İanə mədəniyyəti və ya bu işin fəlsəfəsi
İnsanlıq özünüdərk edib icmalaşandan bəri müxtəlif üsullarla, müxtəlif məqsədlər üçün ianə toplanmağa başlayıb, hətta ən primitiv irarxiq cəmiyyətlərdə belə ianələr mövcud olub. Səmavi dinlər yaranandan sonra ianə əsasən dini şəbəkələr vasitəsi ilə toplanıb və paylanırdı. Çünki insanların ianə verməsi üçün əsas amil inamdır: Ya öz günahlarının bağışlanmasına, ya da dini institutlar vasitəsi ilə ödədiyi maddi resursların doğrudan da ehtiyacı olanlara çatmasına inanıb ianə edirdilər.
Dövlətlər yaranıb institutlaşandan sonra vergi və ianələr bir-birindən ayrıldı, vergini dövlətlər, ianəni isə vətəndaş cəmiyyəti toplamağa başladı (əslində fəlsəfi olaraq dini institutlar da vətəndaş cəmiyyəti formatıdır). Vergi dövlətin xərclərini ödəyirdi, ianələr isə ehtiyacı olanlara yönəlirdi (ən azından, təməl fəlsəfəsi belə idi).
Qərbdə ianə mədəniyyəti ona görə ciddi inkişaf edib yayıldı ki, ilk onlar dini dövlətdən ayırdılar, sonra dini institutlara da güvən zəifləməyə başladı, əvəzində vətəndaş təşəbbüskarlığı artdı. Yəni, dini institutlarda şəffaflıq olmadığı üçün vətəndaş ödədiyi ianənin harada, necə, kimə xərcləndiyini görə, izləyə bilmirdi. Əvvəl qeyd etdiyim kimi, ianə mədəniyyətinin təməli məhz şəffaflıq olmalıdı, yoxdursa, insanlar başqa formatlar axtarmağa başladılar. Bu gün Qərbdə ianə vətəndaş cəmiyyətinin əsas resurs mənbəyidir, müxtəlif maraq qrupları öz ideyalarını həyata keçirmək, ya da öz dəyərlərini yaşatmaq üçün ianələr toplayıb fəaliyyət göstərirlər, məhz buna görə də Qərbdə Vətəndaş Cəmiyyətininrolu və funksiyası başqadır, ona görə də onlar anlaya bilmirlər ki, nədən avtoritar sistemlər vətəndaş cəmiyyətinə qısqanclıqla yanaşırlar, hətta cücərilərini belə nəzarətdə saxlamağa çalışırlar.
Gələk bizim məmləkətə. Bizdə sivil toplum institutlaşmadı, buna hakimiyyətin basqıları ilə yanaşı bu institutun təməl hədəflərinin doğru seçməməsi də mane oldu. Vətəndaş cəmiyyəti sözün pis mənasında “siyasiləşdi”. Bir daha, bunun ən böyük günahı, təbii ki, hakimiyyətdə, oyun qaydalarında, avtoritar yanaşmada idi, amma vətəndaş cəmiyyəti də təməldən səhv quruldu, könül işi olmaqdan çıxdı, sadəcə, iş yerinə çevrildi.
Azərbaycanda hər şey baş-ayaq olduğuna, normal sistem qurulmadığına görə ianə ilə vergi də bir-birinə qarışıb. Dövlət həm vergi, həm də ianə toplayan quruma çevrilib ki, bu da ianə mədəniyyətinin təməl fəlsəfəsinə ziddir. Bizdə yaradılan müxtəlif fondlar dövlətin normal vergi sistemi qura bilmədiyinə, vətəndaşlarda da vergi ödəyicisi mədəniyyətinin formalaşmadığına görə (bu barədə çox yazmışam, daha geniş izaha, məncə ehtiyac yoxdur, çünki bəsit formul var, vergi seçkiyə bağlıdır, seçki yoxdursa, vergi mədəniyyəti formalaşmır), ianələr verginin bir formasına çevrilib.
Ölkəmizdə ilin əvvəlində “Koronavirusla mübarizəyə dəstək fondu” yaradıldı. Bu günə qədər Fonda 3 390 hüquqi, 12 392 fiziki şəxs 114 milyon 214 min 584 manat pul köçürüblər. Köçürmələrlə bağlı məlumatlar şəffafdır, tapmaq mümkündür, amma xərclərlə bağlı heç bir informasiya yoxdur. Demək ki, hələ o pullar xərclənməyib, xub, lap yaxşı, bəs nəyi gözləyirlər?! Nə vaxt və hansı istiqamətə xərcləyəcəklər?! Bundan da ağır günlərmi olacaq?! Son vaxtlar onlarla məlumat var ki, test nəticəsi pozitiv çıxan insanlar evdə oturmur, bayıra çıxırlar, kimsə yaxalansa, ya cərimə olunur, ya da cinayət işi açırlar, mən gəzmək-tozmaq üçün virusa bulaşmış insanların evdən çıxdığı halda məsuliyyətə cəlb olunmasını doğru sayıram, amma bir öyrənən varmı ki, o bədbəxt insan evdən niyə çıxır?! Bəlkə yeməyə çörəyi, mağazaya getməyə adamı yoxdur?! Bəlkə elə test nəticəsi pozitiv çıxan, amma xəstəliyi yüngül keçirən insanlara Fond könüllülər vasitəsi ilə ərzaq yardımı etsin, dərmanlarını alıb versin ki, onlar da evdə otursunlar?! Pulu, dolanışığı olmayan, evdə ac uşağı, ya ata-anası olan insan nə etsin?! Yazıq çıxır ki, 5 manat pul qazansın, bir iş tapsın, nəsə etsin, taksi sürsün ki, evinə çörək alsın, çıxır, virusu daha çox yayır, təsbit olunanda cəza alır, amma cəza məsələni həll etmir axı. Dövlət əlində tək qamçı ilə gəzməməlidir, o biri əlində kökə də tutmalıdır. Nə qədər ki, bizdə ianə mədəniyyətinin təməl fəlsəfəsi bərqərar olmayıb, nə qədər ki, vergi ianəyə qarışıb, nə qədər ki, dövlət hər işdə öndə olmağa çalışır, o zaman buyursun məsələlərə kompleks baxmağı da öyrənsin. Ya da normal sistem qurmağa başlayaq, Vətəndaş Cəmiyyəti institutu görməli olan işlərlə məşğul olsun, dövlət də öz işini görsün, normal sistemlə yaşayan ölkələrdə vətəndaş cəmiyyəti hökumətlərin ən yaxşı köməkçisi, pulsuz konsultantı olur, artıq belə təməllər üzərində qurulmuş münasibətlərə keçməyimiz vacib şərtdir.
Bizdə o qədər absurd yanaşmalar var ki, vətəndaş cəmiyyəti üzvləri hökumətlə görüşəndə, onalarla danışanda, bəzi məsələləri həll etməyə çalışanda digərləri, bəzi siyasilər və vətəndaş cəmiyyətinin bəzi üzvləri az qala onları “satqın” çıxartsın, bu yanaşmanı sındırmaq lazımdır. Sivil toplum inqilab etmək üçün deyil, vətəndaşı dövlətdən qorumaq, həm də ona dəstək, kömək olmaq, vətəndaşın problemlərini həll etmək üçündür, deməli qərarverənlərlə görüşmək, danışmaq ən doğal vəziyyət olmalıdır, bunu həm hökumət, həm də “sektor” anlasa, daha yaxşı olar.
Natiq Cəfərli
Bölməyə aid digər xəbərlər