Qarabağ qazisi Qaxda coşqu ilə qarşılanıb.
ATİA.AZ xəbər verir ki, qarşılanma mərasimində iştirak edən rayon sakinləri, ictimaiyyət nümayəndələri Vətən Müharibəsində Mail Məmmədov kimi igidlərin qəhrəmanlıqlarından danışıblar.
44 günlük Vətən Müharibəsinin 39 gününü düşmənlə qarşı-qarşıya döyüşən M.Məmmədov indi qürur hissi keçirdiyini deyir. Qazi ilk olaraq Vətən Müharibəsində şəhid olan həmkəndlisi 20 yaşlı Cavid Abdullayevin məzarını ziyarət edib. Daha sonra qazini evində valideynləri və bir yaşlı oğlu qarşılayıb.
M.Məmmədov güləş və karate ilə məşğul olub. Dəfələrlə respublika əhəmiyyətli yarışlarda birincilik qazanan M.Məmmədov məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Ordu sıralarından tərxis olunduqdan sonra Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Akademiyanı bitirib və yenidən hərbiyə yollanıb.
Sərhəd Qoşunlarında gizir kimi xidmət edən M.Məmmədov 27 sentyabrdan başlayan Vətən Müharibəsinin fəal iştirakçılarından birinə çevrilib. Şuşaya qədər irəliləyən və Şuşa uğrunda gedən döyüşlərdə hər iki ayağından güllə yarası alan qəhrəmanımız üç gün ərzində yaralı vəziyyətdə həmin ərazidə qalıb. Üç gündən sonra Şuşanın işğaldan azad olunduğu 8 noyabr tarixində döyüş yoldaşları onu xilas edərək hospitala yerləşdiriblər.
Gizir M.Məmmədov sağlamlığına tam qovuşduqdan sonra yenidən hərbçi yoldaşlarının yanına yollanacağını bildirir.
Bölməyə aid digər xəbərlər