11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
" Möhkəm təmələ əsaslanan münasibət" - Anar Nəbiyev

    Azərbaycan və Gürcüstan dövlətləri, xalqları arasında dostluq əlaqələri dərin tarixi köklərə malikdir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə dost ölkəyə işgüzar səfəri bir daha keçilən yolun təqdimatında və perspektivlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bir neçə aydan sonra Azərbaycana gələcəyini bildirərək qarşılıqlı səfərlərin davamlı xarakter almasını böyük məmnunluq hissi ilə vurğuladı.
    Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Yeni istiqamətlər müəyyənləşdirilir və uğurlu inkişafı üçün yol xəritəsi təqdim olunur. Dövlət başçısı İlham Əliyev enerji, nəqliyyat sahəsində çox böyük planlarımız olduğunu önə çəkərək bildirdi ki, həyata keçirilmiş layihələr haqqında danışmaq əbəsdir, bunu hər kəs bilir. Reallıq budur ki, iki dost ölkənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir: “Həmçinin gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Biz böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik. Bu gün biz Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da, əlbəttə, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.”
    Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün Azərbaycan və Gürcüstanı  birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. İki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, ondan sonra konkret işlərə start veriləcək. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm Azərbaycan və Gürcüstanın, həm də  tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.
   Bir sözlə, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə icra etdiyi layihələr  təkcə Cənubi Qafqaz regionu deyil,  Avrasiya üçün böyük məna daşıyır. İki qardaş ölkənin  güclü siyasi iradəsi var. Eyni zamanda, yaradılmış güclü infrastruktur hədəflərə doğru inamla addımlamağa əsas verir. Ən əsası atılan addımların uğurlu olmasında  Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı mühüm rol oynayır.
   Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında Heydər Əliyev-Eduard Şevardnadze dostluğunun çox böyük rol oynadığını önə çəkərək bildirdi ki, onların fəaliyyətləri sayəsində müstəqil Azərbaycan, müstəqil Gürcüstan inkişaf etməyə başlamışdı. Bu gün davamçıları onların yolu ilə gedir. Təbii ki, hazırda Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir. Çağırışlarımız da, problemlərimiz də eynidir. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb: “Baş nazir qeyd etdiyi kimi, biz hər zaman bir-birimizin ərazi bütövlüyümüzü, suverenliyimizi dəstəkləmişik və dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.”
    Göründüyü kimi, möhkəm təmələ əsaslanan bu dostluq, qardaşlıq yüksələn xətlə inkişaf edir. Günümüzün əsas çağırışı regionda dayanıqlı sülhün yaradılması üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Qardaş Gürcüstan bu məsələdə vasitəçilik etməyə hazır olduğunu bildirir. Bu istək həm münasibətlərimizin, həm də hər iki ölkənin sulhün, sabitliyin, əməkdaşlığın tərəfdarı olduqlarının təqdimatıdır.

 
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 11-10-2023, 17:25 Oxunub: 166


Bölməyə aid digər xəbərlər