Qədim Türk xalqlarının milli adət-ənənələrindən biri olan Novruz yazın gəlişinin bayram edilməsidir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə Zəfərlə başa çatan Vətən müharibəsindəki tarixi Qələbədən sonra Azərbaycan xalqı Novruz bayramını artıq 4 ildir ki, fərəh hissi, sevinclə qeyd edir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən doğma Qarabağımızda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qazandığımız şanlı Zəfərdən sonra builki Novruz bayramı daha fərqli və bənzərsiz oldu. 15 oktyabr 2023-cü il tarixdə doğma Xankəndi şəhərinin mərkəzi meydanında, Xocalıda Azərbaycan Bayrağının dalğalandırılması da Azərbaycan xalqının şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı.
Cari ilin 18 mart tarixi isə Möhtərəm Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməsi və bayram tonqalını alovlandırması ilə tarixləşdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirdi ki, dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır.
Ölkə başçısı qeyd etdi ki, altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir.
Ölkə rəhbərinin söylədiyi kimi, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılır, biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.
Dövlət başçısı onu da vurğuladı ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi.
Ölkə rəhbəri qeyd etdi ki, işğal dövründə dəfələrlə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur.
Ölkə başçısının səsləndirdiyi kimi, Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik. Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.
Dövlət başçısı bildirdi ki, Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.
Ordu quruculuğundan söz açan ölkə rəhbəri qeyd etdi ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.
Bəli, bu gün dünyadakı bütün azərbaycanlılar İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayır və fəxr edirlər ki, Azərbaycan tarixi ədaləti özü bərpa etdi, torpaqlarımızı işğalçılardan özü azad etdi, öz gücünü, qüdrətini göstərdi. Odur ki, bu Novruz bayramı müstəqil, suveren, ərazi bütövlüyü təmin edilmiş Azərbaycanımızın bütün ərazisində böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd olunur. Bəli, tarixin ağır sınaqlarından çıxmış Qalib Xalqımıza xoş günlər, bayramlar, qələbələr, zəfərlər yaraşır.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər