məsələlərlə bağlı bu təsisatın qərar qəbul etmək, müvafiq qurumlar qarşısında məsələ qaldırmaq səlahiyyəti var. Səlahiyyətli nümayəndə həm də ərazi üzrə təyin olunur. Həmin ərazilərin hüdudları da cənab prezident tərəfindən müəyyənləşdirilib. İndiki halda Şuşa şəhəri ilə bağlı bütün məsələlər səlahiyyətli nümayəndəliyin razılığı, nəzarəti altında həyata keçiriləcək”.
"Ola bilər ki, icra strukturlarına yeni baxış ortaya qoyulsun”
Əliməmməd Nuriyev qeyd edir ki, səlahiyyətli nümayəndənin fəaliyyətinə rəhbərlik prezident administrasiyası tərəfindən həyata keçirildiyindən burada qərarların qəbul olunmasında ləngimə olmayacaq:
"Çünki hazırkı stiuasiya işğaldan azad edilmiş bölgələrdə belə çevik idarəetmə təsisatını zəruri edib. Yerli icra hakimiyyətləri qurumları öz funksiyalarının öhdəsindən yetərli qədər gələ bilmirlər. Buna görə də ola bilsin ki, yerli icra hakimiyyəti strukturlarına yenidən baxış ortaya qoyulsun. İstisna etmirəm ki, idarəetmənin bu forması gələcəkdə digər ərazilərə də şamil edilsin. Bu cür təsisatlar bir neçə inzibati ərazini və ya həmin ərazilərin bir hissəsini əhatə edə bilər. Burada bürokratiyanın azalması prosesi baş verəcək, eyni zamanda qərarların mərkəzi icra hakimiyyətləri ilə razılaşdırılması ilə bağlı çoxsaylı prosedurlar məhdudlaşdırılacaq. Ərazilərdə məhz belə çoxsaylı aralıq mexanizmlərin olması ona gətirib çıxarır ki, bəzən aylarla qərarlar qəbul olunması gecikir. Bir sıra hallarda isə ümumiyyətlə qərarlar qəbul olunmur. Hesab edirəm ki, yeni təsisat dövlət orqanları arasında, həmçinin dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərə yeni xüsusiyyətlər gətirəcək”.
"Vasitəçi qurumlar idarəetmənin effektini azaldır”
Əlimməməd Nuriyev bildirir ki, bu cür təsisatların Prezident Administrasiyasına, Prezidentə birbaşa çıxışlarının olması idarəetmədə yeni aliqaritminin formalaşmasına gətirib çıxaracaq:
"Ümumiyyətlə hesab edirəm ki, Prezidentlə birbaşa əlaqələr quran təssisatlar olmalıdır. Hər hansı aralıq əlaqələr idarəetmənin effektliyini azaldır. Qarşıda böyük hədəflər var - məlumdur ki, 2030-cı ilə qədər milli iqtisadiyyatın prioritetləri müəyyən edilib - orda 5 əsas priroitet nəzərdə tutulub ki, bunlar da idarəetmənin hansı qaydada qurulacağından asılıdır”.
"Yeni idarəetmə aləti yaradılanda paralel strukturların ləğvi gündəmə gəlir”
Hüquqşünas bildirir ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı və müxtəlif xarakterli işlər görülməlidir:
"Mövcud idarəetmə təchizatı ilə onu həyata keçirmək yetərli qədər mümkün görünmür. Həmin ərazilərlə bağlı xüsusi nümayəndəliklər təyin edildikcə, ola bilsin ki, onların yerli icra hakimiyyətlərinin ləğvi də baş versin. Düşünürəm ki, bununla bağlı müəyyən təhlillər həyata keçirilir. Çünki yeni idarəetmə aləti yaradıldıqda paralel strukturların ləğvi də gündəmə gəlir. Çünki hazırkı şəraitdə biz resurslara qənaət etməliyik, resurslardan səmərəli istifadə etməliyik. Bütün bunlar idarəetmədə xərclərinin azaldılmasını zəruri edir. Bir təsisat yaradıb, digər paralel təsisatları saxlamaq idarəetmə xərclərini artıra bilər. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə bu istiqamətdə də addımlar olacaq. Hesab edirəm ki, bu idarəetmə sistemi Azərbaycanda yaxşı idarəetmə nümunələrindən biri ola bilər”.
Bölməyə aid digər xəbərlər