Ölkədə böyük rəğbətlə qarşılanmış və sensasiyaya səbəb olmuş Millət vəkili Razi Nurullayev srağagünki çıxışını bu gün də eyni tərzdə davam etdirib. Millət vəkili söz verdiyi kimi "adları" açıqlayıb.
Həmin çıxışı təqdim edirik:
“Dünən Prezidentin keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar ürəyimə su səpdi. Demişdim ki, adlar çəkəcəyəm və Prezidentin dünənki çıxışından sonra artıq bunu daha sərbəst edə bilirəm. Axı, neçə illərdir ki, bu məsələlər deyilirdi, nəticə isə yox. Artıq çox şey dəyişməlidir və vəzifəsini dürüst icra etməyənlər kreslolarını, bir zəhmət, boşaltsınlar. Neft Şirkətinin vəzifəsi neftdən qazanılan pulları xalqın rifahı üçün xərcləməkdir. Neft Şirkətinin nə deputatları, nə də xalqın nümayəndələrini ağ və qaradəriliyə bölməyə ixtiyarı yoxdur. İmişlinin 10 kəndi qazlaşmayıb, camaat çıxıb yolu da bağlayır, vecinə alan yox. Məgər on il ərzində bir-iki kəndi qazlaşdırmağı plana salmaq olmazdı? Olardı. Amma, sərf etmir. Çünki, bütün məsələlərə hesab- kitabla baxılır və bu hesab-kitabın adı əyri yollar, əyri işlər və ziqzaqlı korrupsiya piramidasıdır. Hörmətli Rövnəq müəllim heç telefonu qaldırmır. Nəticəsi isə, artıq görünür ki, çox ağır olacaq. Amma, Rövnəq müəllim bilsin ki, mən çıxışımın sərtliyini 70% azaltdım və bunu bir sıra dostlarımın və həmkarlarımın xətrinə edirəm."
Mıllət vəkili Razi Nurullayev AZAL-la bağlı da məsələyə münasibət bildirib:
“Hörmətli deputatlar, Azərbaycan xalqı, hətta xeyli deputatlar, digər tez-tez səfər edən kəsim nəyə görə gedib başqa ölkələrə Gürcüstandan uçmalıdır? Vətəndaşlarımız Azərbaycan dövlətinin, yəni Azərbaycan xalqının pulu ilə alınan təyyarələrlə niyə uçmamalıdır? Nədir-nədir, təyyarələr bahalıdır, təmizdir, yeyib-içmək verirlər və s. Cahangir müəllim, bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri yeyər, narahat kresloda da oturar. Guya 2-3 saat rahat kresloda otursa, həyatı dəyişəcək? Həyatı dəyişənlər sizlərsiniz. Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu biabırçılıqdır. Dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durub. Siz pul qazanıb kreditlərinizi ödəmələsiniz, hələ dövlətə vergi də verməlisiniz. Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur və elə hallar olub ki, siz təyyarədə 2-3 nəfərlə ancaq elə özünüz uçmusunuz. Kimin pulu ilə? Cavab verin!”
Razi Nurullayev sonra qeyd edib ki, “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə hesabını isə bir neçə gün sonraya saxlayıb:
“Vaxt azdır, amma bəzi sənədləri əldə etmək istəyirəm və mütləq o sənədləri əldə edəcəyəm və canlı yayımda nümayiş etdirəcəyəm”.
Bölməyə aid digər xəbərlər