Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 43 kiloqram 100 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvar ayının 5-də saat 09:53-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucusu ərazinin sıx qamışlıq olmasından istifadə edərək geri, İran ərazisinə qaçıblar.
Xidməti ərazidə pilotsuz kəşfiyyat uçuş aparatı vasitəsi ilə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada 21 kiloqram 600 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Həmin gün saat 20:20-də Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçmiş sərhəd pozucuları sərhəd naryadı tərəfindən verilən “Dayan” komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib. Sərhəd naryadı təlimata uyğun hərəkət edərək sərhəd pozucularını yaxalamaq məqsədilə silah tətbiq edib və bir sərhəd pozucusunu ayağından yaralayıb. Saxlanılan şəxsin üzərindən 1 ədəd xəncər aşkar edilib. Yaralanmış şəxsə sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində qamışlıqda gizlənmiş digər sərhəd pozucusu saxlanılıb, baxış zamanı bir ədəd bağlamada 6 kiloqram 400 qram narkotik vasitə olan marixuana və bir ədəd bıçaq aşkar olunaraq götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin İranın Parsabad şəhər sakinləri 1989-cu il təvəllüdlü Şeyxniya Əli Cəmşid oğlu və Əlipur Poya Qəşəm oğlu olduqları müəyyən edilib.
Yanvar ayının 6-da saat 00:15-də Beyləqan rayonunun İmamverdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş tədbirlər nəticəsində Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Həsənova Solmaz Saləddin qızı saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 15 kiloqram 100 qram narkotik vasitə (14 kq 500 qram marixuana, 600 qram tiryək, 1300 ml maye halında “metadon M-40”, 1560 ədəd psixotrop tərkibli həblər və 10 ədəd “sinarolac” göz damcısı)aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Bölməyə aid digər xəbərlər