16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Coğrafiya dərslikləri, yoxsa "səhvlər toplusu"?

      Ölkəmizdə coğrafiya dərslikləri, dərs vəsaitləri və coğrafiya ilə bağlı kitablar uşaqlara nəyi öyrədir: elmi, yoxsa "əfsanə və nağıllar"ı?


    Dostlar, Sizlərə məlumat verdiyim kimi "Dünyagörüşü atlası" adlı kitab yazmaqdayam. Kitabda "Azərbaycan coğrafiyası" və "Dünya coğrafiyası" adlı başlıqlar altında çoxsaylı maraqlı suallar və cavablar da yer alacaq. Bu baxımdan son bir ay ərzində mötəbər xarici qaynaqlarla yanaşı, öz coğrafiya dərsliklərimizi, dərs vəsaitlərimizi və bu sahədə olan kitabları da detallı şəkildə gözdən keçirdim. Kaş ki, onlara baxmaz olaydım! Bu kitabları vərəqlədikcə məni dəhşət bürüdü, açığı, qanım dondu! Təəssüf ki, məktəb kitablarımızda coğrafiya elmi can verir! Hər gün uşaqlarımızın çantasına qoyduğumuz coğrafiya kitabları təəssüf ki, elmi xətalarla doludur !!! Şagirdlərə təqdim olunan "faktlar"ın çoxu artıq tarixə qovuşub və ya kökündən yanlışdır!

      Sanki dünya dayanıb, fiziki coğrafiya və iqtisadi coğrafiya 1990-cı, ən yaxşı halda isə 2000-ci illərdə qalıb, bir çox coğrafi məlumatlar isə reallıqdan çox uzaqdadır.

     Dünya iqtisadi xəritəsi tamamilə dəyişib, biz isə yazıq şagirdlərə hələ də köhnə statistikanı doğru rəqəmlər kimi təqdim edirik.

    Fiziki coğrafiyaya aid informasiyalarla bağlı vəziyyət acınacaqlıdır. Terminologiya qarışıqlığı və yanlış təriflər baş alıb gedir. Fiziki coğrafiyada artıq elmi sübutunu itirmiş məlumatlar "mütləq həqiqət" kimi təqdim olunur. Məsələn, bəzi materiklərin ən uca zirvə adları dəyişsə də, kitablarda köhnə adlar qalmaqdadır. Tutaq ki, Şimali Amerikanın ən uca zirvəsi 2015-ci ildən "Denali" adlanır. Amma hələ də bizim məsum şagirdlərə bu zirvə Mak-Kinli olaraq tanıdılır. Qeyd edək ki, 1896-cı ildə siyasi səbəblərlə ABŞ-da bu zirvənin adı “Mount McKinley” kimi rəsmiləşdirilmişdi. 28 avqust 2015-ci ildə isə ABŞ Daxili İşlər Nazirliyinin rəsmi qərarı ilə zirvənin federal adı yenidən dəyişdirilərək Denali olub.

     Dünya okeanlarının ölçüsü və ümumlikdə okeanlar haqqında məlumatlar həqiqəti əks etdirməyən köhnədən qalma yanlışlıqlardır. Məsələn, hazırda dünyada 5 okean olsa da, coğrafiya kitablarında 4 okean olduğu qeyd olunur. Özü də ölçüləri yanlış olaraq aşağıdakı kimi təqdim edilir: Sakit okean – 180 mln km2; Atlantik okeanı – 93 mln km2; Hind okeanı – 75 mln km2; Şimal Buzlu okean - 13 mln km2

      Halbuki müasir coğrafiya və beynəlxalq elmi təşkilatların (xüsusən Beynəlxalq Hidroqrafiya Təşkilatı – “International Hydrographic Organization” – “IHO”) qəbul etdiyi təsnifata görə okeanların sayı 5-dir və onların sahələri aşağıdakı kimidir: Sakit okean – 165-168 mln km2; Atlantik okeanı – 106 mln km2; Hind okeanı – 70-71 mln km2; Cənub okeanı – 20-21 mln km2, Şimal Buzlu okean – 14 mln km2

     Cənub okeanı (Antarktida ətrafı) 2000-ci ildən etibarən “IHO” tərəfindən ayrı okean kimi tanınır.

      Bu məlumatları təqdim edərkən heçmi ağla gəlməyib ki, məsələn, "International Hydrograpic Organisation" kimi ixtisaslaşmış qurumların son rəsmi məlumatlarına nəzər salınsın???


       Planetlər barədə olan informasiyalar köhnədir və yeniliyi əks etdirmir. Məsələn, coğrafiya dərsliklərində halqaları olan planetlər kimi yalnız Yupiter və Saturnun adı çəkilir. Halbuki Uran və Neptunun da halqaları vardır. Düzdür, Saturn ən böyük və açıq-aydın görünən halqa sisteminə malikdir. Yupiter, Uran və Neptun yalnız zəif, qaranlıq və tozvari halqalara malikdir, bunlar əsasən kosmik aparatlarla aşkar olunub.


    Astronomik məlumatları şagirdlərə təqdim edənlər NASA-nın rəsmi internet səhifəsi kimi etibarlı mənbələrə görəsən, niyə nəzər salmayıb?


    Geoloji cədvələ daxil olan eralar və onların dövrləri haqda da ciddi təhrif olunmuş məlumatlar dərsliklərdə baş alıb gedir.


      Xəritələrdəki miqyas və koordinat xətalarından isə heç danışmaq istəmirəm.


     Kitablarda dünyada meşəlik əmsalı ən yüksək olan ölkələr sırasına Surinam (94.5%), Qayana (85%), Mozambik (85%), Qabon (81%) və Kamboca (72%) aid edilir. Halbuki düzgün ardıcıllıq və faiz göstəricisi belədir: Surinam (95%), Qayana (93.5%), Mozambik (40-50%), Qabon (91%). Kambocada meşəlik əmsalı hazırda təxminən ~44–45% həddindədir.


     İqtisadi coğrafiya məlumatlarına gəlincə, qeyd edək ki, istehsal rəqəmləri, ixrac-idxal strukturu və ölkələrin statusu reallıqla uzlaşmır. Məsələn, ən böyük uran ehtiyatları olan ölkələr, dünyada ət ixracatına, banan, üzüm və kartof istehsalına, elektrik enerjisinin istehsalına görə fərqlənən ölkələr hansılardır? kimi sualların cavabları yanlış verilir.

     KBir faktla fikrimə aydınlıq gətirim: Kitablarda banan istehsalına görə dünyada birinci yerdə olan ölkə hələ də Braziliya olaraq göstərilir. Halbuki son dövrün iqtisadi göstəriciləri onu deməyə əsas verir ki, Braziliya banan istehsalında ilk 5-6 ölkə sırasında yer alır və onun istehsalının böyük hissəsi daxili bazar üçün istifadə olunur.

     Banan istehsalına görə dünyada birinci yerdə qərarlaşan ölkə hazırda Hindistandır (il ərzində 30 milyon tondan çox banan istehsalı). 

     Yaxud da coğrafiya kitablarında üzüm və mandarin istehsalına görə dünyada birinci yeri tutan ölkələrin İtaliya (üzüm) Yaponiya (mandarin) olduğu göstərilir. Halbuki üzüm və mandarin istehsalı üzrə dünyada birinci yerdə duran ölkə Çindir.


     3 aprel 2001-ci il tarixli beynəlxalq saziş əsasında yaradmış Beynəlxalq Üzüm və Şərab Təşkilatının (International Organisation of Vine and Wine) 2024 üzrə rəsmi qlobal hesabatında açıq yazılır ki, Çin “fresh grapes” (süfrə üzümü + şərablıq üzüm + qurudulacaq üzüm) istehsalında birincidir: Çin bir ildə 17 milyon ton üzüm istehsal etdiyi halda, İtaliya (7.3 milyon ton) heç onun yarısı qədər də üzüm istehsal etmir. 


    Bu və bunun kimi məsələlər haqda dərsliklərdə verilən məlumatlar "eramızdan əvvəl"in, başqa sözlə, "Nuh tufanı"ndakı dövrün yanlış bilgilərdir.


     Bu məlumatları mötəbərliyi təsdiq olunmuş etibarlı mənbələrdən dəqiqləşdirdikcə dəli olmaq həddinə çatdım!!!


      Coğrafiya dərsliklərimizdə nəyə görə “National Geographic”, “Smithsonian Institution”, “World Atlas”, "World Factbook” kimi etibarlı mənbələrə istinadlar olunmur???


     Bu dərsliklərlə böyüyən şagirdlər beynəlxalq olimpiadada və ya xarici universitetlərdə hansı elmi rəqabətə tab gətirə bilər? Bu "biabırçılığa" nəyə görə son qoyulmur?


     Əziz dostlar,  mən deputat deyiləm, nə də hansısa aidiyyəti qurumun məsul şəxsi! Sadəcə bu ölkənin bir vətəndaşı və uşaqlarımızın gələcəyinə biganə qala bilməyən biriyəm, coğrafiya kitablarını vərəqləyəndə ürəyi ağrıyan biriyəm. O şagirdlərə yazığım gəlir...


    Tezliklə faktlarla və sübutlarla danışacağım video görüşlə huzurunuzda olacağam.


     Mən bir vətəndaş olaraq öhdəmə düşəni edirəm, bəs, siz övladınızın nə öyrəndiyinə baxmısınızmı? Siz coğrafiya dərsliklərində hansı konkret səhvlərə rast gəlmisiniz? Rəydə qeyd edin, onları da birlikdə müzakirə edərik.


Yunis Xəlilov, 

hüquqşünas 


Tarix: 19-12-2025, 14:24 Oxunub: 714


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031