Napoleondan soruşanda ki, savaşı udmaq üçün nə lazımdır, böyük imperator bu cavabı vermişdi - "Pul, pul və yenə də pul".
Məşhur ABŞ siyasətçisi Mark Xann seçkini udmaq üçün lazım olan nəslənələri belə sadalamışdı - "Seçki və siyasətdə uğur qazanmaq üçün 2 şey tələb edilir. Birincisi, pul. İkincisini xatırlamıram".
Tarix göstərdi ki, müharibədə və siyasətdə ən əsas amil puldur. Kimin daha çox vəsaiti varsa, onun qalib gəlmək şansı da yüksəkdir. Necə deyərlər, pulun var, söz sahibi sənsən. İllər, on illər, yüz illər keçdi, tarix dəyişdi, rəhbərlər dəyişdi, dünya neçə-neçə müharibə gördü, amma Napoleonun dövründən bu günə qədər bu qızıl qayda dəyişmədi.
İndi də böyük siyasətlə məşğul olmaq üçün böyük maliyyə vəsaiti tələb edilir. İrimiqyaslı seçkilər isə olduqca böyük pullar tələb edir. Qərb ölkələrində lümpenlərin siyasətə girişi demək olar ki, qadağan edilib. Müasir Qərbdə qanuni yol ilə pul qazana bilməyən şəxsin prezidentliyə namizəd olması faktiki olaraq imkansızdır. Seçici ilə görüşlər, reklam çarxları, təbliğat maşını, siyasi texnoloqların qonorarları böyük pullar hesabına başa gəlir. Siyasi texnoloq, imicmeykerlər olmadan heç bir siyasətçi uğur qazana bilməz.
Lümpenlərin seçki arzusu...
Dünya praktikasında lümpenlərin hakimiyyətə gəlişi ancaq çevriliş və yaxud hakimiyyətin parçalanması hesabına gerçəkləşib. Vertikal sui-qəsdi həyata keçirtmək üçün də maliyyə çevrələrinin ciddi dəstəyi lazımdır. Hətta proletariatın dahi rəhbəri Lenin də Çarın düşmənlərinin və Qərbin maliyyə yardımı ilə inqilab edib.
Kimin pul kisəsi daha qalındır?
Dünyanın ən demokratik ölkəsi adlandırılan Birləşmiş Ştatlarda seçki təşviqatı siyasi mübarizədən daha çox pul kisələrinin mübarizəsidir. ABŞ vətəndaşı Konqres və ya Ağ Evə seçilmək üçün miliyonlar xərcləməlidir. Əks təqdirdə, onun seçki təbliğatı sönük olacaq. Əgər namizədin pulu azdırsa, biznes dairələrindən yardım almalıdır, əks təqdirdə, heç kəs onun namizədliyini ciddiyə almayacaq. Biznes dairələri isə pulu ancaq siyasi divident əldə etmək üçün verirlər. Siyasət biznes adamlarının danışan dilindən başqa bir nəsnə deyil.
ABŞ-da 1971-ci ildə seçki kampaniyaları haqqında Federal Akt qəbul edilib. Bu ölkədə könüllü "donorlar" siyasi partiyalara seçki zamanı pul buraxır. Bununla bağlı bir neçə faktı sadalamaq kifayət edər ki, ABŞ-da seçkidə pulun və könüllü dəstəyin nə qədər vacib olduğunu göstərsin. Belə ki, 1996-cı ildə Senata keçirilən seçki kampaniyasında bu pullar xərclərin 2/3-ni, Nümayəndələr Palatasına seçkilərdə isə yarısını təşkil edib.
Yuxarıda adı çəkilən qərar aktiv seçki ianələrini isə ciddi şəkildə məhdudlaşdırıb. Məsələn, hər bir vətəndaş il ərzində dəstəklədiyi namizədin xeyrinə yalnız 1000 dollar keçirə bilər. Mənsub olduğu siyasi partiyanın Mərkəzi Komitəsinə isə il ərzində 20 min dollar vermək icazəsi var. Əgər, digər bir namizəd xoşuna gəlirsə, vətəndaş onun fonduna yalnız 5 min dollar keçirə bilər.
Qeyd edək ki, xarici ölkə vətəndaşlarının ABŞ-ın siyasi partiyalarını maliyyələşdirməsi qadağandır. ABŞ-ın iki partiyası - Demokratlar və Respublikaçılar seçki ianələrdən yaxşı bəhrələnirlər.
9 milyon dollara malik olan ABŞ prezidenti Co Bayden ABŞ-ın vitse-prezidenti vəzifəsinə təyin olunmazdan əvvəl Delaver ştatını təmsil edib (1973-cü ildən 2009-cu ilə qədər). 2017-ci ildə Pensilvaniya Universitetində beynəlxalq diplomatiyanı tədris etməyə başlayıb.
Sabiq prezident Donald Trampın 3,1 milyard dolları var. Donald Trampın əsas fəaliyyət sahəsi televiziya olub. 8 noyabr 2016-cı il prezident seçkilərində Donald Tramp 306 səs toplayaraq Demokratlar Partiyasının nümayəndəsi olan Hillari Klintonu məğlub edib. O, prezident postunu tutmazdan əvvəl heç bir dövlət və ya hərbi vəzifədə olmayıb. "Forbes” jurnalının qiymətləndirməsinə görə, Donald Tramp prezident vəzifəsini tutmuş ən zəngin insanlardan biridir.
Tramp: "Yoxsullara etibar etmirəm"
Trampın vəzifələrə təyin etdiyi şəxslər də zəngin iş adamları olub. Tramp deyib ki, o, ABŞ iqtisadiyyatını yoxsul adamlara etibar edə bilməz və ona görə də öz hökumətinin kabinetində yalnız dövlətliləri görür:
"Mən bütün adamları sevirəm, varlı, ya kasıb, amma mən məsuliyyətli vəzifələrdə yoxsul adam istəmirəm. Başa düşürsünüz? Əgər üz vurursunuzsa, kasıba da vəzifə verim, amma mən düşünmürəm ki, bu, çox ağıllı bir iş olardı…"
1500 manatlıq təbliğatın effekti
Azərbaycanda isə prezidentliyə namizədlərin MSK-ya təqdim etdikləri gəlirləri barədə hesabatlar maraqlı mənzərə yaradır. Cəmi 1500-2000 manat gəliri olan şəxslərin seçki marafonuna qoşulması sıravi seçicidə çoxsaylı suallar doğurur.
Hesabında ən çox vəsait olan namizəd indiki prezident İlham Əliyevdir. Onun vəsaiti 250 000 manat göstərilir. Digər namizəd Zahid Orucun vəsaiti 19 min manat göstərilib. Razi Nurullayev 3000, Qüdrət Həsənquliyev 10 000, Fazil Mustafa 10 000, Elşad Musayev 1500, Fuad Əliyev isə 2000 manatla seçkiyə qatılıblar. Prezidentliyə namizədliyi irəli sürülən şəxslər özləri, daşınmaz əmlak və son biri ildə qazandıqları gəlirlər barədə məlumatlar verməyiblər.
Azərbaycanda ortabab bir şou müğənnisi klip çəkdirmək üçün 30-50 min manat xərcləyir. Prezident olmaq və oliqarxiyaya qarşı savaş açmaq niyyətində olan şəxsin 1000-2000 manatla duruş gətirəcəyini iddia etmək gülünc deyilmi?
Bunu sadaladıqdan sonra düşünülə bilər ki, ABŞ və Azərbaycan reallığı başqadır, əgər bu qarşılaşdırmadırsa, yalnış qarşılaşdırmadır. Amma işin məğzi ondan ibarətdir ki, Azərbaycan hazırda regionun həm siyasi, həm də iqtisadi baxımdan ən güclü dövlətlərindən biridir. Ona görə də ölkədə ən kiçik məmurun qazancını təxmin etmək elə də çətin ola bilməz. Orta bir rayonun icra başçısının gündəlik xərci prezidentliyə namizədlərin çoxunun illik xərcindən dəfələrlə çoxdur. Onların dəstəyi isə bu imtiyazları yaradana olacaq. Hakim elita, biznes dairələri "yeni əmlak bölgüsü" ehtimalından ehtiyat edirlər. Parçalanmadan söhbət belə getmir.
Söz yox ki, illərdi Milli Məclisdə külüng döyən prezidentliyə namizəd olan bəzi deputatların əmlakı və vəsaiti MSK-nın saytında göstəriləndən dəfələrlə çoxdur. Bəs, bu real rəqəmlər niyə gizlədilib və mənbəyi haradır? Bu isə ayrıca araşdırma mövzusudur....
Azər Rəşidoğlu
Bölməyə aid digər xəbərlər