11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Qətl edilən küçə heyvanları haqqında" - Aygün Sadiq

Bu baxışlardakı səssiz fəryad və həmin sual  məhv edir insanı, vicdanına saplanır, ürəyinə sancılır: "NƏDƏN?"

Onların sənə sözü var:
Gecə yatmışdıq. Bizi zorla, iplə sürüyərək, işgəncə edərək vəhşicəsinə yığıb apardılar. Fəryadımız ta ərşə ucaldı, eşidən olmadı. Biz nəyin cəzasını çəkirdik, bilmədik. Düzdür, sizin türdən tərəfimizi tutan, haqqımızı arayan dostlarım oldu, amma onlar 2 nəfərin şəxsi istəyi də 273 səlahiyyətli şəxsin imzası qarşısında aciz qaldı. 

Qarnı doyduqdan, məsrəfləri dövlət tərəfindən təmin olunduqdan sonra yurdun qız-gəlininə sataşan, küçədəki heyvanları silahla vuran çoxsaylı yadellinin rahatlıqla yerləşdiyi ölkədə bir bizmi yük olduq sizə? Nədən? Biz ki günahsızıq, qətllər törətmədik. Ölkəni bürüyən təcavüz, pedofiliya, narkomaniya, insan alveri, orqan ticarəti statistikasında heç cür adımız yoxdur!

Bəs NİYƏ BİZ? NƏDƏN MƏHZ BİZİ HƏDƏFƏ ALDINIZ? 

Bunca yadın çörək yediyi məmləkətdə bizə bir tikə çörək yük kimi  göründü sizə. Biz yük olduq bizə. Təbii. Çünki artıq fəlakətdən bir il keçib. Necə deyərlər, bağda ərik var idi, salaməleyk var idi...

Yeni fəlakətlərə qədər, daha doğrusu, o fəlakətləri çağırana qədər qəmsizsən, bizdən azad olduqdan sonra heç bir dərdin qalmayacağını düşünürsən. Amma əsl dərd bundan sonra başlayır... Və həmin dərdlər gələndə batmanla gəlir, ona sənin təkbaşına gücün çatmır, insanoğlu, o ərəfələrdə necə üzüntü çəkdiyini gözümlə görmüşəm. Nəinki görmək, sənin acılarını, sənin kədərini, sənin itkilərini səninlə birlikdə yaşamışam.... Yanında idim axı, o yardım çığlıqları, o mücadilələr ölüncə gözüm önündən getməz... Özüm tapdığım, çıxartdığım, uğrunda can qoyduğum zərərçəkmiş adamların həyata yenidən gəlmiş anlarını, minnətdarlıq baxışlarını heç unutmaram. O zaman dəyərli idik. Biz safıq, insanoğlu, bizdə hiylə olmaz. Döysən də, öldürsən də, bir tikə çörəyin xətrini bir ömür saxlarıq... Saxladıq... Xain çıxmadıq biz... 

Sənin o nəhəng məzarlığın var ha- o məzarlıqda uyuyan hər kəsin ölüm tarixi eynidir. Bax, indi bizim də belə məzarlığımız oldu- ölüm tariximiz eyni. Fəqət, bir fərqlə - siz Uca Allahın istəyi ilə həlak olmuş, biz isə sizin istəyinizlə qətlə yetirilmişik.  NƏDƏN?


Təsəlli arayırsan. Uşaqlarının küçədə rahat gəzəcəyini düşünürsən. Safsan sən də bizim kimi, insanoğlu. Balalarımın canlı-canlı başını, əllərini qoparıb zibilliyə atan kimdir, bilirsən? Bəs o iynələri vuran? 15 saniyə içərisində ciyərimizi partladan o zəhəri heç anlamadan, çapalayaraq acı içində can verəndə gözümüz kimə dikildi, bir bilsən! AMMA NƏDƏN??

Biz də sənin kimi safıq, insanoğlu! Sənə! İynələri vuran görəvli növbə ilə hamımıza tətbiq etdi, hələ işini davam edərkən ilk iynə vurulan, mənimlə eyni qəfəsi paylaşan küçə yoldaşım artıq canını tapşırırdı və  qatilimiz soyuqqanlı nəzərlərlə "əl işinə" baxır, sonra yenə davam edirdi.

Sonra hesabladın, gördün ki, yox, iynə baha çıxır. "Tərslikdən" baytar həkimlər birliyi də kəskin etiraz edir. Cəzanı vecə almır, depressiyaya düşür, öz canına qıyır; onun da çıxış yolunu tapdın sən: nə çoxdur ətrafda qatillər, onlara gördürdün. AXI NƏDƏN?!


Və sən hələ də uşaqlarının küçədə rahat gəzəcəyini düşünürsən. Sanki biz idik uşaqlara təcavüz edən. Uşaqlarını biz oğurlamadıq, biz narkomaniyaya, alkoqolizmə, qumara yönəltmədik. Sən onları cəzalandırmaq əvəzinə, bizi vəhşicəsinə öldürdün. Və sənin uşaqların bu cinayətlərdə birbaşa iştirakı olan praktikant serial qatillərlə eyni küçədə yaşayacaq. BUNU NİYƏ İSTƏDİN? Adam da öz uşağına pislik edərmi?

Biz burdayıq. Dərin xəndəklərin içi selofan torbalarla doludur. Orda biz varıq. Bir də yardıma yüyürən kədərli heyvansevərlər.  Allah bizə yazan ömrü sən bitirdin. Bizə ömür biçdin, insanoğlu. NƏDƏN?

Əgər büdcədən bizə ayrılmış vəsait mənimsənilmədən, olduğu kimi bizə çatsaydı, hər qayğımız həll olunardı. Yemək, barınaq, dərman, qısırlaşdırma... Amma sən doğal haqqımıza da əl qoydun, haqqımızı yedin və biz də çarəsizcə küçələrdə bir tikə çörək axtarmağa çıxdıq. Onda da hücum edir deyə şərləyib yığışdırdın bizi. NİYƏ? Ac-susuz qaldıq qəfəslərdə, bir-birimizin cəsədini yendoğulmuş balasını yeyirdik, təsəvvür edirsən??  Adımızı "hücum edən", "adamöldürən" qoydun. Səbəb? Axı bizim aramızda fərq var: biz ac qalanda hirsli oluruqsa, sən hər halınla hirslisən və tox olanda, hətta bizim çörəyimizi əlimizdən alanda da yenə aqressiv, acgözsən. Sürəkli istəyirsən, istəyirsən, milyonlarla pul sənə azlıq edir. Səni razı salmaq olmur, insanoğlu, hətta var-dövlətin başından aşanda indi də ən bahalı restoranlarda insan əti yeyirsən. Biz var-dövlət hərisi deyilik, sənin yaxşı və pis insan olmağının, maddi durumunun, ictimai nüfuzunun, borclarının, günahlarının - heç nəyin marağında deyilik və səni sən olduğun üçün, səmimiyyətlə, təmənnasız sevirik. Amma bu sevgi qarşılıqlı deyil. NƏDƏN?

Nədir bu kibr, insanoğlu, "Xeyirsiz ada" qətliamını unutdunmu? Biz Allahın dilsiz qulları idik, amma missiyamız vardı - sizi hər cür bəladan qorumaq. Allah bizi, səni sevdiyi üçün göndərmişdi. Bu dünya təkcə səndən ötrü qurulmamışdı, insanoğlu, görünən və görünməyən varlıqlarla eyni dünyanı bölüşürdük. 

Qiyamət günü sənə bircə sözüm olacaq. Səbəb soruşacağam, insanoğlu. Bir də soruşacağam: "problem aradan qalxdımı?". Biz cavabı bilirik, amma etirafı, peşmanlıq kəlmələrini sənin dilindən eşitmək istəyirik. Səninlə görüşəcəyik, insanoğlu. Hələ ki, orda- göz açıb yumunca gəlib keçən imtahan dünyasında bizə etdiklərinin bədəlini ödəməyə yönəl. Sən bu imtahandan kəsildin. 

Və mənə maraqlıdır, yenə fəlakətlər başına yağanda, dağıntılar altından əzizlərini çıxartmağa kömək üçün kimə yalvaracaqsan? O zaman biz olmayacağıq, çünki bizi, səni çıxartdığımız torpağa diri-diri gömdün. 

Görüşənədək!


Tarix: 11-08-2024, 22:24 Oxunub: 359


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?